Gürcüstanda yerli seçkilər yaxınlaşdıqca siyasi hərarət artır
Gürcüstanda yerli hakimiyyət orqanlarına 2025-ci il oktyabrın 4-də keçiriləcək seçkilərdə merlər və rayon məclisləri olan sakrebuloların üzvləri seçiləcəklər. Bu dəfəki seçkilərin əhəmiyyəti ondan ibarətdir ki, yerli idarəetmənin formalaşmasında seçicilər birbaşa iştirak edirlər. Sakrebulolar üzrə proporsional seçkilərdə keçid həddi 4 faizdir. Yəni hər bir siyasi partiya və ya blok seçkilərdə iştirak edib, səslərin ən azı 4 faizini toplamalıdır ki, sakrebulo üzvlüyünə iddialı ola bilsinlər. Mer seçkilərində isə sadə mexanizm tətbiq olunub. Ən çox səs toplayan namizəd mer vəzifəsinə seçiləcək. Bu isə seçkilərdə rəqabətin daha çox fərdi şəxslər arasında gedəcəyini şərtləndirir.
Yerli seçkilərin parlament seçkilərindən əsas fərqi isə ondan ibarətdir ki, nəticələr hər bir rayonda ayrıca hesablanır və yekunlaşdırılır. Parlament seçkilərində isə ölkə üzrə ümumi nəticə nəzərə alınır. Bu isə yerli səviyyədə yeni yaranan partiyaların uğur qazanmasının qarşısını alır, çünki onların bütün ölkə üzrə kifayət qədər resurs və dəstəyi olmur. Beləliklə, oktyabr seçkiləri Gürcüstanın siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, eyni zamanda, yerli idarəetmədə mövcud siyasi qüvvələr üçün əhəmiyyətli imtahan rolunu oynayacaq. Bu, eləcə də digər məsələlərə həmsöhbətimiz, Bolnisi sakrebulosunun üzvü Vüqar İsayev aydınlıq gətirir.
– Vüqar müəllim, müşahidəçilərin və analitiklərin fikirlərinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, bu seçkilərdə iqtidardakı “Gürcü arzusu”nun qalib gəlmək ehtimalı çox yüksəkdir. Sizcə, bu, nə dərəcədə realdır?
– Oktyabrın 4-də keçiriləcək yerli seçkilər öncəsi ictimai və siyasi mənzərə, əsasən, iqtidar partiyasının – “Gürcü arzusu”nun xeyrinə formalaşır. Cəmiyyətin geniş kəsimində müxalifətə inamın azalması, onun effektiv və ardıcıl strategiya ortaya qoya bilməməsi iqtidarın seçkilərdə üstünlük qazanacağını qaçılmaz edir.
Ölkədə iqtidara qarşı kütləvi etiraz dalğası sönüb, ictimai narazılıq isə daha çox passivlik ilə əvəzlənib. Seçicilər müxalifət partiyalarının konkret və inandırıcı alternativ təqdim etmədiyini düşünür. Bununla yanaşı, müxalifətin regionlarda ciddi siyasi fəaliyyət göstərməməsi onların yerli səviyyədə zəif mövqeyini açıq göstərir. Seçkilər yalnız Tbilisi və iri şəhərlərlə məhdudlaşmadığı üçün regionlardakı zəif təşkilatlanma onların ümumi nəticələrinə birbaşa təsir edəcək. İqtidar isə uzun müddətdir ki, regionlarda geniş şəbəkə formalaşdırıb və yerli əhali ilə daimi təmasdadır. Hazırkı mərhələdə müxalifət düşərgəsi ciddi təşkilati böhran içindədir. Bir neçə partiya seçkilərə qatılacağını açıqlasa da, əksəriyyət boykot mövqeyində qalır. Vahid namizədlərin müəyyənləşdirilməsində çətinliklər, koalisiyalar arasındakı fikir ayrılıqları və seçici passivliyi müxalifət üçün əlavə problemlər yaradır. Bu parçalanma isə “Gürcü arzusu”nun mövqeyini möhkəmləndirir.
Seçkilərin nəticəsinin rayonlar üzrə ayrıca hesablanması da iqtidarın lehinə işləyən amillərdəndir. Regionlarda geniş sosial baza və təşkilatlanma üstünlüyü “Gürcü arzusu”na əlavə dividentlər qazandıracaq. Müxalifətin zəifliyi fonunda partiyanın yerli seçkilərdə böyük fərqlə qalib gəlməsi ehtimalı yüksəkdir.
Bəli, mövcud siyasi reallıq yerli seçkilər öncəsi güc balansının iqtidarın xeyrinə olduğunu göstərir. Müxalifət partiyalarının proseslərdə hansı mövqe tutacağı onların öz təşəbbüsü və daxili qərarvermə imkanlarından çox, xarici tərəfdaşların və havadarların mövqeyi ilə müəyyən olunur. Bu isə ictimai rəyə birbaşa təsir edir. Seçicilər müstəqil siyasi iradə sərgiləməyən qüvvələrə etimad göstərmirlər. Nəticədə real alternativin formalaşması mümkün olmur. Bu tip siyasi yanaşmalar həm ictimai rəyin formalaşmasında, həm də seçkinin nəticələrində özünü göstərə bilər.
– Seçkilərdə iştirak edəcəklərini açıqlayan müxalifət partiyalarının böyük şəhərlərdə qalib gəlmək şansı varmı? Ötən il parlament seçkilərində onlar Tbilisi, Kutaisi, Batumidə fəal idilər, kifayət qədər səs toplamışdılar...
– Müxalifətin yerli seçkilərdə, xüsusilə də iri şəhərlərdə uğur qazanma ehtimalı azdır. Ötənilki parlament seçkilərində bəzi dairələrdə müəyyən fəallıq və dəstək müşahidə olunsa da, yerli seçkilər fərqli dinamikaya malikdir. Burada seçici davranışı daha çox yerli səviyyədə əlaqələrə, təşkilatlanma gücünə və sahədəki aktivliyə əsaslanır. Hazırda yalnız bir neçə müxalif partiya – “Lelo – Güclü Gürcüstan”, “Qaxariya – Gürcüstan üçün” və “Yeni siyasi mərkəz – Qırçı” yerli seçkilərdə iştirak edəcəyini bəyan edib. Amma ümumi mənzərədə müxalifət parçalanmış vəziyyətdədir və əksəriyyət ya boykot mövqeyindədir, ya da hələ də qərarsızdır. Koordinasiyanın və vahid strategiyanın olmaması onların rəqabət imkanlarını ciddi şəkildə zəiflədir.
Tbilisidə müxalifətin müəyyən sosial qruplar arasında dəstəyi qalsa da, bu dəstək qələbə üçün yetərli deyil. “Gürcü arzusu”nun paytaxtda nüfuzu ciddi şəkildə sarsılmayıb və onların seçici bazası sabitliyini qoruyur. Üstəlik, iqtidar partiyası Tbilisidə müxalifətin qarşısına güclü rəqib çıxarır. Kaxa Kaladzenin Tbilisi meri seçkilərində üçüncü dəfə namizədliyi irəli sürülüb.
Batumidə müəyyən imkanlar olsa da, bu üstünlük lokal xarakter daşıyır və ölkə üzrə nəticəyə ciddi təsir göstərmək gücündə deyil. Eyni zamanda, müxalifət düşərgəsində vahid namizədlərin razılaşdırılmaması, seçki kampaniyalarının zəif təşkili və ümumi passivlik vəziyyəti daha da ağırlaşdırır. Seçici motivasiyasının aşağı olması da onların lehinə işləmir. Belə bir şəraitdə, “Gürcü arzusu”nun həm mer vəzifələri, həm də sakrebulo yerləri üzrə 64 bələdiyyənin mütləq əksəriyyətində qalib gəlmə ehtimalı yüksəkdir.
Yekunda onu da deyim ki, müxalifət yalnız simvolik səviyyədə uğur qazana bilər. Onların seçkinin nəticələrinə həlledici təsir göstərmək imkanları hazırkı mərhələdə həm təşkilati, həm də siyasi baxımdan olduqca məhduddur.
– Gürcüstanda yaşayan azərbaycanlı seçicilər həmişə fəal olublar. Onların yerli seçkilərdə daha çox kimlərə səs verəcəkləri barədə nə deyərdiniz?
– Gürcüstanda yaşayan azərbaycanlılar həmişə seçkilərdə fəal olublar. Son illərin təcrübəsi göstərir ki, onların əksəriyyəti hakim “Gürcü arzusu” partiyasına səs verirlər. Bu davranış əsasən sosial-iqtisadi sabitlik, inzibati resurslara çıxış və yerli strukturlarda mövcud olan möhkəm siyasi əlaqələrlə bağlıdır. Seçicilər, xüsusilə də kənd yerlərində yaşayanlar, əsasən iş imkanları, sosial yardımlar və dövlətə yaxınlıq kimi praktiki meyarlara əsaslanaraq qərar verirlər.
Müxalifət partiyalarının bu bölgələrdə zəif fəaliyyət göstərməsi də mühüm rol oynayır. Azərbaycanlıların yaşadığı rayonlarda müxalifət təşviqat və ictimai fəaliyyət baxımından fəallıq nümayiş etdirmir. Nəticədə, seçicilər müxalifətə etimad göstərmir, onların proqram və mövqeləri barədə ya məlumatsızdırlar, ya da onları qeyri-real hesab edirlər. Eyni zamanda, dil baryeri, sosial məsafə və etnik kimlik səbəbindən müxalifət bu icma ilə kifayət qədər əlaqə qura bilmir.
Bu seçicilər arasında loyal və konservativ davranış modeli müşahidə olunur. Yəni onlar radikal dəyişikliklərə deyil, daha çox sabitliyə və mövcud quruluşa üstünlük verirlər. Bu, xüsusilə etnik azlıqlar arasında özünü daha güclü şəkildə göstərir. Azərbaycanın bölgədəki nüfuzlu şəxsləri, yerli liderlər və icma təmsilçiləri də əsasən “Gürcü arzusu” ilə əməkdaşlıq etdiyindən, əhali onların mövqeyini dəstəkləməyə meyillidir.
Bu şərtlər daxilində yerli seçkilərdə Gürcüstan azərbaycanlılarının böyük hissəsi yenə də “Gürcü arzusu”na səs verəcək. Müxalifətin bu bölgədə ciddi siyasi alternativ formalaşdırmadığı və yerli əhali ilə davamlı ünsiyyət qurmadığı müddətdə bu tendensiyanın dəyişməsi çətin görünür.
Pünhan ƏFƏNDİYEV
XQ