Kataloqda AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda mühafizə olunan fars, ərəb, türkdilli əlyazma və çap kitablarının qısa təsviri verilib. Elmin müxtəlif sahələrinə aid olan bu kitabların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən toplanılıb.
Kataloqda təqdim olunan kitabların çap olunduğu yerlər, onların ərsəyə gəlməsində xidməti olan müxtəlif sənətkarlar, eyni zamanda əsərlərin müəllifi, katibi, toplayanı, dili, xətti, ölçüsü haqqında məlumatlar əksini tapıb.
Kataloq üç bölmədən ibarətdir. Birinci bölmədə farsdilli, ikinci bölmədə ərəbdilli, üçüncü bölmədə isə türkdilli əlyazma və çap kitablarının təsviri verilib. Üçüncü bölmə 2 hissədən ibarətdir.
Birinci hissəyə daxil edilən kitablar “Bədii ədəbiyyat”, “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix və ictimaiyyət”, “İlahiyyat və fəlsəfə”, “Pedaqogika, dərslik və dərs vəsaitləri” başlıqlarında qruplaşdırılıb.
İkinci hissə isə latın əlifbasında olan kitablardan ibarətdir.
“Elm” nəşriyyatında işıq üzü görən 260 səhifəlik kataloqun elmi redaktoru AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Teymur Kərimli, rəyçiləri AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov, tərtibçiləri isə Fondun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, Kübra Vəliyeva və Fəxrəddin Eylazovdur.
Türk-islam mədəniyyətinin daşıyıcıları olan bu qədim əlyazma və çap kitablarının ətraflı tədqiqi baxımından kataloqun əhəmiyyəti böyükdür.
Kataloq şərqşünaslıq fakültələrinin tələbələri, müəllim və mətnşünaslar üçün dəyərli mənbədir.
XQ