BDU-nun mətbuatımızın yubleyinə töhfələri

post-img

Ulu Öndər Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti və milli iftixarı” kimi dəyərləndirdiyi Bakı Dövlət Universitetində son illərdə aparılan islahatlar və infrastruktur quruculuğu təhsilin keyfiyyətinin yüksəldilməsinə və elmi potensialın inkişafına əlverişli zəmin yaratmışdır. Bakı Dövlət Universiteti ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında imzalanan əməkdaşlıq müqaviləsi bu sahədə növbəti layihələrdəndir. 

Layihə çərçivəsində universitet  və İİTKM-in birgə  hazırladığı “İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Dərs vəsaiti Bakı Dövlət Universiteti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan milli mətbuatının 150 illik yubileyinə töhfəsidir.  

Təqdimat mərasimində kitabın redaktoru İİTKM-in icraçı direktoru Vüsal Qasımlı tələbələr üçün mühüm və dəyərli olan bu dərs vəsaitinin Azərbaycan milli mətbuatının 150 illik yubileyinə önəmli töhfə adlandırdı və əlavə etdi ki, vəsait dövlət və özəl qurumlarının ictimaiyyətlə əlaqələr sahəsində çalışan mütəxəsislər üçün faydalı mənbədir. 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev  milli mətbuatın 150 illik yubileyi ərəfəsində belə bir kitabın ərsəyə gəlməsini yubleyə layiq hədiyyə olduğunu bildirdi və qeyd etdi ki, universitet ölkədə jurnalist kadrları hazırlayan əsas mərkəzdir. Son illər aparılan islahatlar nəticəsində Jurnalistika fakültəsinin fəaliyyəti müasir texnologiyalara, yeni medianın tələblərinə uyğunlaşdırılıb. Artıq Jurnalistika fakültəsində magistratura səviyyəsində “İctimaiyyətlə əlaqələr” adlı yeni ixtisas da açılıb. Təqdim edilən yeni dərs vəsaiti tədris prosesinin vacib elementi olmaqla yanaşı, informasiya cəmiyyətində uğur qazanmaq istəyən hər bir fərd və təşkilat üçün strateji bələdçi rolunu oynayacaq. Kitabın üstünliklərindən biri də ictimaiyyətlə əlaqələr sahəsinin Azərbaycan reallığı ilə əlaqələndirilməsidir.

“İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaiti  PR sahəsində çalışanlar üçün faydalı mənbədir. Çünki ictimaiyyətlə əlaqələr sadəcə kommunikasiya deyil, burada əsas məqsəd dəyərləri ötürmək, münasibət yaratmaq, etimad, inam hissi aşlamaq,  bir sözlə özgüvən deməkdir. 

“İctimaiyyətlə əlaqələrin əsasları” kitabı həm də Bakı Dövlət Universiteti ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında imzalanan əməkdaşlıq müqaviləsinin başlanğıcı kimi də qiymətlidir. BDU rəhbərliyinin Jurnalistika fakültəsi üçün yaratdığı imkanlar sayəsində imzalanan anoloji müqavilələr Jurnalistika fakültəsi tələbələrinin nəzəri dərslərlə paralel praktik dərs keçməsinə şərait yaradır, tələbələr bu sahənin mütəxəsislərindən birbaşa bilgilər əldə edirlər. Bununla yanaşı, əməkdaşlıq müqavilələri həm də məzunların işlə təmin edilməsində mühüm rol oynayır. 

Təqdimat mərasimindən sonra Bakı Dövlət Universiteti ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Yeri gəlmişkən qeyd edilməlidir ki, Bakı Dövlət Universitetinin aidiyyatı qurumlarla imzaladığı əməkdaşlıq müqavilələri sayəsində bu sahənin mütəxəsisləri  auditoriyalarda tələbələrə praktiki bilgilər verir, onların gələcəkdə mütəxəsis kimi yetişməsinə yardımçı olurlar. 2022-ci ildə MEDİA, Audiovizual Şura və BDU arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən, istər MEDİA, istərsə də Audiovizual Şuranın mütəxəsislərinin təşkil etdikləri təlimlərin önəmi xüsusi vurğulanmalıdır. 

Bu təlimlər MEDİA-nın  Jurnalistika fakültəsində qurduğu təlim otağında reallaşır. Eyni vaxtda ARB24 TV ilə imzalanan əməkdaşlıq müqaviləsinin də tədris prosesində əhəmiyyətli rolu var. Bu müqavilə əsasında yaradılan “NyusLab” təlim proqramı artıq dörd ildir tələbələrin həvəslə qatıldığı və auditoriyadan birbaşa istehsalata, həm də rəsmi əmək haqqı ilə başladıqları bir proqramdır. 

Bakı Dövlət Universitetinin müvafiq qurumlarla bağladığı əməkdaşlıq müqavilələrinin mühüm üstünlüklərindən biri də tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməməsi, eyni zamanda praktiki bacarıqlara da yiyələnmələridir. Bu cür əməkdaşlıqlar tələbələrin peşəkar mühitlə tanış olmasına, bilik və bacarıqlarını real iş şəraitində tətbiq etməsinə şərait yaradır. Nəticə etibarilə, məzunlar əmək bazarına daha hazırlıqlı şəkildə daxil olur, bu da onların müvafiq sahələrdə uğurla fəaliyyət göstərməsinə mühüm töhfə verir. Son illərdə universitet rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü tədbirlər artıq öz müsbət nəticələrini göstərməkdədir və bu fəaliyyətlərin davamlılığı ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.

Bakı Dövlət Universiteti rəhbərliyinin həyata keçirdiyi tədbirlər yalnız yubiley xarakterli təşəbbüslərlə məhdudlaşmır, həm də elmi-pedaqoji və maarifləndirici istiqamətdə davam etdirilir. Bu kontekstdə “Milli mətbuat tarixi” adlı ixtisaslaşdırılmış auditoriyanın yaradılması və “Xalq qəzeti”nin “Debat otağı”nın fəaliyyətə başlaması xüsusi əhəmiyyət daşıyır. Hər iki təşəbbüs tələbələrin mətbuat tarixi üzrə biliklərini dərinləşdirməklə yanaşı, onlarda milli mətbuat irsinə hörmət və maraq formalaşdırır. Eyni zamanda, bu mühit tələbələrin tənqidi düşüncə, debat mədəniyyəti və peşəkar jurnalistika bacarıqlarının inkişafına şərait yaradır. 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində görülən işlər bir daha sübut edir ki, universitetimiz, fakültəmiz son illərin inkişaf tarixinin ən şərəfli səhifələrini yazır və yaradır. 

     

 Aynur Nəsirova

 BDU-nun Beynəlxalq jurnalistika və informasiya

 siyasəti kafedrasının müdiri



Təhsil