(Əvvəli https://xalqqazeti.az/sosial-heyat/134539-qebelede-alban-qebiristanligi-niye-dagidilib )
O daşlar babaların yurda sahiblik möhürüdür
Qədim yaşayış məskənləri, adətən, çay və ya digər su hövzələrinə yaxın ərazidə salınırdı. Bu məskənlərdən biri də Qəbələ rayonunun Əmirvan kəndi yaxınlığında, Dəstəmaz çayı sahilində qədim alban yaşayış məskəni olub. Yaxınlıqdakı meşəlik ərazidə qədim qəbiristanlıqların olması da bunun əyani sübutudur.
Əmirvan kənd orta məktəbində müəllim işlədiyim dövrdə həmin ərazidə yerləşən 3 alban qəbiristanlıqlarını ziyarət etmişdim. Hər üçündə kiçik ölçülü qəbirlərlə yanaşı, ölçüləri 2 metr və ondan böyük olan dördkünc torpaq qəbirlər də vardı. Bu qədim qəbir abidələrinin baş və sinə daşlarının ölçüləri dəfn olunan şəxslərin hündürboylu olduğuna dəlalət edirdi.
Qəbir abidələrinin üzərindəki damğaların, rəmz və simvolların zənginliyini görəndə çox təəccüblənmişdim, çünki başqa heç bir yerdə – qəbir daşlarında – bu qədər zənginlik görməmişdim.
Görünür, bu səbəbdən də onlar ötən əsrin 60-cı illərinin sonu 70-ci illərinin əvvəllərində arxeoloqların diqqət mərkəzində olub. Arxeoloq Firudin Qədirovun rəhbərliyi altında ekspedisiya təşkil olunub və meşəlik ərazidəki qəbiristanlıqlarda arxeoloji qazıntı işləri aparılıb. Bu barədə Əmirvan kənd orta məktəbinin keçmiş direktoru Əmirxan Burzuyev deyir:
– 1969-cu il idi. Tarix elmlər namizədi Firudin Qədirovun rəhbərliyi ilə meşəlik ərazidəki alban qəbiristanlıqlarının yerləşdiyi ərazidə arxeoloji qazıntı işləri aparılırdı. Həmin vaxt Firudin Qədirov hələ 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası tərəfindən yaradılmış Qəbələ arxeoloji ekspedisiyasının tərkibində çalışırdı. Meşəlik ərazidəki qazıntı işləri də Qəbələdə arxeoloji tədqiqatlar çərçivəsində həyata keçirilirdi.
Bir gün Firudin Qədirov Əmirvan kənd orta məktəbinin rəhbərliyinə köməklik göstərilməsi üçün müraciət etdi. Qazıntı işləri aparılarkən ərazidəki iri qəbir daşlarından biri onun diqqətini cəlb etmiş, üzərindəki damğalar marağına səbəb olmuşdu. Bu səbəbdən də qəbir daşını yük maşınına yükləyib Bakıya, akademiyaya aparmaq, damğaların mənalarını öyrənmək niyyətində idi. Daş ağır olduğundan onu yük maşınının (QAZ-51) banına qaldıra bilməmişdilər.
Əmirxan müəllim dedi ki, o zaman Nadir Nəsrullayev, Sabir Aydınov, Arif və Sabir Rizvanovlar, Sabir Məsimov və s. şagirdlərdən ibarət qrup yaradıldı və kömək göstərilməsi üçün arxeoloji qazıntı işləri aparılan əraziyə göndərildi. Qəbir daşı Bakıya aparıldı.
Çox maraqlıdır ki, bundan sonra alban qəbiristanlıqları ilə maraqlanan olmayıb və bu abidələr taleyin ümidinə buraxılıb. Bir müddət ciddi dağıntılara da məruz qalmayıb. Mən 1990-cı ildə alban qəbiristanlığını ziyarət edəndə qəbir daşları yerində idi, “qızıl axtaranlar” qəbirlərdə dəlmə-deşiklər açmamışdılar.
Nəhayət 33 ildən sonra, Qəbələyə səfərim zamanı yenidən alban qəbiristanlığında oldum. Gördüklərimdən çox məyus qaldım, çünki qəbir abidələri dağıdılmışdı.
Keçmişə işıq saçacaq tarixi faktlar beləcə məhv edilmişdi.
Alban xaçları nə deyir?
Əvvəlcə ilk dəfə rast gəldiyim qəbir abidələrinin üzərindəki damğa və rəmzlər barədə məlumat vermək istərdim. Çünki diqqətimi çəkən onlar olmuş və mənasını öyrənməyi istəsəm də, ilk cəhdlərim uğursuz alınmışdı.
Bu istək isə məni heç vaxt tərk etmədi. Əmin idim ki, bir vaxt gələcək onların hansı tarixi məna daşıdığını öyrənəcəyəm. Mənə ilham verən bu damğalar və rəmzlərin Qafqaz Albaniyası əhalisinin dünyagörüşünü, dini və etnik fərqliliyini əks etdirməsinə inam idi. Doğrudan da, belə idi və sonradan tanış olduğum mənbələr də yanılmadığımı göstərdi.
