Aprelin 19-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Gündəlik qəbul edildikdən sonra cari məsələlərin müzakirəsi aparıldı.
Natiqlər Fransanın Azərbaycandakı səfirinin məsləhətləşmələr üçün geri çağırılması məsələsinə öz münasibətlərini bildirdilər. Deputatlar ikitərəfli əlaqələrdə Fransanın uzun müddət ərzində destruktiv fəaliyyət sərgilədiyini qeyd etdilər.
Müzakirələrdə, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin ölkəmizdən çıxarılması məsələsinə də toxunuldu. Deputatlar bu prosesin ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial siyasətinin nəticəsi olduğunu qeyd etdilər. Çıxışlarda məsələ ilə əlaqədar ABŞ-nin qeyri-obyektiv mövqeyinin təəssüf doğurduğu bildirildi.
Sonra S.Qafarova iclasın gündəliyində 14 məsələnin olduğunu dedi. Diqqətə çatdırdı ki, 1-ci məsələ Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti haqqında hesabatıdır. Spiker qeyd etdi ki, Hesablama Palatasının hesabatlarının Milli Məclisdə dinlənilməsi dövlət büdcəsinin formalaşdırılması və xərclənməsi üzərində maliyyə nəzarətinin səmərəliliyini təmin etməyə yönəlib və bu sahədə parlament nəzarətinin ən mühüm istiqamətlərindən birini təşkil edir.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2023-cü ildəki fəaliyyəti haqqında hesabatını təqdim etdi. Bildirdi ki, 2023-cü il üzrə hesabat “Hesablama Palatası haqqında” Qanuna, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə əsasən, beynəlxalq standartların tələbinə uyğun olaraq hazırlanıb.
Hesablama Palatasının 2023-cü ildə fəaliyyətindəki yeniliklərdən danışan palata sədri dövlət maliyyəsi sahəsində ixtisaslı kadr hazırlığını təmin etmək üçün iki universitetdə “Dövlət auditi” üzrə silsilə təlimlərin keçirilməsini, ictimai iştirakçılıq məqsədilə palatanın rəsmi səhifəsində “Audit təklif et” bölməsinin yaradılmasını və nəhayət, dövlət sektorunda şəffaflığa və hesabatlılığa töhfə vermək məqsədilə HP-nin büdcəsinin icrası və satınalmalarının hesabatının təhlil-açıqlama şəklində və ölkədə ilk dəfə bir beynəlxalq tədbirə çəkilən xərclər smetasının icrasının palatanın rəsmi səhifəsində dərc edilməsini xüsusi vurğuladı
Palatanın strateji planının icrası haqqında məlumatları diqqətə çatdıran V.Gülməmmədov bildirdi ki, Hesablama Palatasının “2021–2025-ci illər üzrə strateji plan”ı INTOSAI-nin prinsip və təlimatları nəzərə alınmaqla hazırlanmış, burada 2 yekun və 9 aralıq nəticə müəyyənləşdirilmişdir. Strateji planda nəzərdə tutulmuş fəaliyyətlərin icrası 90 indikator – Əsas Fəaliyyət Göstəricisi (KPI) əsasında qiymətləndirilmişdir.
Palatanın fəaliyyət istiqamətləri barədə danışan sədr dedi ki, “Hesablama Palatası haqqında” Qanunun 20.5-ci maddəsinə uyğun olaraq 2023-cü ilin İş Planına il ərzində müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında 4 yeni tədbir, deputatlar tərəfindən səsləndirilən fikirlər nəzərə alınmaqla Hesablama Palatasının üzvlərinin təklifləri əsasında audit və analitik fəaliyyət üzrə 2 yeni tədbir əlavə olunmuşdur.
2023-cü ildə Hesablama Palatasının Kollegiyası tərəfindən 41 audit və 4 analitik fəaliyyətin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Nəticələrinin rəsmiləşdirilməsi 2024-cü ilə keçirilmiş 1 analitik fəaliyyət istisna olmaqla, bütün tədbirlər başa çatdırılmış və Milli Məclisə məlumat verilmişdir.
