Hayların lideri “göydən 3 almanın düşməsini” istəmir
Əlbəttə, Ermənistan baş naziri Nikol Paşinyanın hakim “Vətəndaş sazişi” partiyasının təşəbbüs qrupunun iclasında söylədikləri Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirdiklərinə cavab mahiyyəti daşıyır. Hər halda, Nikolun çıxışının məzmunu bunu deməyə əsas verir. Bəs cavab qənaətbəxşdirmi? Əlbəttə ki, yox!
Ondan başlayaq ki, Ermənistanın hökumət rəhbəri Bakıdan gələn bəyanatları sülh prosesinə ciddi zərbə kimi qiymətləndirir. Paşinyan yenə də sərhədlərin delimitasiyası və demarkasiyası prosesində 1991-ci ilin Alma-Ata Bəyannaməsinin rəhbər tutulduğunu diqqətə çatdırır. Məsələ ondadır ki, həmişə həmin sənəd haqqında danışan Paşinyan olub. Görəsən, nəyə görə o, barəsində yalnız özünün söz açdığı məsələni prinsipial razılaşma qismində qabardır? Əlbəttə, bu, doğru deyil. Həm də tutalım, Alma-Ata Bəyannaməsi əsasdır. Orada elə bir müddəa varmı ki, Ermənistanın ərazisi 29,8 min kvadratkilometdir? Yoxdur! O zaman deməli, sərhədlərin demarkasiyası və delimitasiyasından danışanda, həmin bəyannaməyə istinad da əhəmiyyətini itirir.
Digər tərəfdən, Alma-Ata Bəyannaməsi müttəfiq respublikaların SSRİ-dən çıxarkən mövcud olmuş ərazilərinin onların bir-biri tərəfindən tanınmasını əsas götürürdüsə, o zaman İttifaqdan çıxmaq kimi, ora daxil olmağa da diqqət yetirilməlidir. Hər halda, 1920-ci ildə sovetləşmə başlayanda Azərbaycanın ərazisi 86,6 min kvadratkilometr deyildi. Heç Ermənistanın da 29,8 min kvadratkilometr ərazisi yox idi. Məsələn, 1929-cu ildə Ermənistanın SSR tərkibində Meğri rayonu yaradılmışdı. Bölgə Azərbaycandan qanunsuz yolla alınıb Ermənistana verilmişdi. Hələ başqa torpaq hədiyyələri də var. Bir sözlə, Alma-Ata Bəyannaməsini ehkamlaşdırmaq düzgün deyil. Düzgün olan Prezident İlham Əliyevin təklif etdiyi delimitasiya və demarkasiya formuludur.
Dövlətimizin başçısı müsahibəsində hazırkı Azərbaycan–Ermənistan sərhədlərinin şərti olduğunu demişdi. Ölkəmizin lideri bildirmişdi ki, delimitasiya prosesində siyasi metodologiya, yaxud xronologiya əsas götürülməlidir: “Fəaliyyət hansısa xəritə əsasında qurulmamalı, Azərbaycan və Ermənistanın sərhəd komissiyaları işini fəallaşdırmalı, ekspert qrupları yaranmalıdır. Həmin qruplar isə sərhədi qarış-qarış müəyyənləşdirməlidirlər”.
***
Bəli, N.Paşinyanın “1991-ci ildə Alma-Ata Bəyannaməsi qəbul edilən zaman mövcud olan sərhədlər yenidən müəyyənləşdirilməlidir” məntiqi yolverilməzdir. Eləcə də onun bu sənəd xüsusunda 2022-ci ilin Praqa və 2023-cü ilin Brüssel görüşlərinə (Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşlər – red.) istinadı da böyük ölçüdə manipulyasiyadan başqa bir şey deyil. Sözügedən görüşlərin ruhuna zidd davranan da, müharibə məğlubu kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən də Ermənistan olub. Məhz İrəvanın yaramaz mövqeyinə görədir ki, sülh prosesi gözlənildiyi rəvan məcraya daxil olmur.
