Şuşa açıq səma altında canlı bir muzeydir

post-img

Bu şəhərin turizm potensialı yenidən cana gəlir

Azərbaycanın cənnət guşəsi olan Şuşa erməni işğalına qədər qaynar turizm mərkəzi olub. Onun mülayim sərin iqlimi öz müalicəvi xüsusiyyətlərinə görə dünyaca məşhur olan Davos və Kislovodsk kimi kurort zonalarının havası ilə oxşardır. Burada sanatoriyalar, pansionatlar və turist bazaları var idi. Hər il keç­miş SSRİ-nin müxtəlif regionlarından buraya minlərlə xəstə müalicə üçün gəlir və şəfa tapırdı. 

Şuşa həm də Azərbaycanın tarixi-mə­dəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biridir. Şəhərin ərazisi qədim abidələrlə zəngindir. Prezident İlham Əliyev çıxışlarından birində bildi­rib ki, Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incisidir. Vaxtilə, “Bazarbaşı” deyilən yerdən “Şeytanbazara” qədər üs­tüörtülü ticarət mərkəzi uzanırdı. Şəhərin əsas küçəsi isə “Rastabazar” adlanırdı və meydanı ilə məşhur idi. Ərazidə ticarət tə­yinatlı tikililərdən, birmərtəbəli dükanlar­dan, ikimərtəbəli karvansaradan başqa, qoşa minarəli Cümə məscidi də ona ya­raşıq verirdi.

Azərbaycan Dövlət İqtisad Univer­siteti (UNEC) “Dizayn” kafedrasının dosenti Yeganə Ağamalıyeva bildirib ki, sovet dövründə müasir Şuşa şəhəri üç hissədən: yeni yaşayış, sanatoriya–kurort və tarixi–qoruq zonalarından ibarət idi: “Şəhərin zəngin memarlıq irsi abidələrinin böyük əksəriyyəti XX əsrin sonlarınadək qorunub saxlanılmışdı. Lakin 1992-ci ildə ermənilərin işğalçılıq siyasətin nəticəsin­də tarixi abidələrimiz, məscidlərimiz da­ğıdılıb, təhqir edilib. İşğala qədər Şuşada nə az– nə çox 300-dək mədəniyyət və tarixi abidə olub. Memarlıq – şəhərsalma mühitinə edilmiş sərt müdaxilələr, dağın­tılar əsrlər boyu formalaşmış məkan qu­ruluşunun düşünülmüş şəkildə dəyişmə­sinə xidmət edib”. 

...Şuşa işğaldan azad olunduqdan sonra şəhərin tarixi–mədəni və strateji əhəmiyyətə malik ərazilərinin, abidələri­nin bərpasına başlanıldı və onların öz si­maları qaytarıldı. Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya Zəfər yolu ilə səfər edərək, bu tarixi missiyanın uğurlu təməlini qoydu. Həmin səfər za­manı dövlət başçısı illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbü­lün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhlarını şad etdi. Dahi şəxsiyyətlərimizin büstləri­nin Şuşaya, öz əzəli torpaqlarına qayta­rılması qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi. Sonra Vaqifin məqbərə­sinin bərpa işlərinə başlanıldı. 

Biz Şuşada bərpa olunmuş məq­bərəni ziyarət etdik. Onun inşasında xalq memarlığının yerli ənənələrinə, monu­mental-dekorativ və tətbiqi plastika va­sitələrinə yer verilib. Türbənin daxilində Molla Pənah Vaqifin büstü qoyulub. Abi­dənin hər detalında tarixi görkəm qoru­nub saxlanılıb. 

Şəhərin mərkəzində Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş abidələr­dən biri Saatlı məscididir. “PAŞA Hol­ding”in maliyyə dəstəyi ilə həyata keçi­rilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətləri­nin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. 

Şuşa şəhəri işğal altında olduğu müd­dətdə digər məscidlər kimi, Saatlı məsci­di də ermənilər tərəfindən dağıdılmışdı. Məscidin ölçüsü kiçik olsa da, mükəmməl görünüşü və əla ornamentləri var. Onun daxili ornametləri daha çox diqqət çəkir. Bərpa zamanı onlar bütün incəliklərinə qədər qorunub saxlanılıb. 

Ötən il mayın 10-da Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Heydər Əliyev Fon­du tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında iştirak ediblər.

Bu məscidin yaxınlığında Ağa Qəhrə­man Mirsiyab oğlu və Xanlıq Muxtar kar­vansarayları yerləşir. Müxtəlif ölkələrdən gələn müsafirlər karvansaralarda qalır, ticarət mübadiləsində iştirak edirdilər. İşğal zamanı binalar möhkəm zədələn­mişdir. Sonradan ermənilər onların tarixi görkəminə xələl gətirilməklə guya bərpa işləri görmüşdülər. Bu zaman şəbəkə üs­lubunda hazırlanmış qapı-pəncərələri, eyvanı dağıdılmışdı. Şuşa işğaldan azad ediləndən sonra Ağa Qəhrəman Mirsiyab karvansarayı bərpa edilib.

Meydanın memarlıq ansamblının do­minantı isə Yuxarı Gövhər ağa məscidi­dir. Bu məscid də bərpa olunaraq dindar­ların istifadəsinə verilib. Bunlar Şuşanın mərkəzindəki abidələrdir. Şəhərdə isə tarixi abidələr çoxdur. Çünki şəhərdə 17 məhəllə var ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud olub. 

...Tarixi abidələr Şuşanın yüksək tu­rizm potensialından xəbər verir. Onlar reallıqda bədii və tarixi informasiyaların daşıyıcısıdır. Memarlıq sərvətlərimiz olan abidələr keçmiş dövrlərin mədəni inki­şaf səviyyəsini və incəsənət meyarlarını açıqlayırlar. 

Beləliklə, müxtəlif ölkələrdən gələn qonaqlar əsrarəngiz təbiətə malik mədə­niyyət paytaxtı - Şuşanın tarixi, memarlığı ilə yaxından tanış olub, keçmişi ilə bağlı daha çox məlumat əldə edəcəklər.

P. ƏFƏNDİYEV
XQ

Bakı–Şuşa–Bakı







Mədəniyyət