Özbəkistan Prezidenti Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri ilə görüşüb

post-img

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədə işgüzar səfərdə olan Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanovu qəbul edib. 

Görüşün əvvəlində Orxan Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Özbəkistanın rəhbərinə çatdırıb.

Özbəkistan Prezidentinin mətbuat xidmətinin verdiyi xəbərə görə görüşdə ölkələr arasında indiyədək imzalanan sənədlərin həyata keçirilməsi kontekstində Özbəkistan-Azərbaycan müttəfiqlik münasibətlərinin və çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri nəzərdən keçirilib.

Müxtəlif səviyyələrdə davam edən intensiv təmaslar, səmərəli görüşlər, qarşılıqlı ticarətin daha da genişləndirilməsi, mədəni-humanitar sahədə əməkdaşlıq layihələrinin dəstəklənməsi və sürətləndirilməsi istiqamətində tərəflərin atdığı addımlar xüsusi məmnunluqla təqdir olunub.

Görüşdə həmçinin terrorizm, ekstremizm və radikalizm, kibercinayətkarlıq və digər müasir təhlükəsizlik çağırışları ilə mübarizədə idarələrarası sıx qarşılıqlı əməkdaşlığın və kəşfiyyat xidmətlərinin səmərəli əlaqələndirilməsinin gücləndirilməsinin vacibliyinə diqqət çəkilib.

Əfqanıstanın iqtisadi inkişafının dirçəldilməsinə yönəlmiş praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd

 

 

 

 

Son xəbərlər