Ədəbi dühanın əbədi şöhrəti

post-img

Teatr muzeyində yubiley mərasimi

Azərbaycan Dövlət Teatr Muzeyi və Cəfər Cabbarlının ev muzeyi Cəfər Cabbarlının 125 illiyinə həsr olunmuş yubiley mərasimi keçirib. 

Toplantını giriş sözü ilə açan Teatr muzeyinin direktoru, Əməkdar mədəniy­yət işçisi Sevinc Mikayılova Cəfər Cab­barlı yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə verdiyi misilsiz töhfələr­dən söz açıb. Sonra dramaturqun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. 

Teatr muzeyinin elmi-kütləvi işlər şö­bəsinin müdiri Ümidə Hacıyeva C.Cab­barlının zəngin ədəbi irsindən, pyeslərinin səhnə təcəssümündən danışıb. “Cəfər Cabbarlı mükafatı”nın komissiya üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filo­logiya elmləri doktoru Tahirə Məmməd, Əlyazmalar İnstitutunun professoru Ta­hirə Həsənzadə, Milli Konservatoriyanın dosenti Firudin Qurbansoy dramaturqun çoxyönlü ədəbi-bədii yaradıcılığından, milli mədəniyyətimizin inkişafına göstər­diyi xidmətlərdən danışıblar.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının artisti Məsmə Ağaverdiye­va ədibin “Ey, dan ulduzu”, Bakı Bələdiy­yə Teatrının aktyoru Toğrul Rza “Məhkum Şərqə” və “Azərbaycan bayrağı” şeirləri­ni səsləndiriblər. Əməkdar artist Rəşad İlyasov isə C.Cabbarlının “Azad bir quş­dum” mahnısını ifa edib. 

Böyük dramaturqun əsərlərinin motiv­ləri əsasında hazırlanan səhnələr məra­simə xüsusi rəng qatıb. Tədbirdə ədibin yaradıcılığını əks etdirən sərgi nümayiş olunub.

Sonda Cəfər Cabbarlının ev muzeyi­nin direktoru Qəmər Seyfəddinqızı Teatr Muzeyinin kollektivinə, alim və sənətkar­lara ölməz sənətkarın irsinə verdikləri yüksək dəyərə görə minnətdarlığını bil­dirib.

R.QURBANLI
XQ



Mədəniyyət