İşğalla azadlıq arasında Vətən sevdalı bir ömür yaşadı
Vətən müharibəsində mənfur düşmənin açdığı atəşlər neçə-neçə gəncin ömrünə xəncər kimi saplandı, onların həyatlarını yarıda kəsdi, ailələrinə əbədi dağ çəkdi. Heç 30 yaşına çatmayan oğullarımız Vətənin müdafiəsinə canlarını sipər etdilər.
Onlardan biri də 1993-cü il, aprel ayının 1-də Tovuzun dağlıq məkanlarından birində – Çeşməli elinin Məşədivəlilər kəndində doğulan Atəş oldu. Zəhmət adamı Yusif kişinin oğlunun adı da Atəş idi, özü də.
Atəş dünyaya göz açanda Qarabağ od-alov içində idi. Onun ana laylası ilə yatıb-durduğu günlərdə Kəlbəcər işğal edilmişdi… Kəlbəcərdən üzü Gəncəyə, Tovuza, Bakıya... köç başlamışdı. İnsanlar min bir əziyyətlə tikib-qurduqları ev-eşiyini, mal-qarasını yurdda qoyub can hayına qalmışdılar.
Bu işğal 27 il sürdü..! Atəşin ömrü də işğalın ömrü qədər oldu. Vətən torpaqları işğal edilən günlərdə doğuldu, Vətən torpaqları işğaldan azad olunan zamanda şəhid oldu! İşğalla azadlıq arasında keçən, Vətən sevdalı bir ömür yaşadı! İşğal atəşləri Vətənin başı üzərini alanda bu dünyaya gəldi, düşmən ordumuzun atəşləri ilə darmadağın olan günlərdə isə azadlığı dadmadan əbədiyyətə qovuşdu!
Atəş Aslanov 2001-ci ildə Məşədivəlilər kənd orta məktəbinin I sinfinə daxil olub. İbtidai təhsildən sonra 2004-cü ildən rayonun Aşağı Quşçu kəndindəki İmran Bayramov adına orta məktəbinə keçib və 2011-ci ildə bitirib. 2012-ci ildə həqiqi hərbi xidmətə gedən Atəş iki il sonra hərbi xidməti şərəf və ləyaqətlə başa vuraraq kəndə dönüb.
2020-ci ilin iyulunda Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində uğursuz hücum cəhdi rayonun bütün sakinləri kimi Atəşi də qəzəbləndirmişdi. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üsrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsinə gedərək, könüllü olaraq orduda xidmət etmək, işğalçılara qarşı döyüşlərə qatılmaq istədiyini bildirib. Öncə ona etiraz ediblər. Atəşin günlərlə şöbəyə ayaq döyməsini və ciddi-cəhdlə döyüşlərə qoşulmaq istəyini nəzərə alan əməkdaşlar onun adını könüllülər siyahısında qeydiyyata alırlar. Bu, həmin günlər idi ki, Tovuzun uşaqdan tutmuş yaşlıya qədər hamısı silahlanıb erməniyə qarşı döyüşə getmək istəyirdi.
...Sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin qismən səfərbərlik elan etməsindən sonra ordu sıralarına qatılan Atəş, 27 sentyabrda işğalçılara qarşı əks-hücum əməliyatlarında fədakarlıqla iştirak edib. Azərbaycan Ordusu Quru Qoşunların əsgəri Atəşin döyüş yoldaşlarının xatirələrində o, canlı əfsanə kimi yüksək döyüş qabiliyyətinə malik, bacarıqlı, qorxubilməz döyüşçü kimi qalıb. Danışırlar ki, Atəş düşmənin üstünə hayqıraraq gedirdi. Hər erməni ölüsü ilə fəxr edir, “biri də cəhənnəmə vasil oldu”–deyə mahnılar oxuyur, döyüş yoldaşlarını ruhlandırırdı. Onun boş dayandığını kimsə görməzdi. Gah yaralıların sarğısına baxır, gah döyüşçü yoldaşının istəyini yerinə yetirir, gah da əlini qulağının dibinə qoyub zəngulə vururdu. Gözəl səsi vardı. Bəzən komandirlər ona “yerimizi bildirəcəksən, astadan oxu”– deyəndə – “bu gün bayramımızdır, gör neçəsini gəbərtmişik, neçə kənd irəli getmişik”– deyirdi.
Vətən müharibəsində düşmənə adı kimi od-atəş saçan Atəş, Füzuli rayonunda gedən ağır döyüşlərdə haqqa qovuşub. Oktyabrın 25-də Atəş gözlərini əbədi yumub. Atəş, həqiqətən qəhrəmancasına şəhid olub. Yenə dostlarının söylədiklərinə görə yaralanan Atəş dayanmayıb, tibbi yardımdan imtina edib, “irəli getdiyimiz vaxtda dayanmaq olmaz, irəli dostlar!”– deyərək özü qan içində olmasına baxmayaraq, döyüşçü yoldaşlarını ruhlandırıb.
27 illik ömrünü şərəflə və ləyaqətlə başa vuran Atəş, hərbi xidməti zamanı Vətənə sədaqət və məhəbbətini canını verməklə təsdiqlədi. Özü getdi, amma igidliyi ilə yaddaşlarda qaldı. Şəhidimizin yurdunda yadigar bir övladı böyüyür.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımları ilə Qələbədə xidmət etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Atəş Yusif oğlu Aslanov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

