FHN Akademiyasında andiçmə və məzun günü

post-img

Oktyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi olub.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib. Nazir builki mərasimin ölkəmizdə yaranmış yeni ruh yüksəkliyi şəraitində keçirildiyini diqqətə çatdırıb. O deyib: “Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə təhsilin inkişafı üçün ciddi addımlar atıb. Bu gün Heydər Əliyev siyasətinin davamçısı, Prezident İlham Əliyev təhsilin müasirləşməsinə və inkişafına böyük diqqət yetirir. Dövlətimizin başçısının təşəbbüsü ilə xüsusi dövlət proqramları həyata keçirilir və aparılan təhsil islahatları uğurlu nəticələr verir. FHN Akademiyasında ötən müddət ərzində maddi-texniki bazanın yaradılması, kursantların tədris və təliminin, sosial-məişət şəraitinin müasir tələblərə uyğun təmin edilməsi istiqamətində işlər görülüb".

Akademiyanın rəisi, general-mayor Baba Salayev bu tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda gənc kursantların göstəricilərindən danışıb, akademiyaya qəbul olan kursantların valideynləri adından Eldəniz Tağıyev məzun və kursantları təbrik edərək onlara uğurlar arzulayıb.

Sonra mərasim “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Əli Əliyev akademiyanın məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib.

Məzunlar akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.

FHN-in Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.



Son xəbərlər