Fidan: Türk xalqı sarsılmaz əzmkarlığını bir daha göstərdi

post-img

2016-cı il iyulun 15-də türk xalqı istənilən təhlükə qarşısında sarsılmaz əzmkarlığını bir daha nümayiş etdirdi. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan 15 iyul Demokratiya və Milli Birlik Günü münasibətilə X sosial şəbəkəsindəki hesabında yazıb. Xəbəri “Anadolu” verib. 

O, FETÖ terror təşkilatının təşkil etdiyi dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad edib.

Onun sözlərinə görə, “xarici kəşfiyyat xidmətlərinin planlarına və Türkiyəni diz çökdürmək məqsədinə uyan xainlər cəmiyyəti” türk xalqının azadlıq və ədalətə sadiqliyini, həmçinin Türkiyə dövlətinin gücünü nəzərə almayıb: “Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) bəsirəti və xalqımızın iradəsi FETÖ-nün 15 iyul gecəsi üstünlüyü əldə etməsinə imkan vermədi. FETÖ-nün məkrli planlarını ifşa edən dövlətimiz bu terror təşkilatının sığındığı yerə gedir və günahkarların ədalət qarşısında cavab verməsi üçün bütün dünyada qətiyyətli addımlar atır. Bir daha xatırlatmaq istəyirəm ki, Türkiyəyə zərər vurmaq cəhdləri bundan sonra da uğursuzluğa düçar olacaq. 15 iyul Demokratiya və Milli Birlik Gününüz mübarək!”

P.ƏMİRCANOV
XQ

Dünya