Qazanımız qaynar, ocağımız yanar olsun!

post-img

Bineyi – qədimdən Novruz bayramına qədər bölgələrdə keçirilən oyun və tamaşalardan ən çox cıdır və kosa–kosaya cavanlarla bərabər uşaqlar da, yaşlılar da qoşulub. Keçirilən çərşənbələrdən ən kütləvisi əvvəllər də Od çərşənbəsi olub, indi də elədir... 

Bu gün bölgələrimizdə hər ailə öz qa­pısında bir tonqal çatıb, əlavə doqqazda (küçədə) da ocaq qalayacaqsa, şəhərdə hər binanın önündə olmasa da, iki – üç binadan bir tonqal oddanacaq. Amma kənddə də, şəhərdə də uşaqlar alov ərşə bülənd olanda yerdən götürülüb od üstün­dən tullanır, məharətlərini göstərirlər.

Od çərşənbəsi axşamı sanki göy yerə köçür. Yer qaranlıq səmanı, ocaqdan çıxan qığılcımlar ulduzları xatırladır. Ocaq başına, alovun istisinə və işığına topla­şanların sayı – hesabı olmur, onlar alqış – dua edir, “Ağırlığım bu tonqalda qalsın!” – deyib odun üstdən atdanırlar. Odla bağlı “Od çərşənbəsində ocağı boş qoymazlar”, “Ocağı şər vaxtı söndürməzlər” kimi atalar sözlərimiz var. Deyirlər ki, inanclara görə ocaq yananda “çırt-çırt” səs gəlirsə, kimsə səndən danışır, od his verərsə, uzaqdan qonaq gələcək. 

...Bu gün Od çərşənbəsidir. Ayrı­ca özəllikləri, qovut da daxil olmaqla, öz süfrəsi var. Günün əsas atributu isə tonqaldır, ilkinliyimizin ilıq hənirinə belə tapındığımız, and içdiyimiz ocaq! Ötənlər­də bu gün xeyir-bərəkət azalmasın deyə qonum – qonşuya, lap yaxın qohuma belə evdən maya, un, kibrit verməzdilər. Axşa­ma iş qalmasın deyə, evi də ertədən tə­mizləyər, süfrədən tökülən qırıntılara belə süpürgə çəkməzdilər, günah sayılardı. Çərşənbədə qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Ağbirçək, ağsaqqal olan ailələrdə çərşənbələr indi də ilkinliyi­ni qoruyub saxlayır. Nə uşaqların yumurta döyüşdürməsinə, nə də, obaşdan – dan yeri söküləndən çıxıb qaş qaralanda evə dönmələrinə söz deyən olur. Uşaqlar şən­lik gözlədiklərinə görə, onlara bunu qada­ğan etmirlər. Papaqatma bu çərşənbəyə aid olmasa da, qaş qaralan kimi, uşaqlar əllərində lopa (uzun ağacın başına əski dolayır, neftə batırıb yandırırlar) evlərin qapısını döyür, onlara verilən hər neməti əziz pay kimi alırlar.

Bu gün azad Qarabağımızda qalanan çərşənbə tonqallarına şükür! İşğaldan azad edilən o torpaqlarda hərbçilərimiz və o yerlərin əsl sahibləri Çərşənbə tonqalı­nın ətrafına yığışacaqlar. Bayram ocaqla­rının Zəngəzurda, Göyçədə alovlandırıl­ması diləyilə, hamılıqla Od çərşənbəmiz mübarək!

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

Mədəniyyət