Yaxud erməni siyasi düşüncəsində miskinlik
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da ölkəmizin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər Ermənistanda psixoz durum formalaşdırıb. Bu isə onu deməyə əsas verir ki, erməni ictimaiyyəti normal və məntiqi düşünmək imkanından məhrumdur. Mövzumuz bu vəziyyətin ayrı-ayrı məqamları ilə bağlıdır.
Əvvəla, ondan başlayaq ki, hayların ekspert və jurnalist cameəsi Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsindən sonra da vəziyyətin normallaşmayacağına dair fikirlər tirajlamaqdadır. Elə görüntü formalaşır ki, sanki kimlərsə münasibətləri korlamaq üçün start fitinin çalınmasını gözləməkdədir. Belələri hər məqamı nəzərə alır və mövcud xüsusda “uzaqgörən” mülahizələr yürüdərək, erməni cəmiyyətində çaşqınlıq yaradırlar.
Əlbəttə, əvvəllər də bu meyil özünü göstərib. O zaman elə təəssürat var idi ki, belə bir yarıtmaz dəst-xətti seçənlər baş nazir Nikol Paşinyan administrasiyasına müxalif qüvvələrdir. Ancaq hazırkı mənzərə tam əksini söyləməyə əsas verir. İndi elə Nikolun tərəfdarları olan başbilənlər də növbəyə düzülərək, anti-Azərbaycan mövqeyini gücləndirməyə girişiblər. Əslində, Paşinyanın hakim “Vətəndaş sazişi” partiyasının təşəbbüs qrupunun iclasında səsləndirdiyi fikirlər də beyin qıcqırması keçirənlər üçün, bir növ, motivasiyadır.
Nəzərə alaq ki, Ermənistanın hökumət rəhbəri Bakıdan gələn bəyanatları sülh prosesinə ciddi zərbə kimi qiymətləndirdiyini dilə gətirib. Mövzunu daha da “genişləndirən” erməni başbilənlər isə iddia edirlər ki, Azərbaycan Ermənistanı müti, zəif, inkişaf etməyən, ona tabe statusunda saxlamaq niyyəti güdür.
Əlbəttə, belə yanaşma həm də xaricə mesajdır. Elə Paşinyan özü də sözügedən iclasdakı çıxışında xaricdəki ermənipərəst qüvvələrə səslənmişdi. Səslənmiş və bildirmişdi ki, Azərbaycan sülh müqaviləsi ilə, guya, Ermənistanın suveren ərazilərini işğal etmək üçün legitim əsas formalaşdırmaq istəyir. Bu tezisi bir qədər də “zənginləşdirən” erməni ekspert, politoloq dairələrinin təmsilçilərinin qaldırdıqları şivən ritorikasında məzmun həm də budur: Bakı İrəvanın Qərbə doğru gedən yolunu əngəlləmək istəyir.
Göründüyü kimi, ənənəvi məzlum erməni “siyasi metodologiyası” seçilir. Bu xətt hər cür avantürizmi pərdələmək mahiyyəti daşıyır. Elə “Azərbaycan Ermənistanı blokadada saxlamaqda davam edəcək” deyimi də “məzlumun ahı sinfoniyası” kimi səslənməkdədir. Həqiqətən də, ortada son dərəcə böyük həyasızlıq var. Həm reallığı qəbul etmək istəmirlər, həm də vay-şivən qaldırırlar. Söylədiklərindən belə çıxır ki, “Zəngəzur dəhlizi” Ermənistanın müəyyən etdiyi şərtlərlə açılmalı imiş. Yəni, sərhəd və gömrük nəzarəti gerçəkləşdirilməklə. Halbuki, Bakı Naxçıvana yolun “Azərbaycandan–Azərbaycana yol” məntiqinə söykənir və mövqeyində tam haqlıdır. Ermənistan haqqı qəbul etmirsə, o zaman təcriddə qalmalıdır. Necə deyərlər, özü yıxılan ağlamaz. Erməni başbilənləri bu atalar sözümüzdən xəbərsiz olmamalıdır. Ancaq xislətləri imkan vermir ki, sağlam düşünsünlər.
Bəli, Azərbaycanla sülhün olmayacağını deyən erməni politoloq və ekspertlər vurğulayırlar ki, Bakının məqsədi Ermənistanın iqtisadi inkişafına, eləcə də Qərblə hərbi-siyasi əməkdaşlığın qurulmasına maneçilik törətməkdir. Əlbəttə, İrəvanın Qərbə inteqrasiyası ilə işimiz yoxdur. Ancaq biz niyə onun hərbi-siyasi əməkdaşlığına seyrçi qalmalıyıq? Axı, Azərbaycan xalqı otuz ilə yaxın müddətdə erməni işğalından əziyyət çəkib. Məgər, Ermənistan işğalçı ampluasını dəyişmək üçün hansısa addımlar atıbmı, səmimiyyət nümayiş etdiribmi? Qətiyyən yox! Ona görə də İrəvanın işğalçılıq qoxulu səylərini boğmalıyıq. Həm də ona görə boğmalıyıq ki, maraqlı olduğumuz Cənubi Qafqaz regionunda sülh yaransın. Elə bir sülh ki, iqtisadi əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırsın. Hazırda Ermənistan özünün qeyri-konstruktivliyi ilə məhz bu mühitin yaranmasını əngəlləyir.
Maraqlı bir məqam da var. Belə ki, erməni başbilənlərin anti-Azərbaycan baxışlarındakı günahkar həm də Qərbdir. Onlar iddia edirlər ki, Bakı Qərbə Türkiyə və Azərbaycanla münasibətləri tam tənzimləyən Ermənistanın lazım olduğunu yaxşı dərk edir və bu səbəbdən İrəvana təzyiq yolu tutur. Yəni, belə çıxır ki, İrəvan özünü Qərbə Azərbaycana və Türkiyəyə qarşı çıxacaq fiqur kimi təqdim etməyə çalışır. İstəyir ki, beynəlxalq qüvvələr məsələni məhz bu cür dəyərləndirsinlər və hərəkətə keçsinlər. Göründüyü kimi, ortada son dərəcə sərsəm və sərsəm olduğu qədər də qorxulu yanaşma var. Bu yanaşmanın Ermənistanı tam məhvə aparacağı isə birmənalıdır.
Ermənistanda günahı Rusiyada axtarmaq meyili də aktuallığını saxlamaqdadır. Bu tendensiyanın tərəfdarları Prezident İlham Əliyevin müsahibəsindən sonra ölkəmizin Rusiya ilə sinxron şəkildə hərəkətə üstünlük verdiyini vurğulamaqdadırlar. Onların fikrincə, Rusiya Ermənistanın rus neoimperializminin təsir dairəsini tərk etməsini istəmir. Həmçinin, onların düşüncəsinə görə, Bakı, guya, Vaşinqton və Brüsseldə kontruktiv danışıqlardan imtina ilə Moskvanın regional maraqlarının müdafiəsinə çalışır. Belə yanaşma isə heç şübhəsiz, Azərbaycanı Qərblə üz-üzə qoymaq məqsədi güdməkdədir.
Təsəvvür edin, Azərbaycan özünə məxsus səkkiz kəndin qaytarılmasını tələb edir, Ermənistanda isə bildirirlər ki, Bakı beynəlxalq ictimaiyyət qarşısında İrəvana qarşı münaqişələrin saxlanılmasına haqq qazandırmaq yolu tutur. Bu iddianı ortaya atan baş nazir Nikol Paşinyana yaxın ekspertlərin məqsədi nədir? Hesab edirlər ki, danışdıqları nağıl erməni cəmiyyətində silkələnməyə gətirəcək? Bəlkə cəmiyyəti “işğalçı Azərbaycana” qarşı yeni müharibəyə təhrik etmək istəyirlər? Nə desən gözləmək mümkündür. Hər halda, erməni avantürizminin sağalmaz xəstəlik olduğu hər kəsə yaxşı bəllidir. Xəstəlik daşıyıcılarının çərənləmələrinin kulminasiya nöqtəsi isə budur: Azərbaycan “Zəngəzur dəhlizi”ni açmaq üçün Sünikə hərbi hücum gerçəkləşdirəcək.
Bəs, bütün iddiaları müqabilində erməni başbilənlər nə tələb edirlər? İstəyirlər ki, Ermənistan üçün yüksək səviyyədə təhlükəsizlik və iqtisadi inkişafa şərait yaradılsın. Hansı yolla? Əlbəttə, Avropa İttifaqına sıx inteqrasiya yolu ilə. Eyni zamanda, ABŞ və Fransadan güclü dəstək almaqla. Söhbət silah-sursat və maddi dəstəkdən gedir. Axı, psixopatlar yığınının belə bir tezisi var ki, zəifləmiş, hücuma məruz qalmış Ermənistan Qərbin arxalanacağı dövlət ola bilməz. Yəni ki, dünyada hər kəs erməniləri gücləndirməyin qayğısına qalmalı imiş (?). Özlərini böyük bir şey zənn edirlər. Sanki, bu coğrafiyada Ermənistan adlı dövlət olmasaymış, nə isə tərs gedəcəkmiş. Bir sözlə, əvvəlki erməni miflərinə istinad hayların siyasi düşüncəsinə də hakim kəsilmiş durumdadır.
Sonda bir məqamı da vurğulayaq. Təsəvvür edin ki, Qərb 2018-ci ildə inqilab edib özünə yaxın qüvvəni Ermənistanda hakimiyyətə gətirdi. İstər 44 günlük müharibə, istər ondan sonra yaşananlar, istərsə də hazırkı durum onu göstərir ki, Qərb Paşinyanı iqtidara yiyələndirən inqilabı gerçəkləşdirməkdə çox tələsdi. Bəlkə indi peşmandır da. Çünki, belə demək mümkünsə, inqilabın övladları ipə-sapa yatmayacaq qədər miskindir və bu xarakterləri, sözün əsl mənasında, bezdiricidir. Axı, real yanaşsaq, ortaya suallar çıxır: Ermənistan Qərbin nəyinə lazımdır? Yaxud, Qərbə Ermənistanmı lazımdır, yoxsa Azərbaycan? Suallara soyuq baxış müasir erməni dövlətçiliyi üçün bir aqibəti vəd edir – fəlakət!
Ə.RÜSTƏMOV
XQ