Xıdırlı köçkünləri də Ağdama qayıdırlar

post-img

Dünən Ağdamın Xıdırlı kəndinə 60 ailə - 236 nəfər köçürülüb. Köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Onlara mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.

Xatırladaq ki, keçmiş məcburi köçkünlər üçün doğma ata-baba yurdlarında - Xıdırlıda dövlət tərəfindən fərdi yaşayış evləri inşa olunub, müasir infrastruktur yaradılıb. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, bazar kompleksi, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə 50 mindən çox insan yaşayır.

Sosial həyat