Türkün marşı

post-img

Boy boylayıb, soy soylayıb ozan babam, Qorqud dədəm,
Qazax dədəm, özbək dədəm, türkmən dədəm, başqırd dədəm.
Savaşlardan barışlara cığır açıb Bozqurd dədəm,
Haqsızlığın qarşısında susmamışam - görk olmuşam,

Nə yaxşı ki, türk doğulmuş, türk gəlmişəm, türk olmuşam.
Aydoğduyam, Gündoğduyam, Tanrıdağdan başlar yolum,
Qandal nədi bilməz əlim, zəncir nədi bilməz qolum.
Dağlar aşıb, çaylar keçib bəyim, xanım, şahım, ulum,
Bərkə-boşa düşən zaman inadımdan bərk olmuşam,
Nə yaxşı ki, türk doğulmuş, türk gəlmişəm, türk olmuşam.

“Ərgənəqon”, “Yaradılış”, “Alp Ər Tonqa” sözüm mənim,
“Bilqamıs”dır, “Alpamış”dır, “Şu”dur, “Köç”dür izim mənim.
Manas kimi min illərdir yerə gəlməz dizim mənim,
Tarix ilə həmyaşıdam, artıq belə dərk olmuşam,
Nə yaxşı ki, türk doğulmuş, türk gəlmişəm, türk olmuşam.

Qutluq Kağan, Xəzər Xaqan, Batı, Mete, Babur şahım,
Atilla, Alptəkin, Səlcuq, Xarəzmşah, Osman şanım.
Əmir Teymur deyəcək ki, tanı məni - bu nişanım -
Başımdakı börküm kimi, el-obama börk olmuşam,
Nə yaxşı ki, türk doğulmuş, türk gəlmişəm, türk olmuşam.

Uzaq yollar yora bilməz Simurqumun qanadını,
Rüzgarları ötüb keçər, mahmızlasam boz atımı.
Xain kafir yaxşı bilir, yumruğumu, toqatımı,
Biri türkə soyuq baxsa, özüm türkə kürk olmuşam,
Nə yaxşı ki, türk doğulmuş, türk gəlmişəm, türk olmuşam.

Elxan YURDOĞLU

Mədəniyyət