Sehrli fırçanın nağıllar şəhəri

post-img

Onun öz rənglər dünyası var. Baxırsan və sirrinə, sehrinə düşürsən. Rənglərin də öz ruhu olduğuna inanırsan. Söhbət fırçasının möcüzələri heyrət yaradan Əməkdar rəssam, professor İsa Məmmədovdan gedir. 

İsa Məmmədovun ya­radıcılığını səciyyələndirən ifadə tərzinin impressionizm üslubundadır. Zaman-zaman müxtəlif janrlara müraciət etsə də, daha çox mənzərəyə üs­tünlük verən rəssam bir-birin­dən gözəl, rəngarəng tablolar ərsəyə gətirir. Mənzərə janrı vasitəsilə o, əhatə olunduğu gerçəkliyi, təbiətdən ilhamla­naraq aldığı xoş təəssüratlarını sənətsevərlərə özünəməxsus bədii şərhlə çatdırır. Əsasən, kətan üzərində yağlı boya tex­nikası sayəsində işıq-kölgənin təzadı və qovuşuğundan mə­harətlə istifadə edir. 

O, Zəngəzurda dünyaya göz açıb. İncəsənət zövqü ki­çik yaşlarından formalaşmağa başlayıb. Əvvəlcə qarmon ça­lıb, amma bir də görüb ki, bu musiqi aləti onun cızma-qara etdiyi kağızın üzərində peyda olub. Rəsmə baxanlar can­sız təsvirdən qarmonun həzin melodiyalarını duyublar. İlk “iş”lərini, beləcə, karandaşla kağıza, kömürlə daşa, divara, təbaşirlə lövhəyə çəkə-çəkə anlayıb ki, rəssamlıq onun ru­huna daha yaxındır, daha çə­kicidir. 

Bu həvəs onu 1974-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib. İlk müəllimi olan Rəşid Heydərzadədən sənətin bütün incəliklərini bö­yük sevgi ilə mənimsəyib. Ora­da təhsilini tamamlayan gənc rəssam bir müddət Moskva­da da rəssamlıq dərsləri alıb. Sonra Vətənə qayıdaraq, Azərbaycan Dövlət Mədəniy­yət və İncəsənət Universiteti­nin rəngkarlıq fakültəsinə daxil olub. Xalq rəssamları Mikayıl Abdullayev, Nadir Əbdürrəh­manov, Böyükağa Mirzəzadə kimi korifeylərdən öyrənib. Diplom müdafiəsi zamanı is­tedadını zəhmətkeş kəndli qadınların obrazları vasitəsilə bir daha göstərib. Kətan üzə­rində yağlı boya texnikası ilə təsvir etdiyi “Lerik qadınları” adlı çoxfiqurlu kompozisiyasını məharətlə ərsəyə gətirib. Tab­loda kənd həyatı, ənənəvi ge­yimli qadınlar canlanıb. Müəl­limləri baxıb “əhsən” deyiblər. Sonra onun rəsmləri müxtəlif miqyaslı sərgilərə “ayaq açıb”, diqqət çəkib, təqdir edilib. 

İsa Məmmədovun yaradı­cılığının ən önəmli cəhətlər­dən biri də onun “Bakı” möv­zusuna tükənməz sevgi ilə müraciət etməsidir. Gözəl pay­taxtımıza adi insanlardan fərqli baxış bucağından yanaşması, təsvir etdiyi əsərlərinin mövzu sərbəstliyi, kompozisiya quru­luşu, real həyata olan lirik, ro­mantik münasibət ifadəsi seyr­çiyə “gəl-gəl” deyir. Buna misal olaraq onun “Bakı mənzərə­si”, “Dənizkənarı Milli Park”, “Paytaxtın Nizami küçəsi”, “Payız” adlı mənzərə əsərləri­ni göstərə bilərik. Hər bir tab­losundan fərdi müşahidələrin və ilkin təəssüratların bəhrələri boy göstərir. Fəsillər dəyişdik­cə təbiətin dondan-dona düş­məsi, açıq havada gözgörəti dəyişən rənglərin ahəngi rəs­samı valeh etdiyi kimi, onlara tamaşa edənləri də ovsunlayır. 

İlin müxtəlif çağlarının, günün çeşidli vaxtlarının rən­garəng koloriti “Bakı motivi”, “Vağzalyanı meydan”, “Bakı mənzərəsi”, “Fəvvarələr mey­danı”, “Bakı. Bizim küçə”, “Ba­kının Milli parkı”, “Bakı vağza­lı” və s. kimi bir çox mənzərə əsrlərində ecazkar əksini ta­pıb. Bizcə, ömründə bir dəfə də Bakıda olmayan, amma İsa Məmmədovun rəsmlərinə baxmaq şərəfinə nail olan hər kəs elə bilər ki, kətan üzərin­də gördükləri gözünə, könlünə lap çoxdan doğma olan mən­zərələrdir. 

İsa Məmmədovun yurdu­muzun dilbər guşələrinə vur­ğunluğunu da fırça dili ilə gözəl ifadə edib. Bu cənnətməkan diyarın ürəkaçan təbiətindən, əsrarəngiz gözəlliklərindən il­hamlanaraq təsvir etdiyi tablo­larla tanışlıq əsl mənada riqqət yaradır. “Şəki mənzərəsi”, “Şəki motivi”, “Şəki. Kiş kəndi” və s. kimi əsərlərində rəssam Şəki təbiətinin füsunkarlığını öz əlvan palitrası ilə elə sər­giləməyə nail olub ki, adam duyğularını həmin rəsmlərə layiq şəkildə dilə gətirməkdə çətinlik çəkir. 

Rəssamın “Payız” adlı ilk fərdi sərgisi Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi qale­reyasında təşkil olunub. Son­ra müxtəlif xarici ölkələrdə əsərlərini nümayiş etdirilib. Türkiyənin İstanbul şəhərin­də “Bakı” mövzulu, 2011-ci ildə Almaniyanın Bakı-Berlin qalereyasında fərdi sərgiləri ziyarətçilərinə doyulmaz zövq aşılayıb. Hamı görüb və sevə-sevə etirafda bulunub ki, İsa Məmmədovun müxtəlif janrlar­da yaratdığı sənət əsərlərində­ki özünəməxsus gözəllik duyu­mu onun zəngin daxili aləminin təcəssümüdür. Rəssamın rən­gkarlıq tabloları reallığa o qə­dər yaxındır ki, istər-istəməz adama qeyri-adi təmiz dağ havasını, çiçəklərin qoxusunu hiss etdirir. Sənətkarın hər bir əsərinin arxa planında keçirdi­yi dərin emosiyaları, təcrübələ­ri, hiss və duyğuları dayanır. 

Bu gün də onun bənzər­siz əsərləri Türkiyə, Rusiya, Fransa, İtaliya, ABŞ və s. kimi ölkələrdə nümayiş olunur, mu­zeylərdə, şəxsi kolleksiyalarda qorunaraq saxlanılır. Bu rəsm­lər baxan hər kəsi Azərbaycan gözəllikləri qarşısında baş əy­məyə vadar edir.

Ötən ildən Əməkdar rəs­sam fəxri adını daşıyan İsa Məmmədov UNESCO-nun nəzdindəki Rəssamlar Bir­liyinin üzvüdür. Azərbaycan Dövlət Rəssamlıq Akademiya­sının rəngkarlıq kafedrasında pedaqoq kimi fəaliyyət göstə­rir. İlahi vergisi olan sənətinin incəliklərini gənclərə həvəslə öyrədir. 

 

Əli NƏCƏFXANLI, 
Əməkdar jurnalist,
Ziyarət CABAROVA,
sənətşünas



Mədəniyyət