XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatı ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə kimi yadda qaldı. Bu dövrdə cəhalətə, dini fanatizmə və sosial ədalətsizliyə qarşı çıxan maarifçi ziyalılar xalqın elmə, təhsilə və mədəni inkişafa yiyələnməsini əsas hədəf seçdilər. Böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi bu hərəkatın öncüllərindən biri kimi çıxış edərək xalqın oyanışı və tərəqqisi uğrunda yorulmadan çalışdı. Onun yüksək amallar uğrunda apardığı mübarizənin nəticəsi olaraq ilk milli mətbuatımızın əsası qoyuldu.
İmperiya əsarəti dövründə mövcud olan bütün çətinliklərə, senzura və təzyiqlərə baxmayaraq, böyük maarifçi və vətənpərvər ziyalı Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-də ilk nömrəsi nəşr olunan “Əkinçi” qəzeti vasitəsilə xalqın milli kimliyini ifadə etməyə müvəffəq oldu. “Əkinçi” təkcə bir qəzet deyildi, bu nəşr uzun illər boyu susdurulmuş bir xalqın səsi, milli düşüncənin təməli və maarifçilik ideyalarının carçısı idi. Həsən bəy Zərdabi bu qəzet vasitəsilə cəhalətə, geriliyə və xurafata qarşı mübarizə apardı, xalqı elmə, təhsilə və milli oyanışa səslədi. “Əkinçi”nin nəşri Azərbaycan milli mətbuatının başlanğıcı olmaqla yanaşı, xalqın milli şüurunun formalaşmasında mühüm rol oynadı, gələcəkdə baş verəcək azadlıq və müstəqillik ideyalarının toxumlarını səpdi.
“Əkinçi” qəzeti yalnız bir mətbuat orqanı deyil, eyni zamanda xalqın tribunası, onun duyğularının, düşüncələrinin və arzularının ifadə olunduğu bir meydan idi. Bu nəşr Azərbaycanda xalqı düşünən, onun dərdini çəkən, gələcəyi üçün narahat olan ziyalıları və maarifpərvərləri bir araya toplamağı bacardı. Təxminən iki illik fəaliyyəti dövründə “Əkinçi” qəzeti Azərbaycan xalqının ictimai şüurunun formalaşmasında müstəsna xidmətlər göstərdi.
Eyni zamanda “Əkinçi” qəzetinin təsiri ilə
Azərbaycanın maarifpərvər ziyalıları daha da fəallaşdı, cəmiyyətdə milli düşüncə və oyanış prosesi sürətləndi. Həsən bəy Zərdabinin başladığı bu iş, sonrakı illərdə Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli kimi görkəmli, tarixi şəxsiyyətlərin fəaliyyətinə böyük təsir göstərdi.
Məhz “Əkinçi” ilə başlanan yolla mütərəqqi ziyalılarımızın sayəsində Azərbaycanın milli intibah dövrünün təməli qoyuldu, mədəniyyət, ədəbiyyat və təhsil sahələrində yeni bir mərhələnin başlanğıcı yarandı.
“Əkinçi” təkcə dövrünün maarifçilik ideyalarının daşıyıcısı olmaqla kifayətlənmədi, həm də gələcəkdə Şərqin ilk dünyəvi və demokratik dövləti kimi tarixə düşəcək Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji təməllərinin formalaşmasında mühüm rol oynadı. “Əkinçi” fəaliyyəti ilə milli istiqlal yolunun ilk bələdçisi oldu və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində əhəmiyyətli rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, ölkəmiz uzun müddət sovet imperiyasının tərkibində əsarət və ideoloji basqılar altında yaşadı. Bu dövrdə milli düşüncə, azad fikir və sərbəst mətbuat məhdudlaşdırıldı. Nəhayət, 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra əsarət illərinin yaratdığı səssizliyi aradan götürüldü və ölkəmizdə azad mətbuat yaranmağa başladı.
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqil mətbuatı yeni bir inkişaf dövrünə qədəm qoydu. Ölkədə ictimai-siyasi sabitlik bərpa olunduqca söz və ifadə azadlığı sahəsində də mühüm islahatlar həyata keçirildi. Ən mühüm addımlardan biri mətbuatda senzuranın ləğvi oldu. Bu tarixi qərar azad mətbuatın inkişafı üçün mühüm hüquqi zəmin yaratdı. Azad sözə olan basqılar aradan qaldırıldı, dövlət orqanlarının media ilə əməkdaşlığı inkişaf etdi. Ülu öndər Heydər Əliyev hakimiyyəti dövründə dövlətin mətbuata münasibətində diqqət və qayğı əsas prinsipə çevrildi. Medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi və peşəkarlığın artırılması istiqamətində atılan addımlar müstəqil mətbuatın sağlam şəkildə inkişafına yol açdı.
Daha sonrakı illərdə bu sağlam ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azad və obyektiv medianın cəmiyyətdəki rolu daha da dərinləşdi, dövlət tərəfindən mətbuatın inkişafına göstərilən diqqət və qayğı artırıldı. Prezident İlham Əliyev medianı cəmiyyətin ayrılmaz bir hissəsi, dövlətlə xalq arasında körpü rolunu oynayan önəmli bir sahə kimi dəyərləndirdi. Jurnalistlərin sosial rifahının, xüsusilə də mənzil şəraitlərinin yaxşılaşdırılması və evlə təmin olunmaları istiqamətində mühüm addımlar atıldı. Bu, dövlətin mətbuata olan münasibətinin yalnız sözlə deyil, əməli dəstəklə müşayiət olunduğunu bir daha nümayiş etdirdi. Görülən tədbirlər nəticəsində media sahəsində peşəkar və azad jurnalistikanın inkişafı üçün əlverişli şərait yaradıldı. Bütün bu uğurların məntiqi nəticəsi olaraq, şərəfli və keşməkeşli bir yol keçmiş, öz üzərinə düşən tarixi missiyanı ləyaqətlə yerinə yetirmiş Azərbaycan Milli Mətbuatı bu gün özünün inkişaf dövrünü yaşayır. Hal-hazırda 150 illik yubileyinə doğru addımlayan milli mətbuatımız tarix boyu qazandığı dəyərləri və təcrübəni qoruyaraq yeni dövrün çağırışlarına uyğun şəkildə fəaliyyətini davam etdirir. Mətbuatımız təkcə informasiya daşıyıcısı deyil, həm də Vətənə, dövlətə və millətə sədaqət kimi unikal dəyərlərin daşıyıcısıdır. Peşəkarlıq, obyektivlik və ictimai məsuliyyət prinsiplərinə əsaslanan bu mətbuat ənənəsi, Azərbaycan cəmiyyətinin maariflənməsi, milli birliyin möhkəmləndirilməsi və dövlətçiliyimizin gücləndirilməsi yolunda mühüm rol oynayır.
Xumar Məmmədova, Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti