Laçın rayonunda ətraf mühitin mühafizəsi, ictimai asayişin qorunması və əhalinin ekoloji maarifləndirilməsi məqsədilə profilaktik tədbir keçirilib.
“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin təşəbbüsü ilə təşkil olunan tədbirə Daxili İşlər Nazirliyi Laçın Rayon Polis Şöbəsi, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və “Təmiz Şəhər” ASC cəlb olunub.
Tədbir çərçivəsində Laçın şəhərinin ictimai əhəmiyyətli ərazilərində, xüsusilə Həkəri Bulvarı ətrafında monitorinq aparılıb. Monitorinq zamanı sakinlərə, turistlərə və şəhərə təşrif buyuran digər qonaqlara ərazinin təmiz saxlanılmasının vacibliyi barədə məlumat verilib. Ətraf mühitin çirkləndirilməsi hallarının qarşısının alınması məqsədilə tullantıların xüsusi ayrılmış zibil qablarına atılmasının vacibliyi bir daha vurğulanıb.
Eyni zamanda, bölgədə tez alışan quru otlaq və meşə sahələrinin mövcudluğu nəzərə alınaraq, açıq alovdan istifadə, xüsusilə ocaq qalamaqla bağlı vətəndaşlara xəbərdarlıq olunub. Yanğın təhlükəsinin qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparılıb, təhlükəsizlik qaydaları izah edilib.
ANAMA nümayəndələri də monitorinqə qatılaraq, meşə və dağlıq ərazilərdə ehtiyatsızlıqdan baş verən yanğınlar zamanı minaların və partlamamış hərbi sursatların (PHS) partlama riski barədə əhaliyə ətraflı məlumat veriblər. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik baxımından xüsusilə diqqətli davranmağın vacibliyi və potensial təhlükəli zonalardan uzaq durmağın əhəmiyyəti bir daha vətəndaşların diqqətinə çatdırılıb.
Tədbir zamanı həm də şəhər ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin, xüsusilə restoranların sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, tullantıların düzgün idarə olunması və ətraf mühitə məsuliyyətli münasibətlə bağlı müvafiq tövsiyələr verilib.
Tədbirin əsas məqsədi Laçın şəhərində və ətraf ərazilərdə ekoloji tarazlığın qorunması, təbiətə məsuliyyətli yanaşmanın təbliği və ictimai nəzarətin gücləndirilməsidir. Bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
P.ƏMİRCANOV
XQ