Bu rəqəmlər nüvə silahından hərbi məqsədlə ilk istifadənin start göstəricisidir...
Yetmiş səkkiz il bundan əvvəl ABŞ-ın “B29 Enola Gay” təyyarəsi “Uran 235” tipli 15 tonluq atom bombasını günahsız Xirosima sakinlərinin üstünə atdı. Müdhiş partlayış nəticəsində 200 minlik şəhərdə 27 min insan həyatını itirdi. O vaxtdan bugünədək Xirosimada radiasiyadan ölənlərin ümumi sayı 145 mini ötüb.
Xirosimadan 3 gün sonra, avqustun 9-da saat 10:45 radələrində Birləşmiş Ştatların “Platinium 239” tipli hərbi təyyarəsi “Fatman” (kök adam) adlı 21 tonluq ikinci nüvə başlığını Naqasakiyə atır.
Hadisədən 6 gün sonra Yaponiya qeyd-şərtsiz təslim oldu. 1945-ci il 6 avqust faciəsinin qurbanlarının xatirəsinə həmin gün tarixə Ümumdünya Nüvə Silahlarının Qadağan Edilməsi Günü kimi düşüb.
Hazırda Xirosima və Naqasakiyə atılan atom bombalarından dəfələrlə böyük dağıdıcı gücə malik nüvə silahları Rusiya, ABŞ, Çin, Hindistan, Pakistan, İngiltərə, Fransa arsenalına daxildir. Bu dövlətlər Xirosimaya atılan bombadan 2500 qat güclüsünü istehsal etməyə qadirdir. Alimlərin hesablamalarına görə, indi dünyada 3 mindən çox nüvə başlığı var. Amma Yer planetini məhvərindən çıxarmağa cəmi ikisi-üçü yetər.
* * *
XXI əsrdə bəşəriyyət Rusiya və NATO ölkələrinin timsalında nüvə qarşıdurmasından, atom müharibəsindən danışır. Bu təhdidedici hərbi ritorika daha çox RF Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident və baş nazır Dmitri Medvedevin dilindən səsləndirilir. Moskvanın “diplomatik nüvə hücumlarına” “Profil” jurnalının baş redaktoru Sergey Karaqanov da dəstək verir.
“Düşmən bilməlidir ki, onun keçmiş və indiki hücumları müqabilində qlobal termonüvə müharibəsinin qarşısını almaq üçün cavab olaraq qabaqlayıcı zərbə endirməyə hazırıq. Amma onlar geri çəkilməsələr necə? Onda bir sıra ölkədə bir neçə hədəfi vurmalı olacağıq ki, ağılları başına gəlsin”. Bu sözlərin müəllifi, sərt siyasi baxışları ilə tanınan Karaqanova görə, Rusiya “nüvə silahının tətbiq edilməsi həddini endirməklə”, onun çəkindirici rolunu yenidən “inandırıcı amilə çevirməli olacaq”. Artıq dünya Moskvanın nüvə təhdidlərinə sanki öyrəşib. Fəlakət düyməli nüvə diplomatı daim yanında olan Vladimir Putin Rusiyanın Belarusda taktiki nüvə silahlarını yerləşdirdiyini təsdiqləyib. O bildirib ki, bu addım Moskvanı “strateji məğlubiyyətə” düçar etməyə ümid edənləri ciddi düşünməyə vadar edəcək.
Məsələnin maraqlı və önəmli tərəfi həm də odur ki, Ukrayna müharibəsində nüvə silahından istifadə edilib-edilməməsi mövzusu az qala ictimai müzakirəyə çıxarılır.
İkinci Dünya müharibəsindən sonrakı dövrdə dünyanın fərqli nöqtələrində hərbi əməliyyatların gözlənilməz nəticələrə gətirib çıxardığına dair çoxlu nümunə var. Amma ən böhranlı vəziyyətdə belə tərəflərdən heç biri nüvə silahından istifadə etməyib. Nüvə zərbəsi münaqişəni tamamilə gözlənilməz səviyyəyə qaldıra və qarşıdurma riskini dəfələrlə artıra bilər.
Əlbəttə, Avropanı radioaktiv xarabalığa çevirə biləcək “nüvə ruleti” olduqca təhlükəli oyun, tətbiq edilə biləcək ən pis hərbi taktikadır. Hərdən macəra həvəskarları, təhlükəli qumar oyunlarının “va-bank”çıları kimi danışan Kremlin rəsmi və qeyri-rəsmi təhdidçi-ekspertləri bunu unutmamalıdırlar.
Müşahidə etdiyimiz hərbi-siyasi mənzərə budur ki, Ukrayna ordusunun əks-hücumlarının gücləndiyi vaxtda Kremldə Qərbə qarşı radikal hərbi ritorika artdıqca, nüvə silahından istifadə barədə müzakirələr də gündəmdə qalmaqda davam edir.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”

