Naxçıvan Muxtar Respublikası Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

post-img

Naxçıvan Muxtar Respublikası prokurorunun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe  rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının iştirakı ilə  2025-ci ilin birinci yarımili ərzində görülən işlərə dair əməliyyat müşavirəsi keçirilib.

Müşavirə iştirakçıları tərəfindən öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev müasir prokurorluq orqanlarının formalaşmasında və inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısından bəhs etmişdir.

Sonra muxtar respublikada cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti, əldə olunmuş nailiyyətlər, yol verilmiş nöqsanlar müzakirə edilmişdir. 

Naxçıvan Muxtar Respublikasının prokuroru 2025-ci ilin I yarımili ərzində prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat orqanları tərəfindən görülmüş işlərin vəziyyəti barədə ətraflı məruzə ilə çıxış edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikada qeydə alınmış cinayət hadisələrinin sayının əsasən sabit qaldığını, daxili işlər, eləcə də dövlət təhlükəsizlik orqanları ilə birgə səmərəli əməkdaşlıq nəticəsində cinayətlərin açılmasının 97% təşkil etdiyini qeyd edərək, həm prokurorluq, həm də digər hüquq-mühafizə orqanlarında təhqiqat və istintaqın keyfiyyətinin daha da artırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulamışdır. 

Həmçinin qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında müraciətlərə baxılması işinin keyfiyyətcə yeni səviyyəyə qalxması, müraciətlərə baxılması prosesi üzərində nəzarətin gücləndirilməsi, hüquqi təbliğat və profilaktiki söhbətlər nəticəsində 2024-cü ilin birinici yarımili ilə müqayisədə 2025-ci ilin müvafiq dövründə daxil olan müraciətlərin sayı azalmışdır və bundan sonra da vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, davamlı olaraq bu sahədə profilaktiki tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılmalıdır. Həmçinin, müşavirədə  çıxış edən Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini ədliyyə müşaviri Amil Rəhimov prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq və təhqiqat qurumlarında  cinayət işləri və araşdırma materialları üzrə səmərəliliyin və keyfiyyətin artırılması istiqamətində butün zəruri tədbirlərin görüləcəyini bildirib.

Məruzə ətrafında çıxışlar və müzakirələrdən sonra əməliyyat müşavirəsinə yekun vuran Sənan Paşayev muxtar respublikanın prokurorluq orqanlarının bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə  üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

 

 

 

Son xəbərlər