11 ayın sultanı –paklıq, iman bayramı

post-img

Vətənin bütövlüyünü, xalqın Zəfərdən doğan həmrəyliyini özündə ehtiva edən Ramazan coşqusunu yaşamaq bir ayrı xoşbəxtlikdir 

Bütün İslam aləmində, Türk dünyasında xoş məram, ehtiram, xeyirxahlıq, qardaşlıq kimi bəşəri dəyərlərin bölüşüldüyü müqəddəs bir bayramın coşqusunu yaşayırıq. Birliyimizi və həmrəyliyimizi daha da gücləndirən, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən on bir ayın sultanı – Ramazan başa çatdı. Builki Ramazan həm də bütövləşən, gündən-günə abadlaşan Azərbaycanın hər bir vətəndaşı üçün mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq, Ulu Tanrı qarşısında öz vicdanı borcunu və vəzifələrini yerinə yetirmək fürsəti oldu. 

Sıralarımızı səf tutub bərabər olmanın, eyni duyğu və düşün­cələri bölüşməyin fəxarətini yaşadan Ramazan bayramını İlahinin lütfü kimi qəbul edirik. 

Bu bayram həm də dostları ziyarət, küsülüləri barışdırmaq, uşaqları sevindirmək, dünyasını dəyişənləri yada salmaq fürsətidir. Çünkü Ramazan böyük–kiçik, xəstə–sağlam, uzaq–yaxın demədən sevginin və mərhəmətin böyüyüb genişləndiyi zamanın dilimləridir. 

Sevgi və xoşgörüş kimi bəşəri duyğuların pərvazlandığı, rəhm və bərəkət ayı olan Ramazanın sonuna gəldiyimiz bu gün “fitr bay­ramı”dır. Bu müqəddəs ay boyunca oruc tutmaq hər bir müsəlmana fərz buyrulduğu kimi, Ramazan bayramında fitrə vermək də vacib əməllərdən sayılır. Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) hədislərinin birində deyir ki, Allah bəndəsindən tələb olunan sədəqə verilməyənə­dək Ramazan ayında tutulmuş oruc, edilən ibadət yerlə göy arasın­da qalır. Üzümüzü imkanı fitrə verməyə çatmayanlara, bir ac müsəl­manın qarnını doyurmağa yetməyənlərə tutub deyirik: zikr edin və qəlbinizin şəfqət pəncərəsini açıb, hamıya təbəssüm sədəqəsi pay­layın. Bir ağız dua, bir qucaq sevgi məsafələri qısaltdığı, könülləri birləşdirdiyi kimi, xəfif bir təbəssüm də bizi bir-birimizə yaxınlaşdırır. Ramazan bayramı münasibətilə, ilk növbədə, bu fəxarəti və coşqu­nu bizə canı–qanı bahasına bəxş etmiş şəhidlərimizin doğmalarını, qazilərimizi, bu gün səngərdə Vətənin keşiyində durmuş əsgər və zabitlərimizi təbrik edirik.

Ramazan bayramınız mübarək olsun! 

Qəlblərimizdən nur, el-obamızdan əmin-amanlıq, evimizdən dinclik əskik olmasın! Uca Yaradan ibadətinizi və fitrənizi qəbul elə­sin. Builki Ramazanla vidalaşarkən deyirik: Həmişə yolunu gözləyi­rik, on bir ayın Sultanı! 

XQ

Sosial həyat