Yeni dalğa: qlobal təhlükəsizliyə vurulan zərbələr

post-img

I yazı

İlahi qanunlara və dövlətin qa­nunlarına əməl edənlər kişi adam­lardır

Sokrat

Münaqişələrin anatomiyası: müəmmalar çoxalır

İlk baxışdan qlobal geosiyasi dina­mika paradoksal görünə bilər. Bir tərəf­dən, dünyanın böyük gücləri ümumi və davamlı inkişafdan, təhlükəsizlik siste­minin yenilənməsindən danışırlar, digər tərəfdən isə dünyanın müxtəlif regionla­rında yeni münaqişələrin yaranması bir növ “adət halı”nı almışdır. Bu və ya digər yerdə intriqalar, hərbi və qanlı toqquşma­lar, amansız savaşlar yaranmasa, sanki “bəşəriyyət özü üçün darıxır”.

Bunlar indi müşahidə edilən proses­lərin ritorik obrazda ifadəsi deyildir. Baş verən hadisələrdən narahatlıq və ondan qaynaqlananı dərk etmək istəyidir. Dün­ya geosiyasi məkanında nələr baş verir? Demək olar ki, dünyanın hər qitəsində mövcud olan münaqişələrin, intriqalar və qanlı toqquşmların bir ortaq məntiqi var­dırmı? Yaxud bunu da insan iradəsindən asılı olmayan “təsadüflər” sırasına aid et­mək daha doğru olardı?

Bizcə, məsələ daha dərin və düşün­dürücüdür. Meydana gələn münaqişələrin arxasında “sehrli çubuq” ola bilər. Pro­seslərin gedişatının məntiqi təhlili bu qə­naətə gəlməyə əsas yaradır. Rusiya-Uk­rayna savaşı niyə yarandı? İsrail-Həmas toqquşmasının tam izahı məlumdurmu? Son olaraq Ekvadorda nə baş verir? Cə­nubi Qafqazda postmüharibə mərhələ­sində böyük güclər niyə Azərbaycanın ədalətli və barışcıl təkliflərinə minbir bə­hanə ilə cavab verən Ermənistanı yola gətirmirlər? Və yaxud Maldiv adalarına səfər edən Hindistanın Baş naziri Modiyə qarşı hansı səbəblərdən yerli məmurlar çox sərt reaksiya vermişlər və indi də həmin bölgədə yeni bir münaqişə yarana bilərmi? 

Bunlara, təbii ki, Şimali Koreya ilə Cənubi Koreya arasında son zamanlar baş verən “qəribə söz müharibəsi”ni və partlayışları da əlavə edə bilərik. Bəşəriy­yətlə bu cür təhlükəli oyun aparan hansı dairələrdir? Bəlkə insan zəkası “təhlükə duyumunu” itirmişdir?”. 

Aldanmış comərd Ukrayna xalqı..

Hər nə isə...Rusiya–Ukrayna savaşı ikinci ildönümünə yaxınlaşdıqca, mü­naqişələr nəinki azalır, əksinə, çoxalır. Bir il bundan öncə Qərb siyasiləri, hərbi dairələri və ekspertləri deyirdilər ki, qısa zamanda Rusiya çökəcək, Ukrayna qalib gələcək və “bəşəriyyət azad nəfəs ala­caq”. Çox keçmədən belə məlum oldu ki, Moskva da Qərbi tələyə salmışdır. Kreml süründürməçi və iqtisadiyyat üçün üzücü savaş üsulunu seçmişdir. Eyni zamanda, Moskva metodiki olaraq Ukraynanın döv­lət əhəmiyyətli obyektlərini dağıdır. İndi yarı Ukrayna qalmışdır. 

Bunun fonunda isə rəsmi Kiyev Qərbə daima “yeni silah ver” deyə müraciət edir. Bu müraciətə müsbət cavab verməyənlər kəskin tənqid olunurlar və ümumi maraq­lara xidmət etmədiklərindən danışırlar. Lakin reallıq bütün bu ritorik ibarələrin səmərəsiz olduğunu sübut etməkdədir. Belə ki, Ukrayna uğur qazana bilmir və getdikcə daha pis vəziyyətə düşür. Çox maraqlıdır ki, bu vəziyyətdə olan bir döv­lətlə Avropa İttifaqı üzvlüklə bağlı danı­şıqlara başladığını bəyan edir. Kiminlə danışırsız? Hansı əraziyə malik dövləti sıranıza qatırsınız? Yəni Avropa o qədər ağlını itirmişdir ki, problem və savaşla dolu bir Şərqi Avropa ölkəsini öz sırası­na qatsın? Bəlkə, ehtiyatlı və uzaqgörən NATO Ukraynanı üzv kimi qəbul edəcək? 

