İyulun 15-də Bakıda XIX əsrə aid Zərgərpalan hamamı kimi tanınan tarixi abidənin konservasiya işlərindən sonra açılışı olub. Konservasiya işləri AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları və italiyalı professor Luici Skrinzi tərəfindən “Miras” İctimai Birliyinin sifarişi əsasında həyata keçirilib.
XQ xəbər verir ki, açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Vasif Qafarov, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova, Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, Zərgərpalan abidəsində aparılan arxeoloji işlərin rəhbəri tarix elmləri doktoru, professor Qafar Cəbiyev, “Miras” İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Zərgərpalan hamamının sahibi Əli Əliyev, Arxeologiya və Antropologiya İnstitutunun kollektivi və aidiyyəti şəxslər iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Zərgərpalan hamamında aparılan arxeoloji işlərin rəhbəri tarix elmləri doktoru, professor Qafar Cəbiyev bildirib ki, tarixi tikili 1899-cu ildə yerli sahibkarların vəsaiti hesabına inşa olunub, 1937-ci ildə sahibi repressiyaya məruz qalıb və İkinci dünya müharibəsi dövründə təyinatı dəyişdirilərək müharibə üçün məhsullar hazırlayan sex və emalatxana kimi fəaliyyət göstərib. Diqqətə çatdırıb ki, abidə uzun müddət baxımsız qalıb və ötən əsrin sonlarında özəlləşdirmə dövründə özəl mülkə çevrilib. Abidənin dövlət qeydiyyatında olduğunu deyən Q.Cəbiyev sahibkar Əli Əliyevin “Miras” İctimai Birliyinə müraciəti əsasında burada ilkin olaraq arxeoloji ekspertizanın aparıldığını və daha sonra tədqiqatlara başlanıldığını söyləyib. Abidə barədə məlumat verən alim qeyd edib ki, hamamın əsas strukturu giriş otağı, iki əsas zal və onlara bitişik otaqlardan ibarətdir. Arxeoloji qazıntılar zamanı otaqların hər birində maddi-mədəniyyət nümunələri, konstruksiya qatları və memarlıq elementləri aşkarlanıb. Abidədə Şərq memarlığının elementləri (tağlar, günbəzlər, səkilər, fəvvarələr) ilə yanaşı, Avropa memarlıq məktəbinin bəzi xüsusiyyətləri də müşahidə olunur.
Q.Cəbiyev vurğulayıb ki, konservasiya işləri zamanı İtaliya texnologiyasından istifadə olunub və abidənin orijinallığı maksimum şəkildə qorunub. O, rəhbərlik etdiyi tədqiqatlar zamanı tarix üzrə fəlsəfə doktorları Fariz Xəlilli və Elmira Abbasovanın əməyini xüsusi qeyd edib.
Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, son illərdə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində Prezident İlham Əliyevin tapşırıqları və müstəqil Azərbaycan dövlətinin prioritetlərindən irəli gələrək mühüm tədqiqatlar aparılır və Azərbaycan elmi ölkəmizin inkişafına öz töhfəsini verir. Akademik İsa Həbibbəyli vurğulayıb ki, son illərdə aparılan islahatlar nəticəsində Azərbaycan arxeologiya elmi inkişaf edir, ölkəmizin müxtəlif bölgələrində arxeoloji abidələrin öyərnilməsi istiqamətində bir sıra ekspedisiyalar fəaliyyət göstərir. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun bölgələrdə apardığı arxeoloji qazıntılarla yerində baxış keçirdiyini deyən akademik İsa Həbibbəyli bu abidələrin tədqiqi ilə yanaşı həm də turizm məkanı kimi turistlərin cəlb edilməsinə töhfə verməkdə olduğunu söyləyib.
AMEA prezidenti bu abidələrin ölkəmizin tarixini, memarlığını, mədəniyyətini əks etdirməklə yanaşı, onların bərpa olunaraq həyata qaytarılmasının bu arxeoloji nümunələrin yeni nəsillərə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Başda işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda olmaqla, ölkəmizin bir çox bölgəsində hazırda arxeoloji ekspedisiyaların uğurla fəaliyyət göstərdiyini deyən akademik İsa Həbibbəyli bölgələrlə yanaşı, paytaxt Bakıda və Abşeron yarımadasında da son illərdə arxeoloji tədqiqatlara başlanıldığını vurğulayıb. Qeyd edib ki, sözügedən ərazi qədim tarixə malikdir və Bakının tarixi məhəllələrində arxeoloji tədqiqatlar daha da genişləndirilməlidir.
Tarixi Zərgərpalan abidəsində qısa müddətdə aparılan konservasiya işlərindən məmnun qaldığını deyən akademik İsa Həbibbəyli tikilinin gələcəkdə turizm obyekti kimi istifadəsi, sərgilərin təşkili baxımından əlverişli olduğunu bildirib, abidənin mədəni irsimizin öyrənilməsinə töhfə verəcəyini söyləyib.
SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova çıxışında Zərgərpalan abidəsinin həyata qaytarılmasının Azərbaycan mədəniyyətinin uğurlarının növbəti səhifəsi olduğunu deyib. Qeyd edib ki, Azərbaycan mədəniyyətinin dünyada hamisi Mehriban xanım Əliyevanın dəstəyi ilə uzun illərdir SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası bir çox layihələr həyata keçirir, xüsusilə xarici mütəxəssislərin iştirakı ilə Qəbələdə arxeoloji qazıntılar təşkil edir. Ruhəngiz Heydərova bu günlərdə “Qədim Qəbələ şəhəri”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsinin onların çoxillik zəhmətlərinin bəhrəsi olduğunu və yekun siyahıya düşmək üçün zəruri fəaliyyətin davam etdiriləcəyini söyləyib.
Milli Məclisin deputatı, tarixçi alim Vasif Qafarov çıxışında Zərgərpalan hamamının tarixi-mədəni sərvətimizin bir parçası olduğunu və yenidən həyata qaytarılmasının tariximizə sahib çıxmaq baxımından olduqca mühüm əhəmiyyət kəsb etdiyini deyib.
O, həmçinin özünün təşəbbüsü ilə Lerik rayonundakı tarixi mağaralarda arxeoloji qazıntı işlərini bərpa etmək üçün əraziyə gedən yolun salınması işlərinə başlanıldığını, işlərin yekunlaşmasından sonra arxeoloq alimlərin həmin ərazilərdə tədqiqatlar apara biləcəklərini söyləyib.
Tədbirdə, həmçinin “Miras” İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və professor Hidayət Cəfərov Zərgərpalan hamamında aparılan konservasiya işləri, abidənin tarixi və s. istiqamətlərdə fikirlərini diqqətə çatdırıblar.
Daha sonra sahibkar, Zərgərpalan hamamının sahibi Əli Əliyev çıxış edərək tarixi abidənin peşəkar şəkildə Azərbaycan mədəniyyətinə qaytarılmasına görə alimlərə minnətdarlığını bildirib.
Çıxışlardan sonra abidəyə baxış keçirilib, xatirə şəkilləri çəkdirilib.