Yaxın Şərq: savaş haləsi böyüyür

post-img

Bir neçə aydır ki, Yaxın Şərq yenidən çalxalanır. Son aylar bu region dünyanın hərbi aporiyalarının mərkəzinə çevrilməkdədir. Maraqlıdır ki, hərbi eskalasiya iki dövlətlə məhdudlaşmır: İraq, Suriya, Fələstin, Livan, Yəmən … ya birbaşa, ya da dolayısı ilə lokal, lakin münaqişəyə cəlb olunublar. Bu günlərdə İranın bir generalı və digər yüksək rütbəli hərbçilərinin Suriyadakı İran konsulluğuna hücumu nəticəsində həlak olması vəziyyəti son dərəcə gərginləşdirib. İranın ali dini lideri Əli Xameneyi çıxışında demişdir ki, Suriyadakı İran səfirliyinə hücumu ilə bağlı İsrail ağır şəkildə cavabını alacaq. 

Doğrudur, İsrail bu hücumu öz üzə­rinə götürmədi. Lakin İranın dəstəklədiyi qüvvələrə qarşı hərbi diversiyaları davam etdirəcəyini bildirib. Hər kəsə məlumdur ki, İran hərbçiləri həmin qüvvələri ciddi şə­kildə koordinasiya edir. İndi hərbi və siyasi ekspertləri bir sual düşündürür: İran İsrailə birbaşa cavab verəcək, yoxsa yenə şiə tə­mayüllü proksilər vasitəsilə hücum edəcək? Xameneyinin çıxışından belə məlum olur ki, İran birbaşa zərbə endirməyəcək, illərdir sınaqdan çıxardığı uzunmüddətli münaqişə kursunu davam etdirəcək. Yəni, İraq, Livan və Yəməndən idarə etdiyi hərbiləşmiş siyasi qüvvələr vasitəsilə hücum edəcək? Üç aya yaxındır ki, Suriya, İraq, Yəmən və Livanda cəmləşən bu qüvvələr bölgədəki ABŞ və İs­rail ittifaqına dron və raket zərbələri endirir­lər. Əksər hücumların qarşısı alınsa belə, bu, İranın ABŞ və İsrailin regionda hərəkətlən­məsini məhdudlaşdıran ciddi təzyiqi hesab edilir. Bu baxımdan, İranın İsrailə birbaşa hücumu istisna edilir. 

İran da yaxşı anlayır ki, birbaşa hücum münaqişənin coğrafiyasını kəskin şəkildə də­yişər və İsrailin müttəfiqləri, xüsusilə, ABŞ müharibəyə qoşula bilər. Təbii ki, belə olan halda İranın uzun müddət müqavimət göstərə biləcəyi şübhə doğurur. Amma cavabın ve­riləcəyi də istisna edilmir. Çünki cavabsız­lıq SEPAH-ın ölkədə və proksilər arasında nüfuzdan düşməsinə səbəb ola bilər. Bunu İran hakimiyəti də yaxşı anlayır. Ekspertlər düşünürlər ki, əslində, İsrail İranın birbaşa hücumunu istəyir. Əgər bu hücum baş versə, İsrail İrana qarşı çoxdankı hərbi planını işə salacaq. Bu isə İranın tələyə düşməsi demək­dir. Bu baxımdan İranın birbaşa deyil, İsrailə çəkindirici ola biləcək digər vasitələrlə bir hücum cavabına ehtiyacının olduğu görünür. 

Netanyahu hakimiyyəti HƏMAS məsələ­sini tezliklə bitirmək və Hizbullahla, ya da İranla birbaşa müharibəyə can atır. İran isə hələ ki, sərhədləri yanında müharibə istəmir. Üfüqdə isə bunun üçün hələ ki, iki seçim gö­rünür. Ya Netanyahunun siyasətdən getməsi, ya da İsrailin ətrafındakı ərəb ölkələrindən hansısa biri ilə müharibəyə başının qarışması. İstənilən halda İran və İsrail qarşıdurması heç vaxt indiki qədər aktuallığa yüksəlməyib. Bu isə Yaxın Şərqə müsbət heç nəyi vəd etmir. 

Anar TURAN
XQ

Son xəbərlər