Kaşqari Fondunun dostluq körpüsü

post-img

Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə “Azərbaycan–Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib.

Görüşü tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq Azərbaycanla Özbəkistan arasında qədim tarixə və böyük ənənələrə malik olan elmi-mədəni əlaqələrdən danışıb. O bildirib ki, əlaqələrin daha da inkişaf etdirilməsi və hər iki ölkənin elmi qurumları arasında müştərək tədqiqatların aparılmasını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə Mahmud Kaşqari adına Beynəlxalq Fondun gördüyü işlər təqdirəlayiqdir.

Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında vurğulayıb ki, hazırda bütün türk dövlətlərinin xarici siyasətində aparıcı istiqamətə çevrilməkdə olan türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır. “Bu elmi müzakirənin proqramından və nəşr etdiyimiz elmi araşdırmalar toplusuna təqdim edilmiş məqalələrin siyahısından da bəlli olur ki, bütün türk ölkələrinin elmi-ədəbi dairələrində ümumtürk birliyi ideyasına xüsusi məhəbbətlə yanaşılır. İnanırıq ki, təməlində elmin, ədəbiyyatın, mədəniyyətin dayandığı bu əlaqələr türk dövlətləri arasında birlik və bərabərliyin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirib ki, türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərimiz arasındakı münasibətlərdə daim öz müsbət təsirini göstərir. Özbəkistanda olduğu kimi, qardaş və dost Azərbaycanın eyni kökə, ortaq milli-mənəvi dəyərlərə bağlı olduğu digər Türk dövlətləri ilə çox uğurlu mədəni-elmi-ədəbi əməkdaşlıq əlaqələri var və bu əlaqələr hər gün daha da genişlənir.

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Majid, Nizami Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetinin professoru Dilarom Adilova, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professoru Gulbahor Ashurova, yazıçı-dramaturq Qoşqar Narkabil çıxışlarında qarşılıqlı elmi mübadilələri reallaşdıran Kaşqari Fondunun rəhbərliyinə ehtiramlarını bildirib, ev sahibliyinə, doğma və səmimi münasibətə, göstərilən diqqətə görə təşəkkür ediblər.

XQ

Mədəniyyət