Uşaqlara “Ulduz” töhfəsi

post-img

Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” aylıq ədəbi-bədii jurnalının növbəti sayı işıq üzü görüb. Dünya uşaq ədəbiyyatına həsr olunan fevral–mart sayı jurnalın yaradıcı heyəti ilə AMEA Ədəbiyyat İnstitutu uşaq ədəbiyyatı şöbəsinin birgə layihəsi əsasında hazırlanıb. 

Jurnal Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri dok­toru, dosent Elnarə Akimovanın “Gecələr səmaya bax, bütün ulduz­lar çiçəkləyəcək...” adlı ön sözü ilə açılır. Ardınca tanınmış tənqidçi Cavanşir Yusiflinin təqdimatında “Eqzüperinin duası” və Antuan Dö Sənt Eqzüperinin “Balaca şahzadə”sindən üç fəsil dərc olunub. Hə­diyyə Şəfaqət isə Rey Bredberinin “Zəncirotu şərabı” romanı əsa­sında yazdığı “Əjdaha şərabı”nı oxucularla bölüşür. Səməd Behrən­ginin “Balaca qara balıq” mənzum nağılı da “Ulduz”un bu sayında yer alıb. 

Uşaq dünyasının özəlliklərini göstərən və böyüyən nəslin ədəbi zövqünün daha yaxşı formalaşmasına xidmət edən bu sayda Tür­kiyənin mühacir yazıçısı, tərcüməçisi və publisisti, Almaniya Yazar­lar Birliyinin üzvü, AYB-nin fəxri üzvü Orxan Aras Jücel Feyzioğlu­nun uşaq kitabları haqqında “Nağılına sevgi qoşan adam” yazısını təqdim edib. Əziz Nesin isə “Abidəsi qoyulan milçək”lə yad edilir. Jurnalda Türkiyənin daha bir məşhur uşaq yazıçısı Nur Dombay­cıyla Cavid Qədirin müsahibəsi uşaq dünyasının əlvan boyalarına işıq tutur. 

Azərbaycan klassiki Süleyman Sani Axundovun “Əhməd və Mə­leykə” nağılı, “Klassik uşaq ədəbiyyatından seçmələr” uşaq ədəbiy­yatının inciləri kimi təqdim olunur. Jurnalın bu sayında Azər Turan oxucuları “Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçi­nin yaratdığı mifik təsəvvürlər dünyası”na aparır. Sevinc Nuruqızı da “Uşaq ədəbiyyatında sevgi etirafı” yazısı ilə xoş ovqat yaradır. 

Reyhan Yusifqızının “Dünya dəyişdi, bəs, uşaq ədəbiyyatı də­yişikliklərə uyğunlaşdımı?”, Mətanət Vahidin “Kitab – xəyal gücü sərhədsiz olan alternativ dünyadır”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Zəfərin uşaq ədəbiyyatında şöləsi” yazı­ları, Britaniya və Amerika uşaq şerindən seçmələr, Əhməd Cəmilin “Can nənə, bir nağıl de” şeiri, Sevinc Elsevərin “Kinomuzda uşaq­lar” araşdırma yazısı, Hans Kristian Andersenin həyatı və “Balaca İdanın çiçəkləri” nağılı, Nurlana İşığın “Uşaq məyusluğunun həqiqə­ti” yazısı da jurnalın bu sayında yer alır. 

“Dərgidə sərgi”də Əzizə və Dəniz Bəhruzlular balacaları özləri­nin rənglər dünyasına qovuşdururlar.

Ə.DOSTƏLİ
XQ

Son xəbərlər