Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə “Azərbaycan – Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib
Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq Azərbaycan ilə Özbəkistan arasında elmi-mədəni əlaqələrin qədim tarixə və böyük ənənələrə malik olduğunu bildirib. L.Məmmədova bu əlaqələrin daha da inkişaf etdirilməsi və hər iki ölkənin elmi qurumları arasında müştərək tədqiqatların aparılmasını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən, bu istiqamətdə Mahmud Kaşqari adına Beynəlxalq Fondun gördüyü işlərdən söz açıb.
Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında vurğulayıb ki, bu gün bütün türk dövlətlərinin xarici siyasətində aparıcı istiqamətə çevrilməkdə olan türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır. Bugünkü elmi müzakirənin proqramından və nəşr etdiyimiz elmi araşdırmalar toplusuna təqdim edilmiş məqalələrin siyahısından da bəlli olur ki, bütün türk ölkələrinin elmi-ədəbi dairələrində ümumtürk birliyi ideyasına xüsusi məhəbbətlə yanaşılır və çoxsaylı alimlərimizin hər biri öz töhfəsini verməyə çalışır. İnanırıq ki, təməlində elmin, ədəbiyyatın, mədəniyyətin dayandığı bu əlaqələr Türk dövlətləri arasında birlik və bərabərliyin daha da möhkəmlənməsinə xidmət edəcək.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirib ki, türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərimiz arasındakı münasibətlərdə daim öz müsbət təsirini göstərir. O qeyd edib ki, Özbəkistanda olduğu kimi, qardaş və dost Azərbaycanın eyni kökə, ortaq milli-mənəvi dəyərlərə bağlı olduğu digər Türk dövlətləri ilə çox uğurlu mədəni-elmi-ədəbi əməkdaşlıq əlaqələri var və bu əlaqələr hər gün daha da genişlənir.
Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Majid, Nizami Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetinin professoru Dilarom Adilova, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professoru Gulbahor Ashurova, yazıçı-dramaturq Qoşqar Narkabil çıxışlarında qarşılıqlı elmi mübadilələri reallaşdıran Kaşqari Fondunun rəhbərliyinə dərin ehtiramlarını bildirib, ev sahibliyinə, doğma və səmimi münasibətə, göstərilən diqqətə görə təşəkkür ediblər.