2023-cü ildə Hesablama Palatasının əsas nəzarət sahələri – əhaliyə ödənilən sosial müavinət və təqaüdlər, tibbi sığorta xərcləri, fermerlərə göstərilən dövlət dəstəyi, sosial obyektlərin tikintisi və təmiri, hüquq-mühafizə sahəsinin ayrı-ayrı istiqamətləri, dövlət satınalmaları, dövlət rüsumlarının və vergilərin formalaşması vəziyyəti olmuşdur.
Audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarə edilməsində ümumi nöqsan məbləği 1971,9 milyon manat müəyyən edilmişdir.
Hesabat ilində Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2020–2022-ci illəri əhatə edən 6 uyğunluq auditi keçirilmişdir. Ümumilikdə, idarə tərəfindən auditlərlə müəyyən edilmiş pozuntu məbləği 120 milyon manatdan çox olmuşdur. Bütün auditlər üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdir.
V.Gülməmmədov bildirdi ki, palatanın qanuna əsasən ikinci fəaliyyət istiqaməti büdcə layihəsi və icrasına rəylərin verilməsidir. 2023-cü ildə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə Hesablama Palatası tərəfindən 6 rəy, yenidən baxılma ilə bağlı isə 3 rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. İlk dəfə olaraq 1 rəy maliyyə auditi üzərindən verilmişdir. Rəylərin auditlər üzrə verilməsi təcrübəsinə keçid də ortamüddətli dövr üçün müəyyənləşdirilən hədəflərdən biri idi.
2023-cü ildə verilmiş rəylərlə 1350 milyon manatdan çox uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Fəaliyyət haqqında hesabatda uyğunsuzluq kimi göstərilən məbləğin, təxminən, 218 milyon manatı 2024-cü ilin dövlət büdcəsinin layihəsində nəzərə alınmaqla müvafiq qaydada düzəldilmişdir. Bu da ali audit orqanının təsirini səciyyələndirən göstəricilərdən sayıla bilər.
Hesablama Palatası 2023-cü ildə də beynəlxalq fəaliyyətinə xüsusi diqqət yetirmişdir. Hesabat ilində Hesablama Palatası fəaliyyəti qiymətləndirilən qurumdan qiymətləndirən quruma çevrilmiş və beynəlxalq təşkilatın təklifi ilə qoşulduğu layihə çərçivəsində Tacikistan Respublikası Hesablama Palatasının fəaliyyətini qiymətləndirmişdir. Qarşılıqlı əməkdaşlığın və potensialın gücləndirilməsi məqsədilə Pakistan İslam Respublikası və Koreya Respublikasının müvafiq qurumları (Ali Audit Orqanları – AAO) ilə memorandumlar imzalanmışdır. Əvvəlki ildə olduğu kimi, hesabat ilində də Hesablama Palatasının maliyyə fəaliyyəti audit edilmiş, maliyyə hesabatlarına Pakistan Ali Audit Orqanı tərəfindən müsbət rəy verilmişdir.
Spiker hesabatın yüksək səviyyədə hazırlandığını deyərək, məsələni səsə qoydu.
Səsvermə nəticəsində Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı nəzərə alındı.
S.Qafarova gündəliyin növbəti altı məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirdi. Qanun layihələri müzakirəsiz qəbul edildi.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası qanun layihəsini (birinci oxunuşa) təqdim etdi.
Diqqətə çatdırıldı ki, qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, bu sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını, süni torpaq sahələrindən istifadənin, o cümlədən, süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir. Sənəddə süni torpaq sahəsinin anlayışı və bununla bağlı ümumi tələblər öz əksini tapıb. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi süni torpaq sahəsi olaraq qeyd edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin plenar iclası başa çatdı.
Əliqismət BƏDƏLOV
XQ