Kreml Trampın ultimatumuna reaksiya verib

post-img

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli çərçivəsində Rusiyaya verdiyi ultimatum müddətini qısaltmaqla bağlı qərarını “nəzərə alır”.

“Biz prezident Trampın dünənki bəyanatını nəzərə almışıq. Xüsusi hərbi əməliyyat davam edir və biz Ukrayna ətrafında münaqişənin həlli və bu nizamlanma prosesində maraqlarımızı təmin etmək üçün sülh prosesinə sadiq qalırıq”, - Peskov bildirib.

O, Trampın daha Vladimir Putinlə danışmaqda maraqlı olmaması ilə bağlı açıqlamasına da münasibət bildirib: “Mən hər hansı qiymətləndirmədən qaçmaq istərdim, bir daha qeyd edirəm ki, biz nəzərə alırıq”. Eyni zamanda, Peskov qeyd edib ki, Putinlə Tramp arasında mümkün görüş məsələsi “gündəmdə olmayıb və gündəmdə deyil”.

Tramp iyulun 28-də Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş üçün son tarixin 50 gündən 10-12 günə endirildiyini açıqlayıb. İki həftə əvvəl Ağ Ev rəhbəri 50 gün ərzində atəşkəs sazişi bağlanmasa, Moskva və onun ticarət tərəfdaşlarına “təxminən 100%” həcmində tariflər tətbiq edəcəyi ilə hədələmişdi. 

Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, Trampın Rusiya üçün müddəti qısaltmaq qərarı münaqişənin sona çatmasına kömək edəcək. O, atəşi dayandırmaq istəyinə görə Amerika prezidentinə təşəkkür edib və əmin edib ki, Kiyev sülhə sadiqdir və Vaşinqtonla əməkdaşlığı davam etdirəcək.

RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib: “Rusiya nə İsrail, nə də İran deyil ki, ona ultimatumlar verilsin”. O, hesab edir ki, hər bir belə tələb “müharibəyə doğru bir addımdır”.

P.ƏMİRCANOV
XQ

Dünya