ƏMAS-da e-qaydada artıq 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

post-img

Əmək müqavilələrinin e-sənəd formasında bağlanması prosesi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platformasında elektron qaydada artıq 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb.

Beləliklə, əmək müqavilələrinin artıq 94 faizi elektronlaşdırılıb. Əmək müqavilələrinin e-sənəd formasında bağlanması ilə yanaşı, əmək müqaviləsinin dəyişdirilməsi, yaxud ona xitam verilməsi də e-qaydada icra edilir.

İmzalanma prosesi işçi və işəgötürənlərin e-imzaları (“SİMA İmza”, “ASAN İmza” və Elektron imza (SİMA Token) vasitəsilə həyata keçirilir.

Cari ilin mart ayından “e-Sosial” portalının mobil tətbiqində də əmək müqavilələrinin e-qaydada imzalanmasına imkan verən funksiya işə salınıb. Bu da əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə, müqavilələrin e-qaydada  imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edib.

Belə ki, işəgötürənin təsdiq üçün təqdim etdiyi əmək müqaviləsi vətəndaşın “e-Sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur. Nəticədə vətəndaşlar bu müqavilələri e-qaydada (“SİMA” rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) rahat şəkildə imzalaya bilirlər.

Bu sahədə işçi və işəgötürənlərdə hər hansı sual yaranarsa, “142” Çağrı mərkəzinə  müraciət edə bilərlər.

Sosial həyat