Rusiya-Ukrayna müharibəsi hansı tərəfin qələbəsi ilə başa çatacaq? Son il yarımda bu mövzuda saysız-hesabsız ehtimallar, fikir və mülahizələr səsləndirilib. Ümumi rəy belədir ki, Rusiya hərbi və canlı qüvvə baxımından daha güclüdürsə, Ukrayna əsgəri daha motivasiyalıdır.
Hər bir müharibənin taleyi döyüş meydanlarında həll olunsa da, son sözü, əlbəttə, siyasətçilər və diplomatlar deyirlər. Reallıq budur ki, böyük güclər Rusiya–Ukrayna müharibəsinin bitməsi üçün real addımlar atmağa başlayıblar. Bununla da sülh danışıqlarına faktiki olaraq start verilib.
Dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində otuz ölkənin iştirakı ilə başlanan məsləhətləşmələr Rusiya–Ukrayna münaqişəsinin tarixində yeni mərhələnin başlandığına dəlalət edir. Ən qəribə və maraqlı cəhət budur ki, həmin danışıqlara Rusiya, Ukrayna rəsmiləri dəvət edilməyiblər.
Bu məqamda Ukraynada son sutka ərzində ağır döyüşlərin xronologiyasına nəzər yetirək. Dünən cəbhənin bütün təmas xətti boyunca atışmalar davam edib. Ukrayna Silahlı Qüvvələri (SQ) Baş Qərargahının operativ məlumatında deyilir ki, son 24 saatda 40-a yaxın döyüş qarşıdurması qeydə alınıb.
Dünən ruslar tərəfindən Ukraynaya 57 hava zərbəsi endirilib, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 29 atəş açılıb. Ukraynanın hava hücumundan müdafiə qüvvələri rəqibin 15 dronunu zərərsizləşdirib. Lakin ölkənin bütün ərazisinə raket və hava zərbələri təhlükəsi qalır.
UNİAN agentliyi xəbər verir ki, Rusiya qoşunları ağır artilleriyadan istifadə edərək Nevsk, Biloqorivka, Verxnokamyansk, Spirna, Torsk yaşayış məntəqələrinə zərbələr endiriblər. Donetsk vilayətinin şərqində yerləşən Baxmutda isə ağır döyüşlər səngimək bilmir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahın məlumatına görə, ruslar Marinski şəhərinə də hücum ediblər. Zaporojyedə isə 20-dən çox yaşayış məntəqəsi vurulub. Ukrayna Müdafiə Qüvvələri, öz növbəsində Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdiriblər.
Göründüyü kimi, 2022-ci il fevralın 24-də başlayan və artıq 18 aydır davam edən Rusiya–Ukrayna müharibəsi tərəflərin heç birinin aşkar üstünlüyünün olmadığı, ağır, üzücü bir dövrə daxil olub.
Bu arada məlum olub ki, Rusiya hökuməti 2023-cü il üçün hədəf müdafiə xərclərini iki dəfə artırır. “Reuters” agentliyinin məlumatına görə, 2023-cü ilin ilk altı ayında Rusiyanın müdafiə xərcləri 5,59 trilyon rubl təşkil edib ki, bu da əvvəlcədən planlaşdırılandan 37,3 faiz çoxdur.
Ukraynanı isə Qərbdəki müttəfiqləri dəstəkləməkdə davam edirlər. Məsələn, bu günlərdə Almaniya Ukraynaya yeni hərbi texnika tədarük edib. Müvafiq sənəd Bundestaqın saytında yerləşdirilib.
Siyahıya əsasən, Ukraynaya son bir həftə ərzində iki minatəmizləmə tankı təhvil verilib. “T-72” tankları üçün 11 mina əleyhinə avadanlıq gətirilib. Almaniya Danimarka və Norveçdən Ukraynaya iki "Zuzana 2" özüyeriyən haubitsasının təhvil verildiyini təsdiqləyib.
Yenidən sülh danışıqları mövzusuna qayıdaq. Dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə məsləhətləşmələr başlayıb. İki gün davam edəcək müzakirələrdə 30 ölkənin nümayəndələri iştirak edir.
Toplantı təhlükəsizlik üzrə müşavirlər səviyyəsində keçirilir. Məsləhətləşmələrə Braziliya, Böyük Britaniya, Zambiya, Çin, Misir, Aİ, Hindistan, İndoneziya, Meksika, Polşa, ABŞ, Çili, Cənubi Koreya, Cənubi Afrika Respublikası və digər dövlətlərdən rəsmi şəxslər qatılıb. Çini Avrasiya məsələləri üzrə xüsusi nümayəndə Li Hui təmsil edir.
Görüşün məqsədi siyasi və diplomatik səylərlə böhranın həlli yollarına dair beynəlxalq səviyyədə fikir mübadiləsi və koordinasiya vasitəsilə dialoq və əməkdaşlığı gücləndirməkdir.
Bakı Dövlət Universitetinin “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının professoru Aydın İbrahimov bildirdi ki, Ciddə danışıqları Rusiya–Ukrayna müharibəsinin danışıqlar yolu ilə bitməsi üçün növbəti addımdır. Münaqişənin ilk aylarında Türkiyənin təşəbbüsü ilə İstanbulda müzakirələr olmuşdu. Sonra Çin tərəflər arasında vasitəçilik etmək təşəbbüsündə bulundu. Bu təşəbbüslər o zaman real nəticə vermədi.
Professor A.İbrahimov hesab edir ki, Ciddə danışıqlarından ciddi nəticə gözləməyə əsas yoxdur. Belə ki, buna bənzər təşəbbüslər bundan sonra da olacaq. Sülh danışıqları uzun çəkən prosesdir. Rusiya və Ukraynanın məqsədləri tamam fərqlidir. Vacib olan odur ki, liderlər siyasi iradə və güc tapıb bu münaqişəyə son qoysunlar.
Atamoğlan MƏMMƏDLİ,
tarix elmləri doktoru, politoloq
– Tarixdə bütün müharibələr gec-tez danışıqlar, müzakirələr yolu ilə başa çatır. Son günlər Ukraynada döyüşlərin dayandırılması ilə bağlı təklif və mülahizələr tez-tez səsləndirilir. Fikrimcə, Səudiyyə Ərəbistanın Ciddə şəhərində sülh danışıqlarının başlanması heç də təsadüfi deyil, tarixi zərurətdən qaynaqlanır.
Rusiya-Ukrayna müharibəsinin ilk günlərində çoxları savaşın Rusiyanın xeyrinə tezliklə bitəcəyini ehtimal edirdilər. Amma, bu, belə olmadı. Belə ki, Ukrayna xalqı fədakarcasına doğma torpaqlarının müdafiəsinə qalxdı.
Bu müharibə iki yaxın qonşu slavyan xalqları arasında gedir. Bu vaxtadək hər iki tərəfdən on minlərlə insan həlak olub. Onların arasında uşaq, qadın, ahıllar olmaqla, çox sayda dinc sakinlər də var.
İkinci Dünya müharibəsindən sonra planetimizdə heç vaxt belə böyük miqyasda müharibə olmayıb. Bu savaş beynəlxalq iflasa uğradığını sübut edir. Dünya gözümüz önündə çalxalanır. Planetimizə yeni dünya düzəni lazımdır. Hələlik isə böyük güclər proksi müharibələr aparıb rəqiblərini zəiflətməklə məşğuldurlar.
Ukraynanın yüzlərlə şəhəri, minlərlə kəndi dağıdılıb. Ölkə əhalisinin az qala üçdə biri qaçqın və köçkün düşüb. Onların böyük bir qismi yaxın və uzaq xarici ölkələrdə məskunlaşıb. Müharibənin nə vaxt bitəcəyi tarixi ehtimal etməyə heş kəs cəsarət etmir.
Müharibələr yeni, daha ağır silahların sınağı üçün geniş meydandır. Böyük dövlətlər silah satışından böyük gəlirlər əldə edirlər. Ona görə də planetimizin bu və ya digər regionlarında ağır münaqişə ocaqlarının “peyda olması” təbiidir. Nisbətən balaca xalqları, kiçik dövlətlərin taleyi isə heç kimi düşündürmür.
Dünyada həqiqətən ədalətli və prinsipial siyasət yürüdən bir dövlət varsa, o da qardaş Türkiyədir. Məlum olduğu kimi, bu il avqustun 2-də Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. Türkiyə lideri Ukraynada müharibənin dayandırılması üçün gərgin səylər göstərir. Mütərəqqi bəşəriyyət bunu alqışlayır.
Ümid etmək istərdik ki, planetimizdə tezliklə sağlam düşüncə və məntiq qələbə çalacaq və Ukrayna torpağına, nəhayət, sülh və əmin-amanlıq gələcək.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”


