Əlil uşaqların valideynləri ilə görüş
Sosial Xidmətlər Agentliyinin 18 yaşınadək əlillər üçün 2 saylı sosial xidmət müəssisəsində valideynlərlə görüş keçirilib. Xidmət ocağının direktoru Pərvanə Səfərova valideynlərə burada göstərilən xidmətlər barədə məlumat verib.
O, bildirib ki, müəssisədə uşaqlara müəyyən edilmiş rejimə, fərdi iş planına uyğun xidmət və qayğı göstərilir. Burada fiziki qüsurlu uşaq və gənclərin abilitasiyası və reabilitasiyası həyata keçirilir.
Həmçinin uşaqların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq onların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnməsi, fiziki tərbiyəsi və s. istiqamətlərdə işlər aparılır. Onların daimi və keyfiyyətli qidalanması, zəruri gündəlik ehtiyacları da təmin edilir.
Görüşdə iştirak edən 15 valideynin sualları cavablandırılıb, təklifləri dinlənilib və müzakirələr aparılıb. Toplantı ədəbi-bədii hissə ilə davam etdirilib.
1 ayda 2,6 min işsiz kiçik biznes qurub
Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təminatı davam edir. Bu barədə Əmək bə Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız xəbərdə deyilir.
Bildirilir ki, son bir ayda daha 2 min 581 nəfər özünüməşğulluq proqramı iştirakçısı aktivlərlə təmin olunub. Proqram iştirakçıları onlara verilmiş aktivlər üzrə öz kiçik biznes sahələrini yaradıblar.
Qeyd edək ki, proqram iştirakçıları üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil edilir, sonra aktivlərlə təmin olunurlar.
Azərbaycan ukraynalı uşaqlara yenə qucaq açıb
Ukraynadakı vəziyyətlə əlaqədar artıq davamlı olaraq uşaqlar müalicə və istirahət məqsədilə ölkəmizə göndərilir. Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgəyə cəlb edilən uşaqlar bu dəfə Bakı, Şamaxı, Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar.
Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək.
Agentlikdən bildiriblər ki, onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunacaq.
Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”