Elə baş nazir Paşinyanın Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları irəli sürməyə çalışdığını vurğulaması da sülhə zidd təmayüldür. Çünki Bakının belə bir niyyəti yoxdur. Ölkəmiz sadəcə, İrəvanın səmimiyyət göstərib öhdəliklərinə sadiqliyini istəyir. Bunun qarşılığında isə erməni hökumət rəhbəri belə hesab edir: “Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifləri ilə tanış olarkən belə təəssürat yaranır ki, bu ölkə sonrakı müharibələri legitimləşdirəcək sənəd yaratmağa çalışır”.
Bəli, Ermənistan hər vəchlə Azərbaycanı işğalçı kimi qələmə verməkdə israrlıdır. Bu baxımdan N.Paşinyanın üzərində dayandığı növbəti məsələ hər iki ölkənin qoşunlarını sərhəddən geri çəkməsidir. Qeyd edək ki, mövzu hələ ötən ilin sonlarına doğru gündəmə gətirilmişdi. Bu, tam yolverilməzdir. Çünki konkret sərhəd xətti yoxdur. O zaman Azərbaycan nə üçün öz qoşunlarını tutduğu mövqedən geri çəkməlidir? Ordumuz ölkəmizin təhlükəsizliyi baxımından strateji nöqtələri ələ keçirib. Məsələnin qoyuluşu budur, vəssalam!
***
Məlumdur ki, Ermənistan ordusunda islahat adı ilə kütləvi silahlanma həyata keçirilməkdədir. Fransa başda olmaqla, dünyanın müxtəlif qütbləri də bu prosesə fəal dəstək göstərməkdədirlər. Nəzərə alsaq ki, ölkədə revanşist qüvvələr var, həmçinin rəsmi İrəvan Azərbaycanla sülh məsələsində heç bir səmimiyyət nümayiş etdirmir, o zaman elementar məntiq islahatların yeni müharibə hazırlığı olduğunu deyir. Paşinyan isə öz aləmində iz azdırır. O, təklif edir ki, Azərbaycan və Ermənistan silahlara nəzarətlə bağlı saziş imzalasınlar.
Göründüyü kimi, bu da Ermənistan rəhbərinin növbəti manipulyasiyasıdır. Axı necə ola bilər ki, hər iki ölkə bir-birinin silahlanmasına nəzarət mexanizmi əldə etsinlər. Belə bir şey mümkün deyil. Deməli, Paşinyanın “ona görə də biz deyirik: gəlin elə sülh müqaviləsi imzalayaq ki, müharibə ehtimalının qarşısını alsın” bəyanatı da səmimiyyətdən uzaqdır. Çünki İrəvanın silahlanmaya sülh müqaviləsinin imzalanmasından daha səylə yanaşdığı ortadadır.
Ermənistanın baş naziri bildirir ki, Azərbaycan zaman-zaman Ermənistan ərazisi ilə bağlı “dəhliz” diskursunu formalaşdırmağa çalışır. Aydındır ki, Nikol “Zəngəzur dəhlizi”ni nəzərdə tutur. O da aydındır ki, “Zəngəzur dəhlizi” Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yol məntiqinə əsaslanmaqdadır. Məsələ Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında əksini tapıb. İrəvan həmin bəyanatı saya salmır. Yəni, Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini vurğulayırıqsa, məhz bu məqamın üzərində dayanırıq. Bir halda ki, Ermənistan öhdəliyini yerinə yetirmək istəmir, Azərbaycanın alternativlər axtarması təbiidir.
Prezident İlham Əliyev istər ötən ilin sonunda, istərsə də yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, ölkəmizin Ermənistana qarşı ərazi iddiası yoxdur. İstəyimiz Naxçıvana asan yoldur. Asan yolda isə hansısa sərhəd və gömrük nəzarəti olmamalıdır. İndi Bakı Naxçıvana yol xüsusunda İran ərazisini əsas götürür. Paşinyan isə bildirir ki, Ermənistan Azərbaycanın İslam respublikası ilə razılaşdığı şərtlərlə Naxçıvana yolun getməsinə razıdır. Bəs öhdəlik? Axı hər işdə bir prinsip olmalıdır. Prinsip onu diktə edir ki, Naxçıvana gedəcək yolda nəzarəti öz öhdəliyini yerinə yetirməkdən yayınmağı adətə çevirmiş Ermənistan edəcəksə, o zaman İran variantı daha məqbuldur. Hətta İran ərazisindən yol sərhəd nəzarəti həyata keçirilməklə olsa belə məqbuldur. Hər halda, Ermənistanın təhlükəsizlik zəmanəti ilə İranın təhlükəsizlik zəmanəti ayrı-ayrı məsələlərdir. Yəni, ikinci daha güvənlidir, nəinki birinci. Həm də ona görə güvənlidir ki, işğal illərində Azərbaycanın Naxçıvanla quru əlaqəsi vasitəsilə olub və mövcud istiqamətdə hansısa insident qeydə alınmayıb. Ancaq 1988-ci ildən başlayaraq, Bakıdan Naxçıvana və əks istiqamətə gedən qatarlar Meğri ərazisindən keçərkən həmişə daşa basılıb. Kim təminat verə bilər ki, eyni hal yenidən yaşanmayacaq? Deməli, Azərbaycan Ermənistanın təhlükəsizlik zəmanətinə etimad göstərməməkdə haqlıdır.
Azərbaycan, eyni zamanda, ona görə haqlıdır ki, Ermənistan hazırkı manipulyasiyalarını da haqqında söz açdığımız üçtərəfli bəyanata kökləməkdədir. N.Paşinyan sənədin ölkəsi üçün əhəmiyyətini itirdiyini vurğulayır. Belə çıxır ki, Qarabağda qeyri-qanuni erməni hərbi birləşmələri qalmalı imiş. Ən əsası isə Nikolun dediklərindən bu qənaətə gəlmək mümkündür ki, bölgədəki separatçı rejimin saxlanılması da üçtərəfli bəyanatdan irəli gəlirmiş. Bu yanaşmanın özü nəinki manipulyasiyadır, habelə, Azərbaycana qarşı ərazi iddiasıdır. Sən demə, ölkəmiz sentyabrın 19-da keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirləri ilə Qarabağa yiyələnəndə və özünün suverenliyini bərpa edəndə üçtərəfli bəyanat əhəmiyyətini itiribmiş. Hər halda, Paşinyanın tipik erməni həyasızlığının obrazı kimi çıxış etdiyi aşkardır. Həyasızlığın növbəti göstəricisi isə Nikolun üçtərəfli bəyanatda Rusiyanın rolunu inkar etməsidir. O, Naxçıvana yolda Rusiya Federal Təhlükəsizlik Xidmətinin təhlükəsizliyi qorumalı olduğuna dair bəndi nəzərə almır.
Bir daha bildirək ki, Prezident İlham Əliyev Naxçıvana yola “Azərbaycandan –Azərbaycana yol” məntiqi ilə yanaşır və orada heç bir sərhəd və gömrük nəzarətinin olmamasını vacib sayır. Dövlətimizin başçısının Naxçıvana asan yolun Azərbaycanın legitim haqqı olduğunu vurğulaması da bu prinsipdən irəli gəlməkdədir. Paşinyan isə özünün bəsit suverenlik məntiqinə söykənərək, məsələni qanun pozuntusu kimi dəyərləndirir.