Qəbir daşlarında ən çox diqqətimi çəkən onların üzərinə həkk olunmuş bərabərtərəfli xaçlar idi və demək olar ki, bir-birinə oxşayırdılar. Yəni bu xaçların dörd tərəfi də bərabər uzunluqda olub, hamısında tarazlıq qorunmuşdu.
Kompozisiya və orijinallıq baxımından zəngin olan bu xaçlar xristianlığa qədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirmişdi: Tanrını, Günəşi, həyatı təcəssüm etdirirdi. Gürcü alimi A. Şanidzenin 1938-ci ildə çap olunmuş “Qafqaz Albanlarında yeni kəşf edilmiş əlifbası və elm üçün əhəmiyyəti” əsərində bu barədə bildirilir: “Qafqaz Albaniyasında erkən xristianlıq incəsənətinin meydana çıxması və inkişafı tamamilə orijinal, özünəməxsus yolla getmişdir. Bütün alban yazılı daşlarının üzərindəki təsvirlər xristianlığaqədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsusluq təşkil edir ki, bu da başqa xalqların xaç təsvirlərində yoxdur. Odur ki, alban daş yazı nümunələrinin (xaç daşlarının, baş daşlarının və nişan daşlarının) bu cür orijinallığı və özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir”.
Daha sonra gürcü alimi yazır: “Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığaqədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunmuşdur”.
Buradan da aydın olur ki, bu xaçlar albanların xristianlıqdan əvvəl Günəşə və oda sitayiş etdiyini göstərir, xristianlığa qədərki elementlər və dini ayinlərlə birbaşa bağlıdır.
Qəbir daşlarında diqqətimi çəkən digər bir özəllik isə Alban xaçının tərəflərinin ucunun sonda üç tərəfə şaxələnməsi, yarpaqların olmasıdır ki, bu da onu qriqoryan xaçından fərqləndirir və qarışıq salınma ehtimalını sıfıra endirir.
İnna Smirnova 2006-cı ildə Moskvada çap olunmuş "Xaçın gizli tarixi" kitabında yazır: “Alban xaçları üç yarpaqlıdır və “gül-yarpaq” xaçlar növünə aid edilirlər. Bunlara müəyyən ədəbiyyatda “liliyaflüor” xaçı da deyirlər və bu xaçların qol-qanadlarındakı “üçlük” albanların qədim inanclarını (Günəş, Ay və Od) təsbit edir”.
Dörd damğada dörd xaç
Alban qəbiristanlığında diqqətimi çəkən bir baş daşını xüsusilə qeyd etmək istəyirəm. Onu başqalarından fərqləndirən dörd dairə formasındakı damğada dörd bərabərtərəfli xaç olması idi. Buna ilk dəfə əkin sahəsinin yaxınlığındakı Alban qəbiristanlığında rast gəlmişdim. Mənim üçün çox maraqlı idi. Nə üçün bir başdaşındakı dörd damğada dörd xaç var. Sən demə bu dörd cəhətin rəmzidir - Şərqi, Qərbi, Şimalı və Cənubu və dairəvi hərəkəti simvolizə edir.
Eləcə də təbiətin dörd ünsürünü – Odu, Suyu, Torpağı və Havanı özündə əks etdirir.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Sadiq Mirzəyev yazır:
–Xristianlığın burada yayılıb qəbul edilməsinədək albanlar müxtəlif tanrılara – Günəş tanrısına, Göy tanrısına, Ay tanrısına və digər səma cisimlərinə, həmçinin təbiət qüvvələrinə - suya, oda, torpağa, havaya sitayiş edirdilər. İlk orta əsr müəlliflərinin məlumatına əsasən, xristianlığın qəbuluna qədər yerli əhalinin bir hissəsi bütpərəst olmuşdur. Bütpərəstliyə aid məbədlər Qafqaz Albaniyasının ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Ölkədə müxtəlif dövrlərdə çoxallahlılıq, bütpərəstlik, atəşpərəstliyin yayılmasını arxeoloji araşdırmalar zamanı tapılan kurqanlar, daş qutu və torpaq qəbirlər, katakombalar, sarkofaqlar, küp qəbirlər və s. təsdiqləyir. Bu tapıntılar nəticəsində əhalinin dəfn adətləri və dini həyatı barədə müəyyən təsəvvürlər formalaşmışdır.
Sadiq müəllim haqlıdır. Məhz bu səbəbdəndir ki, alban xaçları özünün daha çox klassik ənənələrinə uyğunlaşdırıb, xristianlığaqədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşməsi ilə dini-bədii qanunlara tabe edilib. Deməli, bu da xristianlıqdan öncə Albaniyada mövcud olmuş inancların qalıqlarıdır.
