“Xəzinə yüklü Qarabağ gözəli”, “Şuşa xanım” sərgi...

post-img

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəni irs” Forumunun ikinci günündə panellər arasında olan fasilədə tədbir çərçivəsində forum iştirakçıları üçün nəzərdə tutulmuş sərgiyə baxdım. “Qarabağ incəsənət düşərgəsi” adlı rəssam və heykəltaraşların əsərlərindən ibarət olan sərgidə Heydər Əliyev Fondu tərəfindən nəşr edilən və  Qarabağdakı maddi-mədəni irsimizi əks etdirən qədim əşyalarla yanaşı ingilis dilində çap olunmuş kitab-albomlarda işğaldan azad edilmiş ərazilərimizdəki sənət nümunələri, onların real təsvirlərini də görmək mümkün idi. 

Burada, həmçinin müxtəlif rəssam və heykəltaraşların ərsəyə gətirdikləri əl işləri  sərgilənirdi. Cavanşir Məmmədovun “Qarabağ”, “Əziz Şuşa, sən azadsan!”, Samir Səmədovun “Xəzinə yüklü Qarabağ gözəli”, Kamran Əsədovun “Zəfər”, “Ətrin xatirəsi”, Müşfiq Heydərovun “Çövkən oyunu” və digər müəlliflərin rəngkarlıq və heykəltaraşlıq nümunələri insanı bir baxışla heyran edirdi. 

Sərgi məkanında yer alan Gömrük Tarixi Muzeyinin stendində də maraqlı nümunələrə rast gəlinirdi. Qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmağa cəhd göstərilən əşyalar, maddi mədəniyyət nümunələri, zinət əşyalarından silah növlərinə, qiymətli əlyazmalardan musiqi alətlərinə qədər müxtəlif əsərlər maraqla qarşılanırdı. Sərgidə, həmçinin təkəlduz tətbiqi sənət növü, misgərlik, zərgərlik, quramalar, təzhib, balaban və sədəfdüzmə nümunələri, şəbəkə üslubunda olan gümüş əşyalar da təqdim olunurdu.  

Yaxınlaşıb stendlərlə tanış oldum. Forumda iştirak etmək üçün Şəkidən qonaq gəlmiş Hacı Hüseyn uzun illərdir şəbəkə sənəti növü ilə məşğul olduğunu dedi: - Şəkidə şəbəkə sexində çalışıram. Artıq 35 ildir bununla məşğul oluram. 1000 illik tarixə malik  Azərbaycanın qədim sənəti olan şəbəkə haqqında gələn qonaqlara məlumat verirəm. Şəbəkə sənətinə yenilik gətirdiyini deyən Hacı Hüseyn deyir ki, əsrlər boyu şəbəkə düz lövhə şəklində işlənib hazırlanıb: - Hər bir sənət sahəsində olduğu kimi şəbəkə sənətində də yenilik etməyə ehtiyac var idi. Qərara aldım ki, şəbəkəni  kürə şəklində işləyib hazırlayım. Bu şəbəkə növü ilə bir çox müsabiqələrdə birinci yerə layiq görüldüm. Şəbəkə üsulu ilə musiqi alətləri də hazırladığını deyən Hacı Hüseyn şəbəkəli kamança, tar, balaban və dəf alətlərinin də müəllifidir. Dünyada bənzəri olmayan bu nümunələr Heydər Əliyev Mərkəzində sərgilənir. 

Başqa bir stenddə isə Xurşidbanu Natəvanın obrazı əsasında yaradılmış və xüsusi ornamentlərlə bəzədilmiş “Şuşa xanım” əsəri nümayiş olunurdu. Bu əl işinin digərlərindən fərqi süni intellekt vasitəsilə yaradılması və kodlaşdırılması idi. Qeyd edək ki, şəkil “Artivive” mobil tədbiqi vasitəsilə canlandırılır, arxa fonda ifa olunan musiqinin təsiri ilə təsvirlər dəyişir. 

Fidan SALMANOVA
XQ






















Mədəniyyət