Balaxanının divar rəsmləri

post-img

Bakının şimal – şərqində, Abşeron yarımadasının tən ortasında yerləşən Balaxanı tarixən neftlə zəngin olan ən qədim yaşayış məskənlərindəndir. Dədə - baba yurdlarına ürəkdən bağlanan yerli balaxanılıların səsi tariximizin dərinliklərindən gəlir. Onlar öz dillərində bu kəndə "Bəəxonə" deyir. Bəə – yuxarı, xonə — ev deməkdir. Balaxanı qədim və zəngin tarixə malikdir. Özünəməxsus ənənəvi plan-forma quruluşu var. Evlər bir-birinə yaxın, küçələr ensizdir. Azərbaycanda ilk film də Balaxanı kəndində çəkilib. Bu kənddə neçə-neçə məşhur insanlar yaşayıb, dünyadan köçüb. Amma Balaxanı yaşayır...

Dövlətimizin başçısının tapşırığı ilə son illər burada ürəkaçan yenilənmə və restavrasiya işləri görülüb. Bununla yanaşı, kanalizasiya xətləri dəyişdirilib, rabitə və işıq xətləri yerin altına köçürü­lüb. Küçələr abadlaşdırılıb, fərdi yaşayış evlərinin fasadları restavrasiya olunub, yollar əsaslı təmir edilib. Vaxtilə neft göl­məçələri və böyük zibil poliqonu olmuş kənddən əsər - əlamət qalmayıb. Ba­laxanı artıq simasını dəyişərək turistlərin sevimli məkanına çevrilib. 

Balaxanıda olanda şəhərimizdən ora gəzintiyə gələn, deyib gülən, selfi çəkdirən gənc oğlan və qızlarla tez – tez rastlaşırdım. Bu da səbəbsiz deyil­di. Bəzəyi bol küçələrin seyrinə çıxmaq gənclərdə xoş ovqat yaradırdı. Buranın gözəlliyi də başqa bir aləmdir. Bu qədim kənddə uşaqların şənlənməsi, nağıllar­dakı kimi əyləncəli, sevincli və təbəssüm dolu günlər keçirməsi üçün şərait yara­dılıb.

Təmir olunmuş küçələrdə irəlilədikcə heyrətimi gizlədə bilmirdim. Küçələrin naxışı nəqqaşdan, yolların bəzəyi daş­dan qərar tutub. Bir çox köhnə evlərin dam örtüyü və darvazaları dəyişdirilib. Yan – yana, qarşı – qarşıya dayanmış, rəsmlərlə bəzədilmiş divarlara baxdıqca baxıram. Nağıl kitablarının solmayan sə­hifələri kimi könül oxşayır. Divar rəsmləri çəkilmiş evlərin yerləşdiyi küçələri xoş duyğularla əhatələnmiş halda, başdan – başa gəzib dolandım.

Evlərin təməl daşında ilkinliyini qoru­yub saxlamış, tarixin yaddaşında dipdiri qalmış Balaxanıda bu gün qədimliklə müasirliyin harmoniyası göz oxşayır, zövqə qanad verir. Daşlar, divarlar da gözəl görünür. Divardakı rəsmlər, yolla­ra döşənmiş qənbər daşları gözəllik ni­şanəsidir. Qənbər daşları, divar rəsmləri və digər abad mənzərələr Balaxanıya xüsusi yaraşıq verir. Saysız – hesabsız, miniatür biçimli divar rəsmlərinin sirri, sehri qəsəbədəki evlərin cazibədarlığını artırır. Baxdıqca divar rəsmlərinin seh­rinə, cazibəsinə düşürsən.

Balaxanı üçün bu gözəlliyin yeri­ni heç nə verə bilməz. Elə bil, divarlar nur qələmlə naxışlanıb. Evlərin divar­ları sənət sərgisini xatırladır. Rəng rən­gə, naxış naxışa bənzəməsə də, bir – birini tamamlayır. Hansı birinin şəklini çəkəsən?! Gördüyüm divar rəsmlərini bir – bir gözlərimə köçürürəm. Duya bilən üçün hər bir naxışın, hər bir rəngin yüz mənası, yüz çaları var. Bu da Balaxanı­dakı qədim evlər üçün rənglə divarlara yazılmış bir tarixdir.

Balaxanıdan ayrılanda daha bir evin divarındakı gözəl qız rəsminə dönüb - dönüb heyranlıqla baxdım. Rəsm əsərin­dən daha çox canlı adama oxşayır. Elə bil, indicə dinib – danışacaq. Rəssamın rənglərlə nə qədər ustalıqla işlədiyi hey­rət doğurur. Bu əsərdə təsviri sənətin ən gözəl nümunəsini bütün incəliklərinədək çatdıra bilib. Ürəyinin döyüntüsü, fırça­sının sehri, əllərinin sığalı rəsmə hopub, divarlarda qərar tutub.

 

Həzi HƏSƏNLİ,
şair – publisist





Mədəniyyət