Tale və cənnətin rəmzi
Alban qəbiristanlıqlarındakı baş daşlarında bir damğaya (svastika) da tez-tez rast gəlirdim. Aydındır ki, onun nə məna daşıdığı da marağıma səbəb oldu. Məlum oldu ki, bu damğa (hər hansı bir anlayışın, ideyanın şərti əlamətini ifadə edən işarə, rəmzdir) müxtəlif məna daşıyır. Əvvəlcə Günəş rəmzi olan damğa (svastika), sonralar “çərxi fələk” ifadəsində qalmış, sonsuzluq, əbədiyyət mənasını daşıyır. Zamanın sonsuzluğu və ölməzliyi mənasını verir. Bu həm də “Dairəvi tarix (zaman) anlayışı”, yəni, zamanın bir çarx, təkər kimi daim təkrarlanan təsəvvür edilməsi, gedib-geri qayıdışı, fırlanışı kimi başa düşülür. Necə deyərlər, dairəvi hərəkətin sonu əvvələ, başlanğıca qayıdışdır.
Digər tərəfdən möhür damğasıdır.
Bu damğanın başqa mənaları da var; məsələn, qədim türklərdə bu damğa Tanrı, Günəşi və qartal mənasını verir. İnsanı qoruyan, onu müdafiə edən simvoldur; Daha doğrusu, tale və cənnətin simvoludur. Onun pis ruhların məzara girməsinə icazə vermədiyinə və mərhumu mümkün əzabdan azad etdiyinə inanılırdı. Görünür, bu qəbir daşında bu mənanı daşıdığı daha inandırıcıdır.
Deməli, baş daşındakı bu damğa cənnətə işarədir və həmin şəxsin yaxınlarının onun cənnətə düşmə, rahatlıq tapması arzusunun göstəricisidir.
Qeyd edim ki, bu damğadan xalçaçılıqda da istifadə olunur və xalçanın əhd-peyman olaraq toxunduğunu bildirir.
Ox-yay – hakimiyyət rəmzi
Əmirvandakı alban qəbir daşlarında ox-yay damğası da xeyli maraqlıdır. Əvvəlcə dəfn olunan şəxsin ovçu, döyüşçü olduğu qənaətinə gəldim. Düşündüm ki, həmin şəxs sakinlərin ov əti ilə təmin olunmasında və ya döyüşlərdə qəhrəmanlıqlar göstərib və bu səbəblərdən də hörmət əlaməti olaraq onun qəbir daşında ox-yay həkk olunub. Amma yanıldım, təsadüfən əlimə Araz Qurbanovun “Damğalar, rəmzlər… mənimsələr” kitabı düşdü və kitabda damğanın çox fərqli izahı verilmişdi.
Kitabda bildirilir ki, bu damğa işarəsi mülkiyyət hüquqları, səlahiyyət bölgüləri və hərb sənətindən savayı, həm də dövlətçilik tarixi və ənənələri ilə də sıx şəkildə bağlıdır. Məsələn, yay hökmdarın rəmzinə, ox isə (xüsusilə qızıl və ya gümüş dəmrəli oxlar) onun vassallarının, elçilərinin səlahiyyət göstəricisidir, eyni zamanda birgə savaşa çağıran dəvət “məktubu”dur.
Araz Qurbanova görə, yay hakimiyyət, ox vassalıq bildirən damğaların birliyidir.
“Səni leylək gətirib”
Marağıma səbəb olan iki damğa da qəbir daşlarında fərqlənirdi. Onlardan birində iri dairə və onun da ortasında çox kiçik dairə vardı. Damğa sematikası üzrə mütəxəssislərin bir çoxu bu işarəni mifoloji “Dünyanın yaranması”nın, “ Ana və bətnindəki övlad” anlamının qrafik təzahürü kimi yozurlar. Hətta daş abidələrin birində bu damğa quşun dimdiyində təsvir olunur və bu bizə uşaqların müəyyən yaş dövründə valideyndən soruşduğu - “Haradan gəlmişəm?” sualının cavabını– "Səni leylək gətirib"i xatırladır. Bəlkə də bir bağlılıq var. Amma burada Günəş və Aydan söhbət gedir.
Qəbir abidələrin digərində isə əllərini yanlara açmış adam təsviri marağıma səbəb oldu. Görünür, əllərini yanlara açıb Günəşə sitayiş edir. İri lüləli gil qabları xüsusilə qeyd etmək lazımdır. Ağzı camla örtülmüş bu qabların üzərində yapma bəzək (məməciklər) vardır. Digər qəbir daşında olan üç diş damğalar da diqqət çəkir.
Göründüyü kimi, bu simvol və rəmzlər qarşılıqlı sintez əsasında bir neçə dinin təsiri altında təşəkkül tapmışdır. Keçmişimizin göstəricisidir və onları qorumaq hər birimizin borcudur.
(ardı var)
Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”



