Xəyanətlər ermənilərin türk düşmənçiliyinə ayna tutur
(əvvəli qəzetin 24, 26 iyul saylarında)
Bəzi sənədlər ortaya çıxarılandan sonra Anastas Mikoyan da “xainlər” cərgəsində yer aldı. Bu şəxs son dövrlər Ermənistanda geniş və qızğın müzakirələrin mövzusuna çevrilmişdi. Əsl bolşevik olan Mikoyan Lenindən başlayaraq Brejnevə (“İliçdən İliçə”) qədər SSRİ-nin bütün hökumətlərində yer almış birisidir. Bununla yanaşı, son zamanlar ortaya çıxan sənədlər onun ermənilər əleyhinə fəaliyyətdə iştirak etməsi fikrini yaratmaqdadır. Hələ 1919-cu ildə Leninə yazdığı məktubda “erməni məsələsi”ni və “erməni birləşmiş dövləti” problemini bağlamağı tövsiyə edən Mikoyan türk tərəfdarı kimi qəbul edilir. O, həmin məktubunda erməni davasını davam etdirənləri “şovinistlər” adlandırmışdı.
1920-ci il iyunun 19-da Njde və Dro Zəngəzurda Azərbaycanla real döyüş şəraitində olarkən Mikoyan bu vəziyyətdən narazı olduğunu bəyan etmişdi. 1920-ci ildə Qarabağ və Zəngəzur bolşeviklərin əlinə keçəndən sonra Mikoyan Çiçerinə bu məzmunda məktub göndərmişdi: “Ermənilər Azərbaycanla real müharibə vəziyyətindədirlər. Sovet Azərbaycanının tərkibində olan, amma mübahisəli vəziyyətə gətirilmək istənilən Zəngəzur və Qarabağa gəldikdə, qəti şəkildə bildiririk ki, bu ərazilər daim və gələcəkdə də Azərbaycanın sərhədləri daxilində qalmalıdır”.
Bununla kifayətlənməyən Mikoyan 1920-ci il iyulun 29-da daha bir məktubu Qriqori Orconikidzeyə göndərib: “Mərkəzin Qarabağ və Zəngəzur siyasətinə qəzəblənmişik. Sən mərkəzdə bizim baxış bucağımızı israrla müdafiə et. Biz Ermənistanla barışmağa qarşı deyilik, amma bu, Qarabağ və Zəngəzurun hesabına olmamalıdır”.
Artıq erməni mənbələrində dərc olunan sənədlər göstərir ki, bolşevik liderlərdən biri olan Hancyanın öldürülməsindən sonra 1937-ci ilin payızında Anastas Mikoyan Lavrenti Beriya ilə birlikdə Ermənistana səfər etmişdi. O, buraya partiya və dövlət kadrlarını “təmizləməyə”, əslində isə, məhv etməyə gəlmişdi. Rusiya Dövlət Arxivində 1937-ci il 22 sentyabr tarixinə aid bir sənəd tapılıb. Yejovun imzası olan bu tarixi sənəddə Yejov Stalinə bildirir ki, Mikoyan “gülələnəcək Daşnaksütyun və digər antisovet elementlərin” sayının 700 nəfərə qədər artırılmasını xahiş edir. Eyni sənəddə Yejov özü güllələnəcəklərin ilkin siyahısına 1500 nəfər əlavə etməklə onu 2000-ə çatdırmağı təklif edir. Sənəd Stalin, Molotov, Kaqanoviç, Çubar və Loginov tərəfindən imzalanıb.
Mikoyanın ortaya atdığı bu təklifi Ermənistanda geniş müzakirə mövzusudur: “...Erməni millətçiləri imperialist müttəfiqlərinə və generallar Denikin kimi quldur qruplarına arxalanaraq, Qara dənizdən Aralıq dənizinə qədər uzanan yeddi vilayəti əhatə edən “Böyük Ermənistan” qurmaq kimi artıq cinayət sayılacaq xəyallara ümid bəsləyirlər. Bu ərazidə ermənilərin olmaması və yalnız müsəlman əhalinin yaşaması da onları narahat etmir. “Böyük Ermənistan” xalqın böyük əksəriyyətinin iradəsini ifadə edə bilməz, çünki onu imperialistlər silah gücü ilə zorla qəbul etdirirlər. Onlar düşünürlər ki, bunu Ermənistanın, guya, “cinayətkar qruplardan” – müsəlmanlardan təmizlənməsi yolu ilə, günahsız insanların cəsədləri üzərində qanla həyata keçirəcəklər. Belə bir cəhənnəm və vəhşilik proqramı ermənilərin ən yaxşı, bacarıqlı, sədaqətli agentlərini hədəfləyir və onların vasitəsilə Türkiyəni soymaq, müstəmləkə və müttəfiqlərin maliyyə kapitalına çevirmək istəyən imperializmin müvəffəqiyyəti üçün dəstəklənir...”
Ziddiyyətli şəxsiyyət sayılan Anastas Mikoyanın sovet rəhbəri Leninə göndərdiyi “Qafqaz məsələsi” ilə bağlı hesabatı erməni planlarının mahiyyətini ortaya qoyur. Onun fikrincə, Sovet Rusiyası üçün “Türkiyə Ermənistanı”nın müstəqilliyi ilə bağlı ümumi bəyannamənin heç bir müsbət nəticəsi olmayıb, əksinə, yalnız Türkiyəni deyil, həm də Qafqazdakı bütün müsəlman əhalini sovetlərə qarşı qıcıqlandırıb. Mikoyan erməni həmkarlarının kiçik bir qrupu ilə birlikdə “Türkiyə Ermənistana” bəyannaməsinin elan olunmasının ilk günlərindən etibarən ona qarşı olduğunu və səhvi düzəltməkdə gecikildiyini qeyd edir. Güman olunur ki, 1917-ci ilin payızında Bakı bolşeviklərinə qoşulan, partiyanın Bakı komitəsinin İdarə Heyətinin üzvü olan A.Mikoyanın mövqeyi “Qafqazın Lenini” adlandırılan S.Şaumyanın fikirlərini üstələyə bilməmişdir. “Türkiyə Ermənistanı” muxtariyyətinin ilhamvericisi və müvafiq bəyannamənin icraçısı S.Şaumyan müxtəlif bəyanatlar və hərəkətlər edib və bu məsələ “millətin öz müqəddaratını müəyyən etmək” hüququ perspektivindən yanaşılmışdır.
