“NƏSRİMİZİN ŞAİRİ”

post-img

Onun haqqında qeydlərimi qələmə alanda ilk xatırladığım adından soyuqluq yağan “Buz heykəl” hekayəsi oldu. Orta məktəbin aşağı siniflərinin “Ədəbiyyat“ dərsliyinə salınmış həmin hekayə özünün təsir qüvvəsini heç vaxt itirməyən əsərlərdən biridir.

...Müharibə. Cəbhə xəttinə yaxın yer. Şaxtalı bir qış gecəsidir. Hər yan qara bürünüb. Top gurultuları gecəni titrədib lərzəyə salır. Balasını da gö­türüb düşməndən qaçan gənc ana tələsir. Sinəsinə sıxdığı körpəsini hava işıqlananadək çayın o tayına – azad torpağa keçirməlidir. Amma yol bitmir ki, bitmir. Taqətdən düşən anaya şaxta anbaan daha güclü təsir edir. Özündən çox balasının həyatına görə əndişələ­nir. “Ana ürəyində qıvrılan bir qorxunun ağladığını, şivən qopardığını eşidir – körpə donur, körpə donacaq...”

Lakin ana hissiyyatı hər şeyə qalib gəlir. O, ciyərparasını amansız şaxta­dan qorumaq üçün yun jaketini, başın­dakı qalın şalını, əynindəki digər paltar­ları çıxarıb balasına bükür. Bununla da kifayətlənmir, “titrəyən son nəfəsini”, eşidilməyən son sözünü də körpənin üstünə ötürür: “-Qorxma, tifilim, qorx­ma, ufacığım, son nəfəsimin istisi də sənindir...”.

Səhər tezdən kəşfiyyatdan qayıdan əsgərlər qoşa ağcaqayın ağacının ya­nında şaxtadan donub buz heykələ dönmüş ananı görürlər. Onun əyninin paltarına büküb sinəsinə sıxdığı ciyər­parası isə sağdır. Kəşfiyyatçılar ana fədakarlığına heyran qalaraq, onun önündə səcdə edirlər və körpəni gö­türüb azad torpağa tərəf irəliləyirlər... Əsər oxucuya ülvi hisslər aşılayır. Bu­dur, həqiqi ədəbiyyatın böyüklüyü!

Ədəbiyyatşünas Bəkir Nəbiyev yazıçı Ənvər Məmmədxanlını (1913-1990) obrazlı şəkildə “Nəsrin şairi” ad­landırıb. Bəlkə də bu bənzətmə məhz “Buz heykəl”in təsiri ilə yaranıb. Hər bir halda Ənvər Məmmədxanlı danıl­maz istedadı olan böyük ədiblərdəndir. Onun “Bakı gecələri”, “Karvan dayan­dı”, “Qızıl qönçələr”, “Od içində”, “Şir­van gözəli”, “Babək” və digər əsərləri, kinossenariləri ilə tanışlıq qəlbimizdə müəllifin heykəlini ucaldıb. O, XX əsr Azərbaycan ədəbiyyatının nadir iste­dadlarından idi. 

İstedad isə həmişə təvazökar olur. Onun teatr repertuarlarından əskik olmayan “Şərqin səhəri” pyesi SSRİ Dövlət mükafatına təqdim edilmiş, ta­maşanın rejissoru və bir sıra aktyorları həmin mükafatı alsalar da, nə səbəb­dənsə, müəllif özü “unudulmuşdu”. Amma buna baxmayaraq, özünü heç o yerə qoymamış, yenə də odasına çəkilərək, yazı-pozusunu davam et­dirmişdi. Haqqında yazılmış xatirələr­dən də götrünür ki, sovet dövründə iki dəfə “Şərəf nişanı” və bir dəfə “Qırmızı Əmək Bayrağı” ordenlərinə layiq gö­rülən Ənvər Məmmədxanlı azad ruhlu bir insan idi, konyukturanı sevməzdi, hər hansı şöhrət, məşhurluq iddiaların­dan uzaq idi, fikri-zikri ilə yalnız bədii yaradıcılığa bağlanmışdı.

Azərbaycan Yazıçılar Birliyinin səd­ri, Xalq yazıçısı Anar özünün xatirə-po­vestində yazır ki, Ənvər Məmmədxanlı ilə Rəsul Rza əmioğlu, həm də xala­oğlu idilər. “Bu qan qohumluğundan başqa, onları birləşdirən mənəvi varlıq­ları idi və heç bir doğma qardaş bir-bir-iylə bu qədər yaxın ola bilməzdi: eyni peşə sahibləriydilər, eyni məslək və əqidə sahibləriydilər, ömürləri bir yerdə keçmişdi, ömrün çox çətinliklərinə sinə gərmişdilər”.

Ənvər Məmmmədxanlı İkinci Dünya müharibəsi illərində cəbhə qəzetlərində işləmiş, barıt qoxuyan gözəl əsərlər, publisistik yazılar ərsəyə gətirmişdir. Təsadüfi deyil ki, həyatı da, müharibəni də, sevgini də ən adi cizgilərinə qədər bilən yazıçı “Buz heykəl” kimi isti əsər­lər yazıb. 

 

Ə.ƏLİYEV,
“Xalq qəzeti”

Mədəniyyət