Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Ermənistan-Azərbaycan məsələsinin həlli ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “3+3” regional məşvərət platformasının üçüncü iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Rusiya, Türkiyə və İran görüş zamanı sülh sazişi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadə etməyi təklif ediblər. “Rusiya, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə fəal töhfə verir. İranlı qonşularımız bizə qoşuldular. Hazırda görüş planlaşdırılmayıb. Erməni həmkarlar fasilə götürüb. Onlar hesab edirlər ki, əvvəlcə türklərlə birbaşa əlaqə saxlamalı və nə etmək lazım olduğunu başa düşməlidirlər. Mənə elə gəlir ki, bu, hər halda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlıdır. Biz bu məsələlərə bütövlükdə baxmağı təklif etdik”, - deyə S.Lavrov bildirib.
Rusiya xarici işlər naziri Ermənistan və Azərbaycanın razılığa gələ biləcəyi istənilən platformanı məqbul sayır. “Əgər onlar birbaşa razılığa gələ bilsələr, biz yalnız şad olarıq. Bu gün biz təklif etdik ki, əgər onlar buna hazırdırlarsa, “3+3” platformasından istifadə etsinlər, lakin, Bakı və İrəvan qərar verməlidir”, - deyə o əlavə edib.
Cənubi Qafqazdakı təhdidlərlə bağlı sualı cavablandıran Lavrov regiondankənar oyunçuları bölgə üçün əsas təhdid adlandırıb. O bildirib ki, regiondankənar oyunçular bölgədə şərtlərini diktə etməyə, öz sxemlərinin tətbiqinə, NATO mərkəzli formatlarnı təşviqinə, blok proseslərinin inkişafına çalışır, qonşu ölkələr arasında ixtilaf salmağa cəhd göstərirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva