Qarabağ zəfərimiz səhnəmizi və milli ekranı yeni zirvəyə yönəldib

post-img

O, ölkənin müxtəlif teatrlarının səhnələrində həm klassik, həm də müasir dramaturqların onlarca əsərinə quruluş verib. Özü bunu etiraf etməsə də, həm də istedadlı aktyordur. “Qəm pəncərəsi” və “Ölülər” filmlərində yaddaqalan obrazlar yaradıb. “XQ”nin həmsöhbəti Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Mərahim Fərzəlibəyovdur.

– Xoş gördük, Mərahim müəllim! Söhbətimizə ondan başlayaq ki, keçən il Teatr Forumunun iştirakçısı olmusu­nuz. Ötən bir il ərzində həm çalışdığı­nız yeni kollektivdə, həm də, ümumiy­yətlə, səhnəmizdə yeniliklər varmı?

– Teatr Forumunun keçirilməsi, bü­tövlükdə, incəsənətimiz üçün önəmli hadisədir. Rejissorlar, aktyorlar, teatr tənqidçiləri bir araya toplaşıb təcrübələ­rini bölüşdülər, tamaşaları təhlil etdilər. Yəni, sənət ocaqları arasında əlaqə ya­ranır. Bunun özü çox yaxşı haldır. Yəqin ki, bu forum davamlı olacaq və milli teatr sənətinə özünün töhfəsini verəcək. Fo­rumda dünyanın aparıcı teatrlarındakı mövcud vəziyyət müzakirə olundu, elə­cə də sənət adamları yeniliklərdən hali oldular. Rejissor, aktyor gərək dünyanın aparıcı ölkələrindəki teatr proseslərindən xəbərdar olsun ki, yeni tendensiyaları yaradıcılığına gətirə bilsin. Dramaturgi­yanın inkişafı çox əhəmiyyətli məsələdir. Çünki hər şey sözdən başlayır. 

– Mədəniyyət naziri forumdakı çıxı­şında vurğulamışdı ki, məqsəd sahə­nin peşəkarlarını bir araya gətirmək, problemləri birgə müzakirə etmək və vahid platforma yaratmaqdır... 

– Əslində, bizim teatr mühitinin vahid platforması elə Teatr Xadimləri İttifaqıdır. Orada yığışıb teatrların qayğılarından danışa, fikir mübadiləsi apara bilərik. Bu gün dramaturgiyada, rejissor, aktyor sənətində mövcud problemləri çəkin­mədən dilə gətirib, onların həlli yollarını tapmağa çalışmalıyıq. Məncə, vahid plat­forma deyilən şey elə sənətkarların bir yerə toplaşmasıdır ki, bu da mümkünsüz deyil. Sənətkarların bir araya gəlmələri, ünsiyyətdə olmaları sonda sənətin inki­şafı deməkdir. 

– Şəxsi yaradıcılığınızdan danışaq. Suraxanı rayon Mədəniyyət evində kinomexanik köməkçisi Fərzəlibə­yov sahə üzrə təhsil aldıqdan sonra Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru oldu. Sonralar Akademik Mil­li Dram Teatrında, digər səhnə ocaqla­rında rejissor işlədi. Yəqin uzunmüd­dətli səhnə təcrübənizə söykənərək teatrımızın inkişafı yönündə müəyyən fikirləriniz, təklifləriniz var...

– Leninqrad Dövlət Teatr, Kino, Mu­siqi İnstitutunu bitirdikdən sonra məni Sumqayıt Dövlət Dram Teatrına baş rejis­sor təyin etdilər. Bu teatrda müxtəlif jan­rlarda əsərlərə səhnə həyatı vermişəm. Həmin illərdə Akademik Milli Dram Te­atrı yazıçı-dramaturq İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərinin quru­luşunu mənə həvalə etdi. Premyerada ümummilli lider Heydər Əliyev də iştirak edirdi. Yadımdadır, finalda Natəvan de­yir ki, bu əzablı yolların sonunda azad Azərbaycan görünür. Biz hamımız həyə­canla gözləyirdik ki, Ulu öndər bu sözlərə necə reaksiya verəcək. İlk əl çalan onun özü oldu. Sovet hökumətinin qılıncının kəsəkəs çağında səhnədən bunu demək çox böyük cəsarət tələb edirdi. Söhbəti ona gətirirəm ki, əsas sözdür. Bəli, dra­maturji material çox önəmlidir. Amma hər dövrün özünün dramaturgiyası var. Bu gün zamanın nəbzini tutan əsərlər yazıl­malı və səhnəyə qoyulmalıdır. 

Həmin əsərin uğurlu quruluşu ilə gənc Fərzəlibəyovun Azdramada fəaliy­yətinə yaşıl işıq yandırıldı. Əsasən, İlyas Əfəndiyevin pyeslərini səhnələşdirirdi. Məhz İlyas Əfəndiyevin dramaturgiyası ilə teatr rejissoru kimi püxtələşdim. Dra­maturgiyasız nə aktyor yetişə bilər, nə də rejissor. Soruşursunuz ki, təklifiniz var­mı? Var. Birincisi, yaxşı əsərlər yazsınlar, ikincisi də onların səhnəyə qoyulması üçün normal şərait yaratsınlar... 

– Kinematoqrafiya sahəsində də xidmətləriniz olub. Həm aktyor kimi rol almısınız, həm də film rejissoru ol­musunuz... 

– Adətən, teatr rejissoru özünü başqa janrlarda, ən çox da kinoda sı­namaq istəyir. Axı gözümüzü dünyaya açandan həyatı filmlərdəki kimi görməyi arzulamışıq. Uşaqlıqdan dramaturgiyanı çox sevmişəm, hətta səkkizinci sinifdə birpərdəli pyes yazmışdım. Dünyaya baxışımızı formalaşdıran, əsasən, kino sənətidir. 1990-cı illərin əvvəllərində Akif Həsənoğlunun ssenarisi əsasın­da “Mənim ağ şəhərim” filmini çəkdim. Filmi ekoloji fəlakət zonası sayılan Sumqayıtda lentə aldıq. Anadan ölü do­ğulan körpə məzarlığı Sumqayıtda indi də durur. İntəhası, film boyu heç yerdə şəhərin adı çəkilmir, çünki motiv dünya­da ekoloji fəlakətə məruz qalmış bütün şəhərlərin taleyini göstərmək, problemi qabartmaq idi. Filmin qayəsini Ağ şəhər arzusu təşkil edirdi. İllər keçdi və bizim təxəyyülümüzdə yaratdığımız Ağ şəhər reallığa çevrildi. İndi Bakının “ağ şəhər”i var. 

Sonra Qarabağdan bəhs edən iki bə­dii film çəkdim – “Qırmızı qar” və “Canavar balası”. Anar Cəlil Məmmədquluzadənin əsərlərinin motivləri əsasında “Qəm pən­cərəsi” filmini lentə alanda mənə “uçitel” Həsən obrazını həvalə etdi. Maraqlı, sati­rik, həm də kədərli bir obraz idi. Bu filmdə məni aktyor kimi görüb bəyənən rejissor Tofiq Tağızadə həmin illərdə ekranlaşdır­dığı “Ölülər” filmində Şeyx Əhməd rolu­nu verdi. Elə bu iki filmlə də aktyorluğum yekunlaşdı. Doğrudur, müəyyən təkliflər oldu, amma dedim daha bəsdir. 

İndi kino sahəsində xeyli irəliləyiş var. Gənclər yeni filmlər çəkirlər, amma hələ çox iş görülməlidir. Qarabağ mövzusun­da elə ssenarilər yazılmalıdır ki, dünya səviyyəsinə çıxarmağa layiq filmlər çə­kilsin. İnanıram ki, Zəfərimizlə bitən 44 günlük Vətən müharibəsi mövzusunda sanballı ekran əsərləri yaranacaq. Bu is­tiqamətdə yaxşı işlər gedir. 

– Hazırda Bakı Bələdiyyə Teatrının baş rejissorusunuz. Uzun illər məh­suldar işlədiyiniz Akademik Milli Dram Teatrından təkliflər olurmu? 

– Rejissor kimi fəaliyyətimin 40 ili bu teatrla bağlı olub. Quruluş verdiyim tama­şaların sayını itirmişəm. Çox istedadlı ak­tyor truppası ilə elə gözəl tamaşalar ha­zırlayırdıq ki... Sonra yeni rəhbərlik orada dəyişikliklərə başladı. Təcrübəli rejissor­ların hamısı ana teatrdan uzaqlaşdırıldı. Hamımız – Azərpaşa Nemətov, Mehriban Ələkbərzadə, Rövşən Almuradlı, Bəhram Osmanov, Ağakişi Kazımov, Əsgər Əs­gərov və mən o teatrın rejissorları idik. Mədəniyyət Nazirliyinin göstərişi ilə işdən çıxarıldıq. Bunu onunla əsaslandırdılar ki, teatra kənardan rejissor cəlb olunmalı, onlara böyük səhnədə özlərini sınamaq imkanı verilməlidir. Bu, Milli Dram Teatrı tarixində yol verilən ən böyük səhv idi. Uzun illərin yetişdirdiyi rejissorlar ana teatrda əl-ələ verib işləyirdilər. Hərəsi bir tərəfə səpələndi. Xalq artisti Amalya Pənahovanın sağlığında Bələdiyyə Te­atrında bir neçə tamaşa hazırlamışdım, uğurlu alınmışdı. O, rəhmətə gedəndən sonra qızı, teatrın indiki direktoru Aynur Muxtarova məni Bələdiyyə Teatrına baş rejissor vəzifəsinə dəvət etdi. Bu gün­lərdə Elçinin “Şekspir” əsərinin motivləri əsasında hazırladığım tamaşanın prem­yerası oldu. Öz binamız olmadığından təqdimatı Azdramada reallaşdırdıq. 

– Bələdiyyə Teatrında, əsasən, gənclərlə işləyirsiniz. Nəsil dəyişikli­yi necə gedir, gənclər sənət estafetini qəbul etməyə hazırdırlarmı? 

– O zaman biz gənc rejissorlar kimi müqtədir sənətkarlarımız Ələsgər Şəri­fov, Mehdi Məmmədov, Tofiq Kazımov­dan görüb-götürürdük. Onların məktəbi­nin yetirmələriyik. Bu gün də Azərpaşa Nemətovun, Hüseynağa Atakişiyevin, Vaqif İbrahimoğlunun, Bəhram Osma­novun, Ağakişi Kazımovun davamçıları var. İndi biz də estafeti özümüzdən son­ra gələnlərə ötürürük. Mənə elə gəlir ki, sənət estafetini istedadlı gənclərimiz la­yiqincə davam etdirəcəklər. 

Söhbətləşdi:
Ramilə QURBANLI
XQ

Müsahibə