Suriyanın Seçki Komissiyasının rəhbəri dövlət mediasına bildirib ki, bu ölkədə Bəşər Əsədin devrilməsindən sonra ilk parlament seçkiləri olacaq. Onun sözlərinə görə, səsvermə sentyabrın 15-dən 20-nə qədər keçiriləcək.
AZƏRTAC SANA agentliyinə istinadla xəbər verir ki, Xalq Məclisi Seçkiləri üzrə Ali Komitənin sədri Məhəmməd Taha əl-Əhməd bu məlumatı təsdiqləyib. Seçkilər keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın rəhbərliyi altında keçiriləcək.
Yeni məclisdəki 210 yerin üçdəbiri birbaşa əl-Şaraa tərəfindən təyin ediləcək, qalan üçdə ikisi isə əyalət səviyyəsində seçkilər vasitəsilə müəyyən olunacaq.
Komitə üzvü Hassan Al-Dağim “Erem News” saytına müsahibəsində bildirib ki, seçilmiş yerlər üçün səsverməyə nəzarət etmək məqsədilə hər bir əyalətdə seçki kollegiyaları yaradılacaq.
Mart ayında Əl-Şaraa tərəfindən imzalanan müvəqqəti Konstitusiyaya əsasən ölkənin daimi Əsas Qanunu qüvvəyə minənə və tam milli seçkilər keçirilənə qədər keçid parlamenti kimi fəaliyyət göstərəcək Xalq Komitəsi yaradılıb və bu prosesin bir neçə il çəkəcəyi gözlənilir.