Azərbaycanlı dirijorun heyranedici yürüşü

post-img

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin E.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri ilə Çin Xalq Respublikasında böyük konsert turnesi uğurla başa çatıb. 

Dekabrın son günlərindən başlanan səfər Çinin 13 müxtəlif iri şəhərini əhatə edib – Şanxay, Dalyan, Dunquan, Şen­jen, Nannin, Çanşa, Çyujou, Nantun, Vusi, Vençjou, Fujou, Ksyaçen və Çun­sin möhtəşəm iri teatrlarında gerçək­ləşən konsertləri yerli dinləyicilər böyük maraqla qarşılayıblar. Yeni il bayramı ilə əlaqədar olaraq konsert proqramlarında Pyotr Çaykovskinin simfonik orkestr üçün yazdığı təntənəli əsərləri (“Şelkunçik” və “Yevgeni Onegindən” nümunələr, 5-ci simfoniya), Frans Zuppe və Yohann Şt­rausun müxtəlif janrlarda yazdıqları par­çalar yer alıb. Konsert proqramlarında böyük uğurla çıxış edən tanınmış yunan pianoçusu Teodosia Tokunun ifası sürəkli alqışlarla qarşılanıb. Hər çıxışın sonunda çinli dinləyicilərin böyük marağını və istə­yini nəzərə alaraq Əyyub Quliyev və Ru­siya Dövlət Simfonik Orkestri Çin klassik musiqisinin ən sevilən nümunələri sayı­lan “LiYuang River” təntənəli odası və “Spring Festival” Üverturasını ifa etmiş­lər. Proqramdan əlavə olaraq ifa olunan bu əsərlər ayaq üstündə alqışlanıb. 

Qeyd etmək lazımdır ki, azərbaycanlı dirijor Əyyub Quliyevin Çinə səfəri ölkə­nin ən iri holdinqi sayılan və 70-ə yaxın teatr-konsert müəssisələrinə sahib olan “Poly”, Yunanıstanın “Agitato” və Hollan­dın “TACT” agentliyi tərəfindın təşkil olu­nub. Qeyd etmək lazımdır ki, E.Svetlanov adına Rusiya Dövlət Simfonik Orkestri azərbaycanlı musiqisevərlər tərəfindən yaxşı tanınır - belə ki, kollektiv 2006-cı ildə Mstislav Rostropoviçin dirijorluğu ilə Bakıda keçirilən Şostakoviç Beynəlxalq Musiqi Festivalında çıxış edib.

XQ



Mədəniyyət