Aprelin 19-da Naxçıvan şəhərində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC arasında imzalanmış tədbirlər planına müvafiq olaraq “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin sədri Elman Cəfərli mövzunun əhəmiyyətindən bəhs edib. O, Naxçıvan MR-də narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirləri haqqında da məlumat verib.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Muxtar Respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, NDU-nun rektoru Elbrus İsayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov narkomaniyanın dünyanı ciddi şəkildə narahat edən problem olmasından, müasir dövrdə gəncləri zərərli vərdişlərdən qorumağın mühüm çağırış olmasından, narkotik maddələrin insan sağlamlığına vurduğu zərərdən və törətdiyi fəsadlardan ətraflı danışıblar.
S.HƏSƏNOV
XQ
Naxçıvan