Ramazan sınağından daha güclü hədəflərə

post-img

Ramazan ayı bitdikdən sonra bütövlükdə əvvəlki qidalanma tərzinə keçmək, xüsusilə yağlı, şəkərli və unlu qidalara müraciət etmək sağlamlıq problemlərinə və çəki artımına səbəb olur. Ramazan bayramında uzun müddət ac qalan mədənin yüklənməməsi, qanda şəkər tarazlığının qorunması, şişkinliyin və kökəlmənin qarşısının alınması üçün düzgün qidalanma vacibdir. Bayram günlərində çoxlu unlu və şəkərli məmulatların istehlakı, xüsusilə, diabet, ürək və böyrək xəstələrinə mənfi təsir göstərsə də, sağlam insanlar üçün də zərərli ola bilər. 

Bu gün bayramdır. Amma bu bay­ram başqalarına bənzəmir. Çünki bir ay müəyyən fasilə ilə qidalanmağa alışmı­şıq. Bəs, bayram günlərində orqanizmi həddən artıq yükləməmək üçün necə qidalanmalıyıq? Qeyri-müəyyən qidalan­ma ən çox ürək-damar, təzyiq problemlə­rini kəskinləşdirdiyi üçün bu sualla Elmi- Tədqiqat Kardiologiya İnstitutunun ürəyin işemik xəstəlikləri şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mədinə Əzimova­ya müraciət etdik. Həkim XQ-yə verdiyi açıqlamada bildirdi:

– Öncə hər kəsin bayramını təb­rik edir, ibadətlərinin qəbul olunmasını diləyirəm. Bayramda və ondan sonrakı ilk günlərdə düzgün qidalanmaq orqa­nizmin sağlamlığı üçün vacib şərtdir. Deyə bilərik ki, Ramazan ayı ilə əlaqə­dar insanların çoxu idman fəaliyyətin­dən uzaqlaşır. Bayramla birlikdə bu məşqlərə yenidən başlayanlar idmana keçid etməlidir. İdmana gəzinti ilə baş­lanmalıdır. Bayram günlərində öncədən olduğu kimi, həddindən artıq idman ürə­yin iş yükünü artırır. Bu isə ciddi sağlam­lıq problemləri yarada bilər. İstirahətdə koronar qan axını kifayət qədər olsa da, ekstremal fəaliyyətlərdə ürəyi adekvat qidalanma təmin edə bilməz. Bu, infark­ta səbəb ola bilər.

Bayramı keçirmək üçün nizam-inti­zamlı qidalanma vacibdir. Həmin gün­lərdə, xüsusilə, şirniyyat və xəmir mə­mulatlarının həddindən artıq istehlakı səbəbindən sinə ağrıları, yüksək təzyiq, qanda şəkərin qəfil yüksəlməsi və ya azalması kimi sağlamlıq problemləri ön plana çıxır.

Bu dövrdə şəkər xəstələri qidalan­malarına daha çox diqqət yetirməlidirlər. Ürək sağlamlığı baxımından yağlı, qı­zardılmış yeməklər, şirniyyatlar və xəmir xörəkləri kimi yüksək kalorili qidaların istehlakı zamanı həddi aşmamaq lazım­dır. Bəzən bunlardan hətta az miqdarda yemək belə mənfi nəticələrə səbəb ola bilər. Buna görə də şirniyyat və xəmir məhsullarının istehlakından çəkinmək lazımdır.

Bayram səhəri günə yüngül səhər yeməyi ilə başlamalı, qızardılmış və ya qovurma üsulu ilə bişirilən yeməklərdən uzaq durmalı, duz az olan pendir, zeytun və qaynadılmış yumurta qəbul edilmə­lidir. Mümkün qədər heyvan mənşəli qi­dadan, eləcə də işlənmiş, şəkəri yüksək olan qidalardan uzaq durmalı, paxlalı və tərəvəzli yeməklərə üstünlük verilməlidir.

M.Əzimova yalnız şirniyyatların de­yil, duzun da orqanizmə zərərli təsirin­dən söz açdı:

– Bayramda şəkərlə yanaşı, duzdan da istifadəyə diqqət yetirilməlidir. Əks halda, sağlamlıqla bağlı müxtəlif, xüsu­silə də böyrək, ürək, təzyiq problemləri yarana bilər. Qidalara duz əvəzinə qır­mızı bibər, kəklikotu və ya nanə ilə dad vermək olar.

Bayramda yeməklərin sayının art­ması və daha çox yemək istəyi həzm sistemində narahatlıq yarada bilər. Mədə pozğunluğunun qarşısını almaq üçün bütün yeməklər yavaş-yavaş və yaxşı­ca çeynəməklə yeyilməlidir. Yemək za­manı mədə birdən yüklənməməli, az-az yeməyə diqqət edilməlidir. Nanə və ya çobanyastığı çayları da həzmi yaxşılaş­dıra bilər.

Bayram günlərində şəkərli içkilərin, çay və qəhvənin həddindən artıq istehlakı da sağlamlığa zərərli ola bilər. Məsələn, çay və qəhvənin çox istehlakı, xüsusilə, ürək xəstələri üçün zərərlidir, çünki ürək döyüntüsünün və qan təzyiqinin artması­na səbəb olur. Adi sudan yetərincə istifa­də etməmək başgicəllənməsi, yorğunluq kimi şikayətlərə səbəb olur. Bayram gün­lərində şəkərli və qazlı içkilər yerinə bol su içilməlidir. 

Eyni zamanda, onu qeyd etmək la­zımdır ki, tərkibində bol miqdarda şəkər, un və yağ olan desertlər piylənmənin ən mühüm səbəbidir. Xüsusilə, nişastalı şəkər və marqarinlə hazırlanan paxlava kimi şərbətli desertlər sağlamlığa zərər­lidir. Marqarin və trans yağlardan istifadə edilməklə hazırlanan xəmir məmulatla­rından, eləcə də pizza kimi hazır qidalar­dan da çəkinmək lazımdır. Çünki onların kalorisi yüksək, qida dəyəri isə aşağıdır. Doymuş yağ və nişasta əsaslı şəkər, bel və boyun nahiyəsində qısa müddətdə piy kimi yığılır, həmçinin şəkər xəstəliyinə səbəb olur.

Zərifə HÜSEYNOVA
XQ



Sosial həyat