***
Nəhayət, Ermənistan baş nazirinin “Vətəndaş sazişi” partiyasının təşəbbüs qrupunun iclasında üzərində dayandığı növbəti məqam anklav və eksklavlarla bağldır. Məlumdur ki, hazırda Naxçıvanın Kərki kəndi və Qazaxın yeddi kəndi Ermənistanın işğalı altındadır. Ümumilikdə səkkiz kəndimiz. Prezident İlham Əliyev müsahibəsində bu durumu dözülməz adlandırmışdı və bildirmişdi ki, xüsusən də dörd kənd anklav deyil və dərhal Azərbaycana qaytarılmalıdır. Paşinyanın bildirdikləri isə bu mövzunun da Ermənistanın manipulyasiyası predmetinə çevrildiyinin təsdiqidir. Məsələn, Nikol deyir ki, ərazilərin, sərhədlərin, eləcə də anklav və eksklavlar məsələsinin həlli üçün Azərbaycanla qarşılıqlı razılaşdırılmış xəritələr əsasında əməli addımların atılması vacibdir. Görəsən, qarşılıqlı razılaşdırılmış xəritə nə deməkdir? Üstəlik, Paşinyan: “Azərbaycan dörd kəndin, Ermənistan isə həyati əhəmiyyətli əraziləri işğal olunmuş 32 kəndin məsələsini qaldırır. O cümlədən, Geqarkunik rayonu ilə bağlı məsələni.
Alma-Ata Bəyannaməsinə əsasən biz deyirik ki, Ermənistanda Azərbaycan tərəfindən işğal olunmuş ərazilər olmamalıdır. Ona görə də Ermənistanın “de-yure” Azərbaycana məxsus olan bəzi ərazilərə nəzarət etdiyi ortaya çıxarsa, Ermənistan oranı tərk etməli, Ermənistana məxsus və Azərbaycanın nəzarətində olan ərazilərdən isə Azərbaycan çıxmalıdır”.
Göründüyü kimi, Nikol Paşinyan, necə deyərlər, yeni oyun qaydaları icad edir. Hər halda, 32 kənd söhbəti yenilikdir. Belə çıxır ki, o, Azərbaycanın haqlı tələbini yerinə yetirməkdən boyun qaçırır. Boyun qaçırır və yenə də Alma-Ata Bəyannaməsi müstəvisində nağıl danışmağa üstünlük verir. “Qarşılıqlı razılaşdırılmış xəritə” məntiqini ortaya atan erməni baş nazir əlavə edir ki, əraziləri dəqiqləşdirməyin yolu sözügedən bəyannamənin müddəalarını əks etdirən xəritələri əsas götürməkdir. Daha dəqiq desək, xəritələri əsas götürməklə reallıqları yerində qiymətləndirmək, sonra reallıqları xəritələrlə uzlaşdırmaq. Yəni, Nikol balaca ağlı ilə dolaşıq bir mənzərə formalaşdırır.
Məlumdur ki, N.Paşinyan 1970-ci ildən sonrakı xəritələri əsas tutmağın tərəfdarıdır və bunu bir neçə dəfə də bəyan edib. Azərbaycan Prezidenti isə müsahibəsində bildirmişdi ki, həmin dövrün xəritələrinə istinadın heç bir məntiqi yoxdur: “Onlar məhz buna görə 1970-ci illərin xəritələrini əsas götürmək istəyirdilər. Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? Deyin, mənə izah edin, bunun hansı metodoloji əsasları var, siyasi əsasları var? Yoxdur. Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”.
Sonda onu da bildirək ki, N.Paşinyanın hakim “Vətəndaş sazişi” partiyasının təşəbbüs qrupunun iclasında söylədikləri Ermənistanın Azərbaycanla münasibətlərə, o cümlədən, sülh gündəliyinə qeyri-konstruktiv yanaşmasının növbəti göstəricisidir. Bu isə o deməkdir ki, ölkə Cənubi Qafqazda gərginliyin saxlanılmasında maraqlıdır. İrəvanın belə davranması isə həm də 2024-cü ilin gərgin keçəcəyinin anonsudur.
Ə.CAHANGİROĞLU
XQ