Son zamanlar ortaya çıxan başqa bir sənəd də var. Ermənistanın Milli Arxivində “Çox gizli” qrifi ilə tapılan yeni sənəd “Türk–Erməni müharibəsi zamanı Ermənistan Kommunist Partiyasına bağlı partiya təşkilatlarının taktiki hərəkətləri” adlanır. Sənəddə təsdiqlənir ki, Moskvadan təlimat alan erməni bolşeviklər Türkiyə ilə müharibə vəziyyətində olmanın, düşmənçilik siyasəti yürütmənin zərərli olduğunu anlamışdılar. Sənəddə göstərilir ki, Ermənistan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsi hərbi bölgələrdə, xüsusilə Qars Qarnizonunda bütün təşkilatlara xəbərdarlıq edir ki, müharibəyə qarşı təbliğat aparsınlar və aşağıdakı maddələrdən ibarət açıqcalar yaysınlar:
1. Türkiyə əvvəlki Türkiyə deyil və onun Ermənistana qarşı heç bir hücum niyyəti yoxdur.
2. Kamalist Türkiyə Sovet Rusiyasının müttəfiqidir və imperializmə (İngiltərə, Fransa, Yunanıstan) qarşı milli azadlıq mübarizəsi aparır.
3. Ermənistanın Türkiyə üzərində qələbəsi Yaxın Şərqdə imperializmin güclənməsi demək ola bilər və nəticədə sovetlərin Şərqdə, Cənubi Qafqazda inqilabın qələbəsini təhlükəyə ata bilər.
4. Erməni-kommunist bolşeviklərin vəzifəsi Ermənistanın məğlubiyyətini sürətləndirmək olmalıdır ki, bu da Ermənistanın sovetləşməsini yaxınlaşdıracaqdır.
Başqa bir sənəd “xainlik dosyesi” kimi təqdim olunur. 4 dekabr 1920-ci ildə “Pravda” qəzetində dərc olunan məqalədə İosif Stalin qürurla Ermənistanın sovetləşməsindən bəhs edir. Stalin müsəlmanlar və onların ətrafındakı azlıqlar arasında problemlərin həll olunduğunu bildirir. Stalin bu məqaləsində Ermənistan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq və dostluq qurulmasından razılığını bildirir və deyir ki, “Rusiya müttəfiqi olan bolşevik türklərlə” birlikdə bütün erməniləri daşnakların əlindən azad edəcəkdir”.
Erməni bolşeviklər buna həqiqətən inanırdılar. 1920-ci il avqustun 24-də Sovet Rusiyası hökuməti Türkiyənin Mustafa Kamal hökuməti ilə “ön dostluq sazişi” imzaladı. Rusiya və ermənilər imperializmə qarşı mübarizə aparmaq və müttəfiq dövlətlərin müdaxiləsini önləmək üçün Türkiyəyə hərbi yardım göstərəcəkdilər. Sazişin digər önəmli cəhəti budur ki, Türkiyə Böyük Millət Məclisi bundan əvvəl imzalanan heç bir müqaviləni, o cümlədən Sevr Sazişini tanımırdı və Ermənistanla imzalanan bütün müqavilələri qəbul etmirdi. Sovet Rusiyası isə bir türk hökuməti ilə imzaladığı beynəlxalq müqavilələri qəbul edirdi. “Türkiyə ilə ilkin dostluq sazişinin imzalanmasından bir həftə sonra, sentyabrın 1-7-də Bakıda Şərq Xalqlarının Birinci Konqresi keçirildi. Rusiya bolşevikləri Zinovyev və Radekin iştirak etdiyi bu konqresdə Ənvər paşa, Behaəttin Şakir və Xəlil paşa da iştirak edirdilər. Bolşevik A.Mikoyan bu mühüm konqresdə iştirak etmiş və xatirələrində ermənilərin qəbul etmədikləri bir çox həqiqətləri dilə gətirmişdi. Bu sənədlər də ictimaiyyətdən gizlədilmişdi.
1991-ci ildə Ermənistan müstəqilliyini elan edəndən sonra belə bir fikir vardı ki, bütün gizli arxivlər açılmalı və xalq vaxtilə nə olub-bitdiyindən xəbər tutmalıdır. Bu fikrə qarşı ən çox çıxan erməni milliyyətçiləri, Daşnaksütyun partiyasının üzvləri oldular. Daşnaksütyunun əsas arxivi Amerikada, Boston şəhərindədir, onun açılması bir çox gerçəkləri ortaya qoyacaqdı. Bu səbəbdən daşnaklar israrla etiraz edirdilər. İndinin özündə də Paşinyan hakimiyyəti həm ölkə daxilində , həm də ondan kənarda arxivlərin açılması barədə bəyanatlar səsləndirir, amma elə qüvvələr var ki, bu işin reallaşmasına mane olurlar. Ermənistanda və digər yerlərdə erməni dilində olan arxivlərin açılması onların iç üzünü göstərəcək. Ermənilərin ən çox qorxduqları məhz budur.
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri