“Erməni məsələsi” Cabbarlının bədii təqdimatında

post-img

Tarixən bizlərə qarşı istifadə edilən “erməni məsələsi” kartının kökləri dərinlərə gedib çıxır. Azərbaycan ədəbiyyatı və mətbuatında bu məsələ Mirzə Fətəli Axundzadədən başlayaraq, Həsən bəy Zərdabi və davamçılarına qədər geniş qələmə alınıb. Osmanlıya qarşı formalaşdırılan “Şərq məsələsi”, “Xəstə dövlət” anlayışları kimi, “erməni məsələsi” də eyni qondarma mahiyyət daşıyıb.

Ölümündən sonra belə Azərbaycan Cümhuriyyəti dövründəki millətsevər fəallığı sovetlər tərəfindən yaddan çıxarılmayan Cəfər Cabbarlı 1905-ci il hadisələrinin 25 illiyində, özü də sovet rejiminin tüğyan etdiyi bir zamanda eyni adlı pyesini yazmışdı. “1905-ci ildə” adını seçməklə bir sənətkar kimi məharətli gediş etmişdi. Görkəmli dramaturq həmin ildə ermənilərin törətdiyi tarixi qırğınları dəqiq əks etdirməklə yanaşı, şərtiliyi də ortaya qoymuşdu. Bu əsəri oxuyarkən 1918–1920-ci illərin qırğınları da göz önünə gəlmişdi.

Zamanında bəzi proletar tənqidçilər bu əsərin yazılmasını demaqoqluqla qınamışdılar. Təbii ki, 30-cu illərdə belə fikirlərin olması anlaşılandır. O dövrün sifarişli tənqidçi yazarları ötən tarixi, ümumiyyətlə, unutdurmaqda maraqlı idilər.

İctimai-sosial proseslərdən hələ yeniyetmə ikən xəbərdar olan Cəfər Cabbarlı bu əsərində də özünün həm dramaturuq, həm də bir ictimai tədqiqatçı kimi bütün bacarığından istifadə etmişdir. Erməni personajlarına ad qoyarkən Eyvaz, Allahverdi kimi isimlərdən istifadə edən dramaturq dövrün tələbinə uyğun olaraq, xalqlar dostluğu xəttini qabartsa da, əslində, ermənilərin bizim mədəniyyətin təsiri altında olduqlarını əks etdirmişdir. Müəllif bolşevik Eyvaza “Koroğlu” dastanından gələn adı qoymaqla bu təsiri bədii baxımdan təsdiq edir.

Əsər məşhur “Sarı gəlin” mahnısının ifasıyla başlanır. Bununla Cəfər Cabbarlı tərəfindən ermənilərin bu musiqi əsərinə sahib çıxmaq istəməsi detalı da ortaya qoyulur. Mahiyyət etibarı ilə zorakı üsullara pis baxmayan bolşevik Eyvaz Əsriyanın dostu olan azərbaycanlı Baxşı belə işlərdən uzaqdır. Kasıb kəndli olan Baxşı inanır ki, insanlar bir-birini qırmadan belə azad gələcək qura bilərlər. Eyvazın Qarabağa gəldiyi zaman İmamverdiyə “mən naçalnik olsaydım əvvəl-axır hamınızı divara söykəyib güllələrdim” deməsi erməni xisləti ilə bolşevik qəddarlığının eyniliyi kimi görünür.

Kəndli Baxşı kimi, milli burjuaziya nümayəndəsi Bahadır bəy də qan tökülməsinin əleyhinədir. O, milli muxtariyyət istəsə də, buna həmişə Salamov mane olur. Qubernator kürd əsilli Salamova, guya, Türkiyənin mənafeyi üçün çalışaraq “Siz olmasanız, ermənilər Türkiyəni ələ keçirər”, – deyir. Bununla qubernator çoxplanlı oyununu sərgiləyir. Hiyləgərcəsinə Salamova təsir etməyə çalışır. Özünü hələ dağılmamış, müsəlmanları qismən də olsa, birləşdirən Osmanlı dövlətinin təəssübünü çəkən birisi kimi qələmə verir. Lakin onun əsas niyyəti “ikibaşlı qartalı” qorumaq üçün milli qarşıdurmanı alovlandırmaq olur. Cəfər Cabbarlı qubernatorun dilindən bu ifadələri verməklə, əslində, 1905–1920-ci illərdə Qafqazda və Anadoluda ermənilərin qırğın siyasətinin konturlarını oxuculara təqdim edə bilmişdir.

Salamovdan sonra Ağamyanla görüşən qubernator “Tatarlar vəhşi tayfadır” – deyərək onu da qızışdırmış olur. Burada Ağamyan Azərbaycan və Türkiyənin timsalında türklərə olan nifrətini püskürür. Bu səhnədə Keşiş personajı bircə dəfə danışsa da, kilsənin erməni şovinizmindəki rolu açıq görünür.

Milli qırğın siyasəti icra olunmağa başlayanda qubernatorla polismeyster arasında gedən dialoq diqqətə layiqdir. Polismeysterin “Kazaklar kimə kömək etsin?” sualına qubernator “Kimə? Heç kimə. Hər iki tərəfdə ara soyuduqda onları qızışdırsınlar” deyə cavab verir. Cəfər Cabbarlı onun dilindən belə lakonik cavabı verməklə obrazın mahiyyətini tamamilə açmış olur. Qubernatorun bolşevik Volodini ittiham edərkən onu vətən və millət xaini adlandırması, müharibədən çıxan imperiyanın taxt-tacını düşmənlərin ayağı altına salmaq istəməkdə ittiham etməsi də tarixi baxımdan həqiqəti əks etdirir. Burada Cabbarlı bir daha bədii şərtilikdən məharətlə istifadə edir. 1905-ci ildə başa çatmış rus-yapon müharibəsi timsalında 1917-ci il hadisələrinə də üstüörtülü toxuna bilir.

Nəhayət, azərbaycanlı Baxşı da silahlı üsyan fikrinin tərəfdarına çevrilir. Burada da ermənilərin xüsusi payı olur. Onlar Baxşını qubernatoru öldürməyə təhrik edirlər. Məhkəmə zamanı isə Eyvaz Əsriyan ittiham olunur. Bu zaman Baxşı günahı boynuna alsa da, Salamovun onu ermənilərin casusu adlandırması, yalan söylədiyini deməsi həyatını xilas edir. Qanlı hadisələrin təşkilində maraqlı olan Əsriyan çar məhkəməsi tərəfindən edama məruz qalır. Baxşı isə 5 il cəza alır. Bununla C.Cabbarlı bir sənətkar kimi “terrora dəstək verən erməni” anlayışını da ölümə məhkum edir.

Bu cəzanın elə çar Rusiyasının məhkəməsi tərəfindən verilməsi də düşündürücüdür.

Ceyhun MİRZƏLİ, sənətşünas

Mədəniyyət