Müdafiə Nazirliyinin hərbi hüquqşünaslarından ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir

post-img

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hüquqşünaslarından ibarət nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Şuay Alpay ilə görüşüb.

Görüşdə silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə hüququn inteqrasiyası və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətləri Baş İdarəsində Hüquq fakültəsi üzrə zabitlərin peşə təhsilinin başa çatması münasibətilə keçirilən tədbirdə iştirak edib.

Buraxılış mərasimində çıxış edənlər məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Ş.Alpay Azərbaycan nümayəndə heyətini 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Sonda təhsilini uğurla başa vuran Azərbaycan Ordusunun hərbi qulluqçusuna və digər məzunlara sertifikatlar təqdim olunub.







Ordu