Çexiya kommunizmi nasizmlə eyniləşdirdi: təbliğatına görə 5 il həbs cəzası

post-img

Çexiya prezidenti Petr Pavel ölkə Cinayət Məcəlləsinə edilmiş və kommunist ideologiyasının təbliğatını qadağan edən düzəlişləri imzalayıb. Yeni qanuna əsasən, kommunizm nasizmlə eyniləşdirilir və onun təbliği beş ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Euractiv-in məlumatına görə, qanunvericilikdəki dəyişikliklər nasist, kommunist və ya digər insan hüquq və azadlıqlarını boğmağa, eləcə də irqçi, etnik, dini və ya sinfi nifrəti qızışdırmağa yönəlmiş hərəkatların yaradılmasını və təbliğini cinayət sayır.

Bu düzəlişlər Totalitar Rejimlərin Tədqiqi İnstitutu da daxil olmaqla, Çexiyanın bir sıra elmi qurumlarının təşəbbüsü ilə hazırlanıb. Onlar ölkədə "hüquqi disbalansın" aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Çexiya və Moraviya Kommunist Partiyası (KPMÇ), Avropa Parlamentinin deputatı Katerjina Konyeçnayanın rəhbərlik etdiyi partiya, qanunu sərt tənqid edib: “Bu, hakimiyyətin KPMÇ-ni qanun çərçivəsindən kənarlaşdırmaq və rejim tənqidçilərini qorxutmaq cəhdidir”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, KPMÇ hazırda parlamentdə təmsil olunmur. Lakin oktyabr seçkilərində iştirak edəcək "Yetti" alyansının tərkibində iştirak edən partiyanın 5 faizlik baryeri keçmək şansı var. Yeni qanunun partiyanın fəaliyyətinə necə təsir edəcəyi hələlik aydın deyil.

S.ELAY

XQ

Dünya