Tacikistan və Qırğızıstanın Konstitusiya Məhkəmələrinin nümayəndələri Ədəbiyyat Muzeyini ziyarət ediblər

post-img

Məlum olduğu kimi, 2025-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu qərar Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və konstitusiya quruluşunun möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafı sahəsində əldə edilmiş nailiyyətlərin daha geniş şəkildə təbliği məqsədilə qəbul olunub.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Abdulhafiz Aşurzoda, hakim Balajon İdriszoda və Qırğızıstan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri Çinarə Aydarbekova, Mirgül Bobukeyeva, Ayzada Bokova və nümayəndə heyəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin əməkdaşları ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.

Ədəbiyyat Muzeyindən XQ-ə verilən məlumata görə, qonaqları Milli Məclisin sədr müavini, Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov salamlayıb.

Sonra nümayəndə heyəti Komparativistika və bədii tərcümə şöbəsinin elmi işçisi Zarema İbrahimovanın təqdimatı ilə muzey ekspozisiyasında sərgilənən Azərbaycanın ədəbi-irsi ilə yaxından tanış olublar.

Ziyarət zamanı muzeyin tarixindən, Azərbaycan Xalq Cümhuriyyətindən, eləcə də görkəmli siyasi xadim, Azərbaycanın ilk Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov və onun Paris Sülh Konfransında Azərbaycan xalqının suverenlik hüququnu müdafiə etməsindən bəhs edilib.

Daha sonra qonaqlara dünya şöhrətli qırğız yazıçısı və istimai-siyasi xadim Çingiz Aytmatova həsr edilmiş guşə təqdim edilib. Onlara yazıçının həyat və yaradıcılığı ilə yanaşı, diplomatik fəaliyyəti haqqında da məlumat verilib.

Sonda Tacikistan və Qırğızıstanın Konstitusiya Məhkəmələrinin nümayəndələri muzeyin rəylər və təəssüratlar kitabında bu mədəniyyət ocağı ilə bağlı fikirlərini qeyd ediblər. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə münasibətini yüksək qiymətləndirən qonaqlar bu xalqın zəngin dövlətçilik ənənələrinə, ədəbiyyat və mədəniyyət irsinə dərin hörmət hissi ilə yanaşdıqlarını bildiriblər.











Mədəniyyət