YAP Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən toplantı partiyanın şərəfli yoluna həsr olunub. Məclisdə YAP İdarə Heyətinin üzvü Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, professor İbrahim Cəfərov və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, ehtiramla önünə gül düzüblər. Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra, Ümummili liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca partiyanın yaranma və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Bayram Aslanov çıxışında YAP-ın mübariz keçmişi, güclü bu günü və ümidli gələcəyindən danışaraq, təşkilatın Gəncədə 42 mindən çox üzvü birləşdirdiyini bildirib. Adil Tağıyev isə Gəncə Şəhər İcra Hakimiyyəti adından iştirakçıları salamlayaraq, Azərbaycanın gələcəyə inamla addımladığını vurğulayıb.
Professor İbrahim Cəfərov, fəal gənc Fəridə Allahverdiyeva və digər natiqlər YAP-ın dövlətçilik və vətənpərvərlik yolundakı rolunu yüksək dəyərləndiriblər.
Sonda fəal partiya üzvlərinə fəxri fərmanlar, yeni üzvlərə isə vəsiqələr təqdim olunub. Görüş YAP-ın himni ilə başa çatıb.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri