Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası qərar

post-img

№ 3-27/3-7-16/2024

Bakı şəhəri 12 sentyabr 2024-cü il

“Uçuş əməliyyatlarına hazırlıq Qaydası”nın təsdiq edilməsi haqqında

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 8.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
qərara alır:
1. “Uçuş əməliyyatlarına hazırlıq Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Kollegiyanın sədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli 3-27/3-7-16/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Uçuş əməliyyatlarına hazırlıq
QAYDASI


1. Ümumi müddəalar

1.1. “Uçuş əməliyyatlarına hazırlıq Qaydası” (bundan sonra – Qayda) “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyanın (bundan sonra - Konvensiya) 6 nömrəli Əlavəsinin I hissəsinə uyğun olaraq hazırlanmışdır və beynəlxalq, habelə ölkədaxili kommersiya hava daşımalarının həyata keçirilməsində istifadə edilən mülki hava gəmilərinin uçuş əməliyyatlarına hazırlığının təmin olunmasına dair qaydaları müəyyən edir.

1.2. Bu Qayda ilə tənzimlənməyən müddəalar Konvensiyanın 6 nömrəli Əlavəsinin

I hissəsinin tələblərinə uyğun həyata keçirilir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. aerodrom əməliyyat minimumu – hava gəmisinin uçuş-enmə zolağına enə və ya qalxa biləcəyini müəyyən etmək üçün aerodromdan aşağıdakı istifadə hədləri:

2.1.1.1. uçuş-enmə zolağının vizual diapazonu və (və ya) görünmə qabiliyyəti ilə ifadə edilən qalxma;

2.1.1.2. uçuş-enmə zolağının vizual diapazonunu və (və ya) görünmə qabiliyyətini, habelə minimum enmə yüksəkliyini/hündürlüyünü (MDA/H) ifadə edən 2D alətlə yaxınlaşma əməliyyatlarında eniş;

2.1.1.3. uçuş-enmə zolağının vizual diapazonunu və (və ya) görünmə qabiliyyətini, habelə minimum enmə yüksəkliyini/hündürlüyünü (MDA/H) ifadə edən 3D alətlə yaxınlaşma əməliyyatlarında eniş.

2.1.2. əməliyyat uçuş planı – hava gəmisinin istismar vəziyyəti, uçuşla bağlı məhdudiyyətlər, habelə uçuş marşrutlarında və uçuş həyata keçirilən aerodromlarda gözlənilən şərait (situasiya) nəzərə alınaraq, uçuş əməliyyatlarının təhlükəsiz şəkildə həyata keçirilməsi məqsədilə tərtib edilən plan;

2.1.3. texniki xidmət buraxılışı – hava gəmisinə texniki xidmətin uçuşa yararlılıq tələblərinə uyğun olaraq göstərildiyini təsdiq edən sənəd.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və Konvensiyanın 6 nömrəli Əlavəsinin I hissəsi ilə müəyyən edilmiş mənaları ifadə edir.

3. Uçuşa hazırlıq

3.1. Hava gəmisinin kapitanı (komanda verən pilotu) aşağıdakıları təsdiqləyən uçuşa hazırlıq blanklarını doldurduqdan sonra uçuşa başlayır:

3.1.1. hava gəmisi uçuşa yararlıdır və müvafiq sertifikatlar (uçuşa yararlılıq və qeydiyyat sertifikatları) hava gəmisinin bortundadır;

3.1.2. uçuş əməliyyatlarının təhlükəsiz yerinə yetirilməsi üçün nəzərdə tutulmuş alətlər və avadanlıqlar quraşdırılmışdır və uçuş üçün kifayət edir;

3.1.3. hava gəmisinə Konvensiyanın 6 nömrəli Əlavəsinin I hissəsinin 8.8-ci bəndinə uyğun texniki xidmət buraxılışı verilmişdir;

3.1.4. hava gəmisinin kütləsi və ağırlıq mərkəzinin yeri gözlənilən uçuş şəraiti nəzərə alınmaqla, uçuşu təhlükəsiz həyata keçirməyə imkan verir;

3.1.5. hava gəmisinin bortunda daşınacaq yüklər düzgün şəkildə paylanılmış, sərnişinlər düzgün şəkildə yerləşdirilmiş və təhlükəsizliyi təmin edilmişdir;

3.1.6. uçuş əməliyyatlarının yerinə yetirilməsi üçün Konvensiyanın 6 nömrəli Əlavəsinin I hissəsinin 5-ci fəslindəki istismar tələblərinə riayət oluna biləcəyini təsdiq edən yoxlama tamamlanmışdır;

3.1.7. əməliyyat uçuş planı Konvensiyanın 6 nömrəli Əlavəsinin I hissəsinin 4.3.3-cü yarımbəndinə uyğun olaraq təsdiq edilmişdir.

3.2. Doldurulmuş uçuşa hazırlıq blankları hava gəmisinin istismarçısında 3 (üç) ay müddətində saxlanılır.

3.3. Hava gəmisinin istismarçısının aerodromdan istifadə aralığının müddəti istismarçı dövlət tərəfindən təsdiq edilir.

3.4. Uçuş zamanı hava gəmisinin bortunda atmosfer təzyiqinin düşməsi halında bütün sərnişinlərin və heyət üzvlərinin nəfəs alması üçün tənəffüs oksigeninin lazımi ehtiyatı təmin edilmədiyi təqdirdə uçuşun başlanılmasına yol verilmir.

3.5. Atmosfer təzyiqinin aşağı olduğu uçuş hündürlüyündə istismar edilməsi nəzərdə tutulan hava gəmisində uçuş heyətinin kabinəsi Konvensiyanın 6 nömrəli Əlavəsinin I hissəsinin 4.3.9.1-ci yarımbəndində qeyd olunan oksigen təchizatının saxlanılmasını və paylanılmasını təmin edən qurğularla təchiz olunmalıdır.

4. Əməliyyat uçuş planlaması

4.1. Əməliyyat uçuş planı nəzərdə tutulan hər bir uçuş üçün tərtib edilərək hava gəmisinin kapitanı (komanda verən pilotu) tərəfindən, eləcə də uçuş əməliyyatları üzrə məsul şəxs/uçuş dispetçeri tərəfindən imzalanır.

4.2. Əməliyyat uçuş planının surəti hava gəmisinin istismarçısına, bu mümkün olmadıqda isə hava limanının və ya aerodromun istismarçısına təqdim edilməli və ya yola düşmə məntəqəsində (hava limanı və ya aerodromda) uyğun yerdə saxlanılmalıdır.

4.3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təsdiq edilən uçuş əməliyyatları barədə təlimatda uçuş planının məzmunu və həyata keçirilməsi qaydası qeyd olunur.

5. Alternativ aerodromlar

5.1. Uçuş aerodromunda meteoroloji şərait uçuş əməliyyatının həyata keçirilməsi üçün aerodrom eniş minimumundan (hava gəmisinin istismarçısı tərəfindən müəyyən edilmiş) aşağı olduqda və hava gəmisinin yola düşdüyü aerodroma qayıtması mümkün olmadıqda, hava gəmisinin istismarçısı tərəfindən uçuş üçün alternativ aerodrom seçilməlidir. Bununla bağlı əməliyyat uçuş planında da dəyişiklik edilməlidir.

5.2. Alternativ aerodromda meteoroloji şərait uçuş əməliyyatının həyata keçirilməsi üçün aerodrom eniş minimumuna (hava gəmisinin istismarçısı tərəfindən müəyyən edilmiş) uyğun və ya həmin minimumdan yuxarı olmalıdır.

5.3. İki turbinli mühərriki olan hava gəmilərinin həyata keçirdiyi uçuşlar üzrə alternativ aerodromlar planlaşdırılmış uçuş marşrutundan kənara çıxma əməliyyatları ilə bağlı hallar üçün seçilərək əməliyyat uçuş planlarında və hava hərəkətinə xidmət planlarında qeyd edilməlidir.

6. Meteoroloji şərait

6.1. Uçuşa başlamazdan əvvəl hava gəmisinin kapitanı (komanda verən pilotu) planlaşdırılan uçuşla bağlı bütün cari meteoroloji məlumatlarla tanış olmalı, eləcə də meteoroloji şərait proqnozlaşdırılandan daha pis olduqda bu barədə dərhal hava gəmisinin istismarçısına məlumat verməlidir.

6.2. Meteoroloji şərait hava gəmisi istismarçısının uçuş əməliyyatı üçün müəyyən etdiyi aerodrom əməliyyat minimumuna uyğun olmadığı halda hava gəmisinin uçuşa başlamasına və ya uçuşu davam etdirməsinə yol verilmir.

6.3. Şübhəli və ya məlum buzlanma şəraitində uçuşlar hava gəmisinin buzlanma şəraitində uçuşa hazırlığı, o cümlədən zəruri avadanlıqlarla təchizatının mövcudluğu və yararlılığı yoxlanıldıqdan sonra həyata keçirilir.

7. Yanacaq təminatı və oksigen təchizatı

7.1. Hava gəmisi planlaşdırılmış uçuşu təhlükəsiz başa çatdırmaq, eləcə də həmin uçuşdan mümkün kənara çıxma əməliyyatları üçün kifayət qədər miqdarda (uçuş əməliyyat planına əsasən hava gəmisinin istismarçısı tərəfindən müəyyənləşdirilən) istifadəyə yararlı yanacaq daşımalıdır.

7.2. Uçuşların həyata keçirilməsi üçün tələb olunan yanacağın minimum miqdarı hava gəmisinin yanacaq sərfiyyatının monitorinqi sistemindən alınan və və ya hava gəmisinin istehsalçısı tərəfindən verilən məlumatlar, eləcə də planlaşdırılan uçuşun əməliyyat şərtləri əsasında müəyyənləşdirilir.

7.3. Planlaşdırılan uçuşun əməliyyat şərtlərinə aşağıdakılar daxildir:

7.3.1. təyyarənin ehtimal olunan kütləsi;

7.3.2. pilotlara verilən bildirişlər (NOTAM);

7.3.3. cari meteoroloji hesabatlar və proqnozlar;

7.3.4. hava hərəkətinə xidmət qaydaları, uçuşla bağlı məhdudiyyətlər və uçuş üzrə gözlənilən gecikmələr;

7.3.5. təxirə salınmış texniki xidmətin və (və ya) konfiqurasiyadan kənaraçıxmaların təsiri.

7.4. Uçuşların həyata keçirilməsi üçün tələb olunan yanacağın minimum miqdarı uçuşdan əvvəl aşağıda qeyd edilən yanacaqlar nəzərə alınaraq hesablanmalıdır:

7.4.1. taksi hərəkəti yanacağı – hava gəmisinin uçuşdan əvvəl və digər aerodromda yerə enməsindən sonra yerdə hərəkətini həyata keçirən zaman sərf edəcəyi yanacaq;

7.4.2. səyahət yanacağı – hava gəmisinin uçuşa başlamasından digər aerodromda yerə enməsinədək sərf edəcəyi yanacaq;

7.4.3. ehtiyat və son ehtiyat yanacaqlar – əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan halların baş verməsi səbəbindən bu Qaydanın 7.4.1-ci və 7.4.2-ci yarımbəndlərində qeyd edilən yanacaqlar uçuş əməliyyatları üçün kifayət etmədiyi halda hava gəmisinin yerdə hərəkəti və uçuşun həyata keçirilməsi üçün sərf edəcəyi yanacaqlar;

7.4.4. alternativ təyinat yanacağı – hava gəmisinin alternativ aerodroma çatması üçün sərf edəcəyi yanacaq;

7.4.5. əlavə yanacaq - bu Qaydanın 7.4.1-7.4.4-cü yarımbəndlərində qeyd edilən yanacaqlar uçuş əməliyyatları üçün kifayət etmədiyi halda hava gəmisinin yerdə hərəkəti və uçuşun həyata keçirilməsi üçün sərf edəcəyi əlavə yanacaqlar;

7.4.6. diskresion yanacaq – hava gəmisinin kapitanının (komanda verən pilotunun) seçimi əsasında həyata keçiriləcək əməliyyatlar üzrə sərf ediləcək yanacaq.

 

Son xəbərlər