Naxçıvanda Uşaq Kitabxanasına yeni kitablar təqdim olunub

post-img

İyulun 15-də “Əcəmi Seyrəngahı” İstirahət Kompleksində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasına təqdim olunan yeni kitabların təqdimat mərasimi keçirilib.

Kitablar Bakıda fəaliyyət göstərən, uşaq ədəbiyyatına xüsusi maraq göstərən və maarifləndirici təşəbbüsləri dəstəkləyən bir kitabsevər tərəfindən kitabxanaya hədiyyə edilib. Bu nəcib təşəbbüs uşaqların oxu vərdişlərinin formalaşması, dünyagörüşlərinin genişlənməsi və kitablarla erkən yaşdan dostluq etməsi baxımından yüksək qiymətləndirilir.

Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşı Musa Məmmədov açaraq bildirib ki, uşaqlar cəmiyyətimizin təməlidir və onların sağlam, xoşbəxt, savadlı, vətənpərvər ruhda yetişməsi dövlət siyasətində mühüm yer tutur. Gələcəyimizin möhkəm əsaslar üzərində qurulması üçün uşaqlara diqqət və düzgün istiqamət verilməsi əsas şərtdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Pərvin Həsənov çıxışında qeyd edib ki, uşaq kitabxanalarının fəaliyyəti uşaqların intellektual və mənəvi inkişafında əhəmiyyətli rol oynayır. Bu kimi təşəbbüslər onların mütaliəyə marağını artırır, tərbiyə və təhsilinə müsbət təsir göstərir.

Kitabxananın direktoru Ruzi Süleymanov bildirib ki, təqdim olunan yeni nəşrlər müxtəlif yaş qruplarına uyğun olmaqla yanaşı, maraqlı və öyrədici mövzuları əhatə edir. Bu kitablar uşaqların təxəyyülünü, biliklərini və mütaliə vərdişlərini inkişaf etdirmək baxımından faydalıdır.

Tədbirin sonunda yeni kitabların nümayiş olunduğu sərgiyə baxış keçirilib.

 

 

 







Sosial həyat