Masallıda “yaşıl” təntənə

post-img

Ramazan bayramı cənub bölgəsinin ən böyük rayonlarından olan Masallıda da fərəh və sevinclə qeyd edilir. Hər tərəfdə abadlıq işləri görülür, səliqə-sahman yaradılır, ağsaqqal və ağbirçəklər, eləcə də sosial qayğıya ehtiyacı olanlara baş çəkilir. 

Ötən günlərdə də bayram öncəsi ra­yonun bir çox ərazilərində təmizlik işləri görülüb, yollar cari təmir edilib. Rayonun Çaxırlı kəndi ərazisində icra nüməyən­dəliyinin təşkilatçılığı, bələdiyyə və kənd sakinlərinin dəstəyi ilə 3 kilometrlik yol qreyderlə hamarlanıb, yüzlərlə metr sahəyə çınqıl döşənərək yayılıb. Bədə­lan kəndində I Qarabağ müharibəsi şə­hidi Davud Qulamovun adına olan küçə cari təmir edilib, Bakı–Astara yolunun Təklə ərazisindən keçən dolaylarında isə ağacəkmə aksiyası təşkil olunaraq, 600-dən çox şam ağacı basdırılıb, 1 kilo­metr uzunluğunda kənddaxili yol sakinlə­rin köməyi ilə qaydaya salınıb.

Təklə kəndində rayon rəhbərliyinin əhali ilə görüşündə icra hakimiyyətinin başçısı Araz Əhmədov camaatı bayram münasibətilə təbrik edib, vətəndaşları narahat edən bütün məsələlərin diqqətdə saxlandığını bildirib. Görüş zamanı qal­dırılan məsələlərdən bir neçəsi yerində­cə həll olunub, digər məsələləri operativ araşdırmaq barədə müvafiq qurumlara tapşırıqlar verilib. 

Ərkivan qəsəbəsində isə müqəd­dəs Ramazan ayının və orucluğun başa çatması münasibətilə xeyriyyə aksiyası keçirilib. İştirakçılar əvvəlcə qəsəbənin mərkəzindəki “Şəhidlər Parkı”nı ziyarət edib, abidə kompleksinin qarşısına gül dəstələri düzüb və Vətən uğrunda döyüş­lərdə canlarından keçmiş qəhrəmanların ruhuna dualar oxuyublar. 

Sonra bayram aksiyası “Həsənəküçə mərasim evi”ndə davam edib. “Ərki­van Xeyriyyə Cəmiyyəti”nin sədri Cəfər Cəfərov çıxışında bildirib ki, aksiya ehti­yacı olan hər kəsi sevindirmək məqsədi daşıyır. Şəhid atası Habil Rəhimov, ağ­saqqal Səyədulla Abbasov Ramazanın fəzilətlərindən danışıb, bu bayramın milli-dini və mənəvi dəyərlər sistemində xüsusi yeri olduğunu vurğulayıblar. Na­tiqlər qəsəbə sakinləri adından aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildi­riblər. Daha sonra xeyriyyə cəmiyyətinin könüllüləri bol nemətli 210 sovqat bağla­masını şəhid ailələri və qazilər də daxil olmaqla, qəsəbənin aztəminatlı ailələrinə çatdırıblar.

Ə.ƏLİYEV
XQ



Sosial həyat