Bunlara yalnız sadəlöhvlər və bir də saxta liberalizm “aşiqləri” inana bilərlər! Vəd etdiklərinin heç biri olmayacaq. Bəs onda niyə bunlardan danışırlar? Əsas sə­bəb də bu sualla bağlıdır. Çünki bu kimi yalançı vədlərin işığında əsl strateji niy­yətlərini kölgəyə sala bilirlər. Nədən ibarət ola bilər bu niyyətlər?

Münaqişələrin sırası genişlənir 

Bu suala cavab vermədən öncə, ha­zırda özünü göstərən digər münaqişələ­rin daxili məntiqinə geosiyasi kontekstdə nəzər salaq. Bu məntiqdə Rusiya-Ukray­na savaşı fonunda əsl siyasi spekulyasi­yalar, populist mövqelər və riyakarlıq baş alıb gedir. Baxın, Qərbin Ukrayna planı dalana dirənən kimi Həmas İsrailə hü­cum etdi. Ukrayna Qərb siyasi şüurunda arxa plana keçdi və Avropanın küçələrini antisemit nümayişlər bürüdü. Çox qısa müddətdə avropalı insanın şüurunda dünyanın ən aktual probleminin yeri də­yişdi. İndi avropalılar Ukraynanı deyil, yə­hudiləri, yaxud fələstinliləri müdafiə etmə­yin daha “demokratik, liberal və ədalətli olduğunu” dartışırlar. Bunun fonunda isə meydana yeni-yeni ziddiyyətlər və hətta qətllər çıxır. Hər iki tərəf “mən haqlıyam” məntiqi ilə qarşısına çıxan günahsızı belə öldürməyə hazırdır. Amerikada 83 yaşlı bir qoca evində kirayənişin olan müsəl­man ana və onun qız övladı amansızca­sına qətlə yetirilir. Sokratın daymonionu (vicdanı) sızıldadımı, görəsən?

Lakin Avropadakı islamofobilərin, an­tisemitlərin, radikal populistlərin və ne­ofaşistlərin vicdanı qətiyyən sızıldayan kimi görünmür. Əksinə, “Qoca qitə”də ay­rı-seçkilik yeni səviyyəyə yüksəlir! 

Yaxın Şərq siyasi dilemması

İsrail rəhbərliyi isə bütün bunların fo­nunda “HƏMAS-ı tam məhv edəcəyəm” məntiqi ilə Qəzzaya hücuma keçdi. Bir qədər keçdikdən sonra ona arxa duran ABŞ müraciət etdi ki, hərbi əməliyyatlar­da mülki əhalini gözlə. Bu günlərdə isə Antoni Blinken İsarildə olarkən açıq ifadə etdi ki, Tel-Əviv məqsədinə tam çatmalı­dır. Konkret olaraq, HƏMAS qeyd-şərtsiz təslim olmalıdır və siyasi səhnədən silin­məlidir! 

Bunlar İsrailin hərbi əməliyyatları bir qədər səngitməsi fonunda baş vermişdir. Düşünmək olardı ki, Yaxın Şərqdə bu mü­naqişə yatırılmağa doğru gedir. Lakin ma­raqlıdır ki, bu tendensiya başlayan kimi yenidən Rusiya–Ukrayna cəbhəsi qızışdı və üstəlik, Ekvadorda aləm bir-birinə qa­rışdı. Orada narkobaron türmədən qaçdı və paralel olaraq terror şiddətləndi. Ekva­dor Prezidentinin baş verənləri ölkədaxili silahlı münaqişə adlandırmasına baxma­yaraq Peru sərhədlərini möhkəmləndir­mək qərarına gəlmişdir. Onu da deyək ki, Ekvadorun digər qonşusu Kolumbiyadır və bu ölkədə narkoticarət çox inkişaf et­mişdir. 

Latın Amerikası: narkotiklər oylağı

Deməli, Cənubi Amerikada cəmiy­yətlərin kriminallaşması təsadüfi və lokal hadisə təsiri bağışlamır. Ekspertlər hesab edirlər ki, “Los-Çoners” cinayətkar qrupu­nun lideri Fitonun həbsdən qaçışının bu dərəcədə terrora səbəb olması öncədən təşkil olunmuş işdir. Terrorçular məqsədli və təşkilatlanmış formada fəaliyyət göstə­rirlər. Aydın olur ki, Latın Amerikası da qa­rışır. Bu prosesin hara qədər gedəcəyini demək çətindir. Lakin ortada qitədə bir xaos yaratmaq cəhdinin olduğu düşünülə bilər. 

Bu hadisə dünyaya İsrail-Fələstin və Rusiya-Ukrayna münaqişəsini unutdura biləcəkmi? Hələlik buna müsbət cavabın əlamətləri görünmür. Ancaq bütün dünya üzrə narkotik üzrə mütəşəkkil qrupların gücünü yaxşı bilirlər. Bütövlükdə, bir ölkə­də situasiya kriminallaşırsa və xüsusilə məsələdə narkotik varsa, ciddi fəsadları ola bilər. 

Narkoticarət aspektində Latın Ame­rikasında bütövlükdə vəziyyət çox kəs­kindir. Ekvador coğrafi olaraq Kolumbiya və Perunun arasında yerləşir. Burada narkotika istehsalı az olsa da, kokainin əsas vətənləri Kolumbiya və Perudur. Bu ölkələrdə narkobaronlar o qədər güclü­dürlər ki, uzun müddətdir siyasətə ciddi təsir edirlər. Onlar faktiki olaraq hər üç ölkənin siyasi mühitini kriminallaşdırmış­lar. Bunun əlamətlərindən biri Ekvadorda son prezident seçkiləri zamanı namizəd­lərdən olan F.Vilyavisensionun qətlə yetirilməsi olmuşdur. Bu gənc jurnalist məhz narkobaronları araşdırmış və onu... “Los-Çoners” qətlə yetirmişdir. Bu qətlə “siyasi terror” adı verilmişdir. 

İndi Ekvador Prezidenti Daniel Nobo­adır. O, 35 yaşlı elə də məşhur olmayan biznesmendir. Noboanın taleyinin necə olacağı məlum deyil. Çünki faktlar göstə­rir ki, Ekvador narkotik qrupları Avropada­kı təşkilatlarla sıx əlaqədədirlər. Bundan başqa, ABŞ Cənubi Amerika narkotikləri­nin əsas istehlak yeri sayılır. 

Belə görünür ki, Ekvador hadisələri sadə deyildir və çox məqamlara malikdir. Orada korrupsiya kifayət qədər inkişaf et­mişdir. Bu da həm ölkənin siyasi mühitini kriminallaşdırır, həm də çaxnaşmaların böyüməsi riskini artırır. 

Digər tərəfdən, burada böyük dövlət­lərin siyasətinin təsirinin olduğunu istisna etmək olmaz. Son illər Cənubi Amerika və Afrika uğrunda ABŞ, Çin, Avropa İttifaqı, Rusiya, Fransa, Böyük Britaniya və Hin­distanın mübarizəsi xeyli kəskinləşmişdir. Qərb dövlətləri Çinin həmin regiona ciddi müdaxiləsindən narahatdır. Onu deyək ki, keçən əsrdə Ekvadorun prezidenti olmuş Rodrico Borxa Sevalos İsraillə münaqişə­də fələstinliləri müdafiə edirdi.

Belə çıxır ki, Ekvadorda baş verənlə­rin arxasında “qırxayaq” səbəblər daya­nır. Onlardan hansıların əsas olduğunu müəyyənləşdirmək çox çətindir. Lakin uzun müddətdir ki, geosiyasi mübarizə­də bir metoddan istifadə edirlər. Həmin metod cəmiyyəti kriminallaşdırmaq üçün cinayətkar qruplardan istifadə ilə bağlıdır. Məsələyə bu tərəfdən baxanda Ekvador­da vəziyyət kifayət qədər riskli və qey­ri-müəyyən görünür. Kriminallar vasitəsilə cəmiyyəti silkələmək hansı dairələrin işi­dir? Onların mövcudluğunu təsdiq edən faktlar varmı? 

Bu suallara cavab axtarışları Rusiya–Ukrayna, İsrail–Fələstin, Ekvador və sair münaqişələr kontekstində olduqca aktu­aldır və proseslərin arxa planına işıq sal­mağa imkan verə bilər. O halda üzdə adi kriminal kimi görünən Fitonun qaçışının qlobal təsiri olan təşkilatların maraqları baxımından heç də adi olmadığı məlum ola bilər. Şərqi Avropanı, Qafqazı, Yaxın Şərqi, Uzaq Şərqi, Afrikanı və Latın Ame­rikasını kimlər silkələyir? “Siyasi kompas” kimləri göstərir? 

(ardı var)

Füzuli QURBANOV,

XQ-nin analitiki,

fəlsəfə elmləri doktoru

